“Aqil Babayev gözümün içinə diqqətlə baxdı… Bu zaman ayağım yerdən üzüldü, göyə doğru qalxmağa başladım”
Özünü “İmam Mehdi” kimi təqdim edərək, qırx nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirildi.
Hurriyyet.az xəbər verir ki, jurnalistlərin növbəti dəfə prosesdə iştirak etmələrinə qadağan qoyuldu və məhkəmə qapalı keçirildi.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Eldar İsmayılovun sədirliyi ilə keçirilən sonuncu məhkəmə prosesi əvvəlkilərə nisbətən sakit keçdi.
Əldə etdiyimiz məlumata görə, iclasda zərərçəkmişlərdən 2 nəfər dindirilib. Onlardan biri Elnur Mehdiyev, digəri isə Aydın Niftəliyev olub.
Aydın Niftəliyev dindirilən zaman Aqil Babyevin həyat yoldaşının onun dayısı qızı olduğunu bildirib. Onun sözlərinə görə, sadəcə onunla münasibətəri normal olmayıb, araları soyuq olub…
Məlumat üçün bildirək ki, prosesdə “zərərçəkmiş” qismində iştirak edən Zaur və Faiq Abdullayevlər Aydın Niftəliyevin qayınlarıdır. A.Niftəliyevin dediyinə əsasən, Aqil Babayevi qayınlarına görə tanıyıb. Onlardan - Zaur və Faiq Abdullayevlərdən “Aqil Babayev kimdir, nəçidir” deyə soruşub? Zaur və Faiq isə cavablarında Aqil Babeyevi çox ziyalı, dindar bir şəxsiyyət kimi tanıdıblar.
“Man əvvəllər Aqil Babayevi ancaq futbol zamanı görürdüm. Bir gün Aqil Babayevin arxasında mən və Faiq namaz qılarkən ağlıma belə bir sual gəldi ki, niyə mən onun arxasında namaz qılıram ki?.. Namaz bitər-bitməz Aqil Babayev gözümün içinə diqqətlə baxdı və məni sıxaraq dedi ki, “sən mənə inanmırsan”. Bu zaman ayağım yerdən üzüldü, göyə doğru qalxmağa başladım. Həmin vaxt qaynım Faiq məni tutdu və ayıldım. Elə həmin gündən sonra Aqil Babayevin möcüzələrinə inanmağa, hətta onu ata əvəzi görməyə başladım”, - Aydın Niftəliyev deyib.
Dəyərli oxucuların diqqətinə çatdıraq ki, Aqil Babayev Aydın Niftəliyevin oğlu yaşındadır.
A.Niftəliyev daha sona ifadəsinə belə davam edib: “Mən başıma gələnləri digər yoldaşlara da danışdım. Onlar da mənə bildirdilər ki, “sənin yaşadığın nədir ki, biz sənə şəkil göstərəcəyik, şok olacaqsan”. Şəkildə Aqil Babayev tonqalın üstündə oturmuşdu və arxasında 2 ədəd qanadı var idi”.
Aqil Babayevin möcüzələrinə şahid olduğunu bildirən Aydın Niftəliyev prosesdə “onun arxasındakı qanadları” onun mələkləri adlandırıb: “Sonralar Aqil Babayevə sifariş göndərirdim, qəbul etmirdi. O, mənə deyirdi ki, Biləcərdəki evini sat, gəl qibləyə”. A.Niftiyevin sözlərinə görə Aqil Babayev ona 150 kv ev tikdirəcəyini də söz veribmiş. O, həmin vaxt A.Babayevə sual verib ki, qiblə haradır, ondan “qiblə Əhmədlidir” cavabını alıb.
Aydın Niftəliyev iddia edir ki, evini satıb, pulunu Aqil Babayevə verib. Şahid olaraq yanlarında heç kəs olmayıb.
Prosesdə “zərərçəkmiş” qismində iştirak edən şəxslər qadınlarla bağlı qaldırdıqları biabırçı iddialara isə, Aqil Babayevin bağ evində yığışıb, bu söhbətlərə aydınlıq gətirdiklərini qeyd ediblər. Hətta çıxarkən Aqil Babayevə “Allah bəlanı” versin deyiblər.
Elnur Mehdiyev isə öz ifadəsində deyib ki, Aqil Babayevin qeyri-adi cavablarına görə ona inanıb. O, iddia edir ki, Aqil Babayevə 2011-2014-ci illərdə 56 min manat ödəyib. “Sadəcə, sübut etmək üçün şahidim yoxdur. Pulları əlavə qazanc əldə edəcəyimə görə ödəsəm də, sonradan necə olurdusa, qazandığımdan da artıq pulları aparıb Aqil Babayevə verirdim”.
Onu da qeyd edək ki, məhkəmədə “zərərçəkmiş”lərə Aqil Babayevi təhqir etdiklərinə görə protokol tərtib edilib.
Zəkat məsələsi ilə bağlı dindirilən şəxslər isə “zəkatı Rövşən, Polad, Şamil yığırdı, hətta siyahıları da var idi”, - deyə ifadə veriblər.
Aqil Babayev bütün bu ittihamları yalan və oyun adalandırıb. “Aydın Niftəliyevi ildə 1 dəfə görərdim ya görməzdim, mən bilmirəm bunlar bu qədər ssenarini hardan danışırlar”, - deyə A.Babayev vurğulayıb.
Xatırladaq ki, Aqil Babayev özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək insanları aldatmaqda, onların külli miqdarda pulunu, əmlakını ələ keçirməkdə ittiham olunur. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
A.Babayev “İmam Mehdi” ittihamını qəbul etmir. O, “Shaurma N1”in şəriklərindən biri olduğunu, əmlakını, pulunu əlindən almaq üçün bu məsələnin ortaya atıldığını deyir.
Aqil Babayev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
O, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.
Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Hazırladı: Jalə FAMİLQIZI
P.S. Bu deyilənlərdən belə bir nəticəyə gəlmək olur ki, özlərini “zərərçəkmiş” adlandıran şəxslər psixoloji ekspertizadan keçirilməlidirlər. Ölkəmizdə o qədər ciddi hadisələr varkən, məhkəməni nə ilə məşğul edirlər? Aydın Niftəliyevin ciddi psixoloji problemləri olduğu yəqin ki, bu prosesdə iştirak edən hər kəsə aydın olur. Nəzərinizə çatdırım ki, Aydın Niftəliyev əvvəllər Penitensiar Xidmətdə işləyib.
Maraqlı məqamlardan biri də odur ki, “zərərçəkmiş”lər onların qadınlarına, yaxınlarına qarşı əxlaqsız hərəkət etdiyini iddia etdikləri Aqil Babayevlə üzbəüz görüşüb, bu məsələni danışıblar və sakit şəkildə evi tərk ediblər. Yəni heç bir dava olmayıb. Məhkəmə zalımda isə, onu az qala öldürmək istəyirlər. Yəqin ki, mənim kimi, bir çox oxucularda da belə sual yaranacaq: öldürmək və yaxud döymək istədikləri şəxslə bağ evində niyə sakit danışıblar?