Stiv Forbes: “Rusiya prezidenti Baltikyanı ölkələrə də iştahla baxır”
“Forbes” : “Rusiya agent və provokatorlardan istifadə edə bilər”
“Forbes ” jurnalının şef-redaktoru Stiv Forbes Rusiya ilə bağlı maraqlı bir məqama diqqət çəkir: “Vladimir Putinin Ukraynadan sonra Baltikyanı ölkələrə doğru hərəkət edəcəyini söyləyənlər də var. Axı, Latviya, Litva və Estoniyada da rus azlıq yaşayır. Putin Ukraynadakı kimi rus azlığın müdafiəsi adı altında belə bir addım ata bilər. Ancaq belə bir ssenari ağlasığmaz görünür. Çünki hadisələrin bu cür gedişi Avropaya təhlükəsizliklə bağlı ciddi problemlər yaşada bilər və mahiyyətdə mövcud təhlükəsizlik sistemi iflasa uğrayar. Axı bu üç Baltikyanı ölkənin üçü də NATO-nun üzvüdür. Əgər belə bir vəziyyət yaransa, həmişə köməksiz görünən Barak Obama da, Avropanın digər utancaq siyasətçiləri də ciddi qərarlar qəbul etməyə məcbur olacaqlar”.
“Əgər belə bir vəziyyət yaransa, həmişə köməksiz görünən Barak Obama da, Avropanın digər utancaq siyasətçiləri də ciddi qərarlar qəbul etməyə məcbur olacaqlar”
Ancaq “Forbes ” bu ehtimalı tamamilə kənara atmağı da düzgün saymır. Onların düşüncəsinə görə Gürcüstan və Ukrayna hadisələrinə Qərbin reaksiyasından ruhlanan prezident Putin Baltikyanı ölkələr istiqamətində də irəliləməyin mümkünlüyünü ən azı, yoxlamağa qərar verə bilər. Lap elə bilyarddakı sınaq şarı kimi. Əlbəttə, Rusiya prezidenti Baltikyanı ölkələrə qoşun göndərməyəcək. Bunun əvəzində həmin ərazidə agentlərin və provokatorların fəaliyyətini təşkil edə bilərlər. Nəticə o ola bilər ki, yerli iqtisadiyyat gərginlik və təzyiq nəticəsində ciddi sıxıntılar yaşasın. Stiv Forbes yazır ki, şübhəsiz ki, Putin bunu etməyə cəhd göstərəcək.
“ABŞ və NATO belə bir durumda baş verənlərə necə reaksiya verməli olduqlarını müəyyən edə bilməyəcəklər. Ortada açıq işğal faktı olmadan Putin NATO-nun mahiyyətin açıb ortaya qoya bilər”, məqalədə deyilir. O da vurğulanır ki, belə bir vəziyyətdə Qərbin nə etməli olması gün kimi aydın məsələdir, ancaq ABŞ bu işdə təkid və iradə ortaya qoymasa Avropadan yenə səs çıxmayacaq...
“Forbes ” bir az da irəli gedərək Rusiyanın qarşısının alınması üçün öz təkliflərini irəli sürür. Onların düşüncəsinə görə Qərb Ukraynanı gərəkən bütün silahlarla təmin etməlidir, Ukrayna pul vahidinin stabilləşməsi üçün Valyuta Şurası yaradılmalıdır. NATO qoşunları Polşada və Baltikyanı ölkələrdə gücləndirilməlidir. Rusiya oliqarxlarına qarşı maliyyə sanksiyaları daha şiddətli formada həyata keçirilsə yaxşıdır. O cümlədən Rusiya bankları və şirkətləri bu sanksiyalarla boğulmalıdır...
Jurnal tarixi analoq apararaq maraqlı düşüncə ortaya qoyur: “Dollar bir vaxtlar ucuz olduğuna görə Rusiya neft və qaz satışından nəzərdə tutulmayan yüz milyardlarla dollar qazandı. Dolların məzənnəsi stabilləşsə belə bir vəsaitin Rusiyaya axınının qarşısı alınar. Haradasa 1980-ci ildə olduğu kimi. O vaxt prezident Ronald Reyqan 1970-ci ildən başlamış dəhşətli inflyasiyaya son qoydu”.
“Siz də Ronald Reyqan 1980-ci ildə etdiyi kimi, Amerikanın iqtisadiyyatını qaydaya salın, onda bizim nümunə Moskvanın iflasına səbəb ola bilər”, “Forbes ”in şef-redaktoru Stiv Forbes yazır.
Onu da deyək ki, Stiv Forbes Amerikanın siyasi elitasına dədə-babadan daxil olanlardan biridir. Təkcə bir faktı qeyd edək ki, o, Respublikaçılar partiyasından iki dəfə ABŞ prezidentliyinə namizəd olub. “Forbes ” jurnalı da ona babasından miras qalıb. Yəni o, nə dediyinin və nə üçün dediyinin fərqində olan birisidir.
Başqa bir nüans, həftəlik jurnal sözügedən məqalənin ortasına SSRİ-nin gerbini yerləşdirib. Təbii ki, bu da Putinin həqiqi niyyətinin altını bir daha cızmaq üçün edilib...
Elbəyi Həsənli, Sürix