“Hafka” borclu olduğu adamları necə aldadıb? ; Müflis olan iş adamı oğlunun və özünün bahalı maşınlarını “xarab” adı ilə gizlədibmiş; borcunu qaytarmamaq üçün bu cür yolu seçməsindən sonra ona qarşı qəzəb daha da artıb; Mənbə: “O qədər pis vəziyyətə düşüb ki...”
Hafiz Məmmədovun başı üzərindəki “qara buludlar” çəkilmir, əksinə, hər ötən gün onun iflasını daha da yaxınlaşdırır. Avropada futbol biznesinə girişən “Hafka” öhdəliyi yerinə yetirmədiyi üçün məhkəməyə verilib və İngiltərənin ikinci liqasında oynayan “Sheffield Wednesday” klubunun sahibi, serb əsilli iş adamı Milan Mandariç indi ondan nə az-nə çox düz 50 milyon avro təzminat istəyir.
İflası səbəbindən sahibi olduğu “Baghlan Group”a daxil “Bahar enerji” şirkətində ciddi ixtisarlar aparmağa məcbur olan H.Məmmədovu işçiləri də məhkəməyə verib. Bu iddia üzrə də bugünlərdə Nərimanov Rayon Məhkəməsində proses başlayıb. Məlumatlara görə, hazırda da şirkətdə ixtisarlar davam edir. Amma “Hafka” etiraz aksiyalarının qarşısını almaq üçün bu prosesi səssiz-səmirsiz, müxtəlif yollarla aparır ki, kütləvi narazılıq baş verməsin. Şirkətin iflası səbəbindən bir çoxlarının vəzifəsi aşağı salınıb, işçilərin əmək haqları azaldılıb. Bundan əlavə, əmək müqaviləsinin müddəti bitən əməkdaşlarla təkrar müqavilələr bağlanmır. Bəziləri kompensasiya, bir çoxları isə “öz ərizələri” ilə işdən uzaqlaşdırılır.
Şirkətin yerli banklara külli miqdarda borclu olduğu da gələn xəbərlər sırasındadır. Bəzi mənbələrin iddiasına görə, “Baghlan Group”un adına banklardan külli miqdarda vəsait alınaraq başqa istiqamətlərə xərclənib. Məlumatda o da qeyd olunur ki, “Hafka” Beynəlxalq Bankdan da götürdüyü külli miqdarda krediti vaxtından xeyli müddət keçməsinə baxmayaraq geri qaytarmayıb. Bu iş də məhkəmə çəkişməsinə çevrilib...
Dəqiq rəqəm bilinməsə də, söhbətin bir neçə 100 milyon manatdan getdiyini bildirilir. Bankın dəfələrlə xəbərdarlığına baxmayaraq, Hafiz Məmmədov nə əsas kredit borcunu, nə də faizlərə görə yığılıb qalan vəsaiti geri qaytarmayıb.
Vaxtilə Azərbaycanın ən varlı oliqarxlarından biri olan H.Məmmədovun niyə birdən-birə müflis olması və iqtidardakı nüfuzunu itirməsi barədə suallar nə qədər qəribə görünsə də, hələ də açıq qalır. İddialar içərisində o da var ki, “Hafka” bahalı əyləncələri və kazinoda vaxt keçirməyi sevdiyindən hakimiyyətin qəzəbinə gəlib. Xəbərlərə görə, o, var-dövlətinin müəyyən hissəsini kazinoda itirib və hakimiyyət bundan xəbər tutandan sonra onun hesablarına həbs qoyulub.
“Hafka”nın bir neçə oliqarxa da borcu var ki, onlar da indi ciddi şəkildə narahat olaraq pullarını geri istəməyə başlayıblar. Məhz bu səbəbdən son günlər “batmış biznesmenin” borclarını ödəmək üçün mülklərini satdığı barədə xəbərlər artmaqdadır. Onun hətta şəxsi təyyarəsini də satışa çıxardığı deyilir. nın təyyarəsi “Golf stream” markalıdır. Bu təyyarələrin qiyməti modifikasiyasından asılı olaraq 50-100 milyon dollar civarındadır. “Baghlan Group”un Bakının mərkəzində inşa etdiyi yaşayış kompleksində mənzillərin satışına da başlanıb ki, hesablamalara görə, bu vəsait “Hafka”nın banklara olan faiz borcunu ödəməyə ancaq kifayət edər.
Amma bu xəbərlərin fonunda daha bir maraqlı hadisə də baş verib ki, bu da “Hafka”nın durumunu daha da ağırlaşdırıb. Belə ki, Hafiz Məmmədovun Məmməd Araz küçəsindəki (“Milyonerlər məhəlləsi” kimi tanınır) satışa çıxardığı deyilən evinin qarşısında oğluna məxsus bahalı maşınlar medianın diqqətini cəlb edib. “Porşe”, “Mercedes Benz SLS AMG” və daha bir neçə bahalı markalı maşınların toplam dəyərinin 1 milyon dollardan çox olduğu deyilir.
Hafiz Məmmədovun elə bir yalanı üzə çıxıb ki...
Bu xəbərlər tirajlandıqan sonra “Hafka”nın borclandığı adamlar ona “pulumuzu qaytar!” tələbini daha da artırıblar. Qaynağımızın xəbərinə görə, bundan sonra “Hafka” oğlunun və özünün maşınlarını iş adamlarından birinin elit dayanacağında sözün əsl mənasında gizlətməyə məcbur olub. Borclandığı adamlara isə deyib ki, maşınlar heç də işlək vəziyyətdə deyil və satmaq üçün müştəri tapmaq çətindir. Amma kifayət qədər əlaqələri olan borc yiyələri həmin maşınların harada saxlanılmasının izinə düşüblər. Maşınların işlək vəziyyətdə olduğu məlum olanda isə elit dayanacaq sahibi oliqarxların hədəfinə gəlməmək üçün “Hafka”dan təcili maşınları dayanacaqdan çıxarmağı tələb edib. “Hafka”nın yalanının üstünün açılması onu daha da gözdən salıb və indi maşınlar üçün həqiqi müştəri axtarışına çıxıb.
nın borcunu qaytarmamaq üçün bu cür yolu seçməsindən sonra ona qarşı qəzəb daha da artıb. “Hafka”nın hərəkəti həm də belə başa düşülüb ki, o, ümumiyyətlə borclarını qaytarmaq fikrində deyil. Mənbənin sözlərinə inansaq, H.Məmmədov hətta o qədər pis vəziyyətə düşüb ki, yaşadığı evin mühafizəçilərinin belə əmək haqqını verə bilmir, onlardan bir neçəsini işdən çıxarıb.