Naxçıvan aeroportunun dispetçeri Vasif Talıbovun qohumunu döydü, işdən qovdular – Prezidentin Naxçıvandakı nümayəndəsinə ŞOK MÜRACİƏT

27-12-2022, 16:56   


27 il Naxçıvanı əsarətdə saxlayan Ali Məclis sədri Vasif Talıbov 1 həftədir ki, istefa verib. Onun vəzifəyə qoyduğu qohum-qardaşı isə hələ də Naxçıvanda söz sahibidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə edib, hələ də Naxçıvan sakinlərinə qan uddururlar.

Naxçıvan Beynəlxalq Hava Limanının YTQX komandasının dispetçeri vəzifəsində işləmiş İlqar Vaqif oğlu Hacıyev “Yeni Müsavat”a məktubla müraciət edib. O, məktubunda Vasif Talıbovun polis əməkdaşı olan qohumu tərəfindən döyüldüyünü, qanunsuz olaraq polisdə saxlandığı günlərdə iş buraxdığı üçün işdən qovulduğunu yazır. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə müraciət etməklə kömək istəyir:

“01.12.2022 il tarixdə saat 18:00 radələrində (Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Şahin Novruzov tərəfindən Naxçıvan Şəhər Polis İdarəsinə aparılmışam. Mənə məxsus telefonum əlimdən alındığı üçün iş yerimə məlumat verə bilmədim. Naxçıvan ŞPİ rəisi (mayor)Elvin adlı şəxsin dediyinə görə iş yerimə(Hava Limanına) məlumat verilibdi ki, işçiniz pois idarəsindədir. Haqqımda olan şikayət araşdırıldıqdan sonra və şikayət edən tərəf şikayəti geri götürdükdən sonra qanunsuz şəkildə məni 2 gün müddətində səhər 8-dən axşam 9-a qədər, hətta 10-a qədər Polis İdarəsində saxladılar. Şikayətin geri götürüldüyü və günahsız olduğum üçün haqqımda inzibati və cinayət işi açılmadı.02.12.2022 il tarixdə Naxçıvan Beynəlxalq Hava Limanın direktoru Mənşur Gülməmmədlinin tapşırığı ilə kadr üzrə mütəxəssis Ayşən Əsədova məni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməmə) işimə xitam verərək məni işdən azad edib. Bir daha bildirmək istəyirəm ki, işə 12 saatlıq növbəmə getməmə və işə zəng vurub məlumat verə bilməmə səbəbim polis idarəsində üzrlü səbəbdən olmağımdır.

Hörmətli Fuad Nəcəfli,

Xahiş edirəm ki, atasız, gənc və ailə başçısı olmağımı nəzərə alasınız. Xahiş edirəm ki, məni işimə bərpa etmələrini, əmək kitabçamda yazılan maddəni silmələri haqda göstəriş verəsiniz. Heç bir işə girə bilmirəm”.

Məktub müəllifi Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli barəsində də tədbir görülməsini xahiş edir:

“01.12.2022 il tarixdə 18:00 radələrində Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Şahin Novruzov tərəfindən Naxçıvan ŞPİ-nə aparılmışam. Mənə məxsus telefon qanunsuz şəkildə əlimdən alındığı üçün valideynimə və iş yerimə məlumat verə bilmədiyim üçün məni işdən azad etdilər. Haqqımda olan şikayət araşdırıldıqdan sonra və şikayət edən tərəf şikayəti geri götürdükdən sonra məni qanunsuz şəkildə  2 gün polis idarəsində saxladılar və mənə növbətçi hissənin adını bilmədiyim serjantı yaxınlaşaraq: “rəis əvəzi mayor Elvin Səfərlinin göstərişidir, ŞPİ ərazisindəki yarpaqları get süpür” dedi. Mən imtina etdiyim halda isə növbətçi hissənin rəisi (mayor) Sərxan məni ŞPİ-nin binasının daxili təhlükəsizlik kamerasının qarşısında qolumu burub pilləkənlərdən aşağı itələdi və saxlanma yerində məni döyərək başıma zərbə endirdi. Orda olan serjantlar və oranın çayçısını işlədən şəxslər mübahisəni sonlandırdı. Ordakı polis işçilərinin dediklərinə görə Sərxan Naxçıvan MR keçmiş sədri Vasif Talıbovun qohumudur, ona heç kim, heç bir söz demir, o qoçudur. Mənə qarşı əsassız şikayət geri götürüldüyü halda, 2 gün müddətində ŞPİ-nin rəis əvəzi Elvin Səfərli tərəfindən Polis İdarəsində saxlanıldım. Polisdə saxlanılırdım deyə işə gedə bilmədim və işdən qanunsuz yerə azad olundum. Naxçıvan Hava Limanında işləyirdim. Məhkəmə qərarı olmadan Cinayət Axtarış Şöbəsinin əməkdaşları Abbas və Şirxan telefonuma baxış keçirib. Xahiş edirəm ki, Elvin Səfərli və Sərxan adlı şəxslər barəsində tədbir görəsiniz. Qanunvericilik hüquq-mühafizə orqanlarının işçilərinə sənədlərin yoxlanılmasını həyata keçirmək hüququ verir. Ancaq mobil telefon bu kateqoriyaya aid deyil. Bu konfidensial məlumatı daşıyan şəxsi əşyadır. Vətəndaş məhkəmənin qərarı olmadığı təqdirdə telefonu yoxlamaq və ya verməməyə qərar vermək hüququna malikdir. Əgər polis əməkdaşı məlumatı öyrənmək üçün telefonun açılmasını tələb edirsə, o, protokol tərtib etməlidir, hansında ki, məhz hansı məlumatlar onu maraqlandırması barədə qeyd olmalıdır. Telefonunda olan yazıları, foto, video, şəxsi məlumatını və onun məzmununu özbaşına nəzərdən keçirmək hüququna malik deyil”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.