Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə 43 saylı məktəb -liseydə şagirdə qarşı fiziki zorakılıq edilməsi haqqında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, liseydə monitorinq keçirilib.
7p sinfinin şagirdləri monitorinqdən çıxan zaman oğlanlardan birinin sürətli hərəkət etməsi müəllimənin xoşuna gəlməyib. Həmin sinfin valideynlərinin məlumata görə, monitorinqi keçirən müəllim (uşaqlar onun adını bilmədiklərini deyiblər-red.) həmin oğlanın üzünə şillə ilə möhkəm vurub.
Şillənin zərbəsi o qədər güclü olub ki, şagirdin sifətində izi qalıb. Bundan başqa həmin şagirdin tərbiyəli, nümunəvi şagird olduğunu və bununla bağlı valideynlərin məktəbə gedəcəyini qeyd ediblər.
Məsələ ilə bağlı sözügedən məktəbdən Cebhe.info-ya bildirilib ki, məsələ ilə bağlı aparılan araşdırmanın nəticəsi məlum olub:
"Valideyn tərəfindən sosial şəbəkədə Məktəb-Lisey Kompleksinin VII sinfində təhsil alan övladının (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) fiziki təzyiqə məruz qalması ilə bağlı yayılan məlumat məktəb rəhbərliyi tərəfindən araşdırılıb. 27.12.2022-ci il tarixdə məktəbdə VII və IX siniflər üzrə monitorinq (riyaziyyat, tədris dili, ingilis dili fənləri) təşkil olunub. Monitorinq zamanı prosesə qeyri-ixtisas müəllimləri nəzarətçi qismində cəlb edilib".
Məlumatda qeyd olunur ki, şagirdlə müəllimin qəfil toqquşub və şagirdin üzünə sual kitabçası toxunub:
"Qeyd olunan sinfin şagirdləri digər siniflərdə monitorinqin bitdiyini əsas gətirərək müəllimdən prosesi sonlandırmasını istəyiblər. Müəllim sual kitabçalarını toplayıb dəhlizə çıxıb. Sonra digər sənədlərin sinifdə qaldığını xatırlayaraq geri qayıdan zaman sürətlə sinfi tərk edən şagird qapıda onunla toqquşub və sual kitabçaları məktəblinin üzünə toxunub. Müəllim şagirdin zədə almadığını müəyyən edib və evə yola salıb".
Təhsil müəssisəsdən bildiriblər ki, məktəb rəhbərliyi tərəfindən şagirdlə söhbət aparılıb və valideyni məktəbə dəvət olunub. Sözügedən müəllimdən izahat alınıb, məsələ məktəb həmkarlar təşkilatının müzakirəsinə çıxarılıb.
Günay Şahmar
Cebhe.info