Putin Rusiyası ABŞ-Çin məngənəsində

17-09-2014, 11:25   
Putin Rusiyası ABŞ-Çin məngənəsində«Ukraynaya qarşı hərəkətləri ilə o, dünya birliyinin etimadını sonadək xərclədi»

«Dünya maliyyə bazarı ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasından daha çox qorxur, nəinki Putinin T-90 tanklarından»

Bu təhlil bu ilin martın 26-da “The Telegraph” dərgisində yayımlanmış və Rusiya müstəqil mətbuatı onun tərcüməsini dərc etmişdi. Son günlər Rusiya müstəqil mətbuatı bu yazını yenidən yayımlayır, belə ki, məqalədə verilmiş proqnozlar heyrətamiz surətdə özünü doğrultmaqdadır. Məqaləni cüzi ixtisarla təqdim edirik. Vladimir Putin beynəlxalq münasibətlərin qaydalar kitabını cırarkən Çinin razılığını almadı və bununla dəhşətli strateji yanlışlığa yol verdi. Qərbin sanksiyalarının ağrısını azaltmaq məqsədilə Pekini müttəfiq kimi ələ almaq, bununla da, Kremlin ağrısız qələbə və ümumiyyətlə, hansısa qələbə ümidləri məhvə məhkumdur.

Putin Krımla bağlı qələbə nitqində, guya ki, göstərilmiş dəstəyə görə Çinin Siyasi Bürosuna minnətdarlıq bildirdi. Xarici işlər naziri Lavrov özünəməxsus elastikliklə “Rusiya və Çinin Ukraynadakı vəziyyətlə bağlı baxışlarının üst-üstə düşdüyünü” dedi.

Bu, əlbəttə, ağ yalan idi. Təhlükəsizlik Şurasında Krım üzrə səsvermə keçirilərkən (Suriya ilə bağlı olduğu kimi) Çin Rusiyanın tərəfini tutmadı. Çinin Xarici Işlər Nazirliyi bildirdi ki, “Çin həmişə istənilən dövlətin daxili işlərinə müdaxilə edilməməsi prinsipinə sadiq olub, Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edir”.

Biz dəqiq bilmirik, Xi Cinpinq Haaqada prezident Obama ilə görüşü (2014-ün mart ayında olan görüş nəzərdə tutulur - tərc.) zamanı nə danışıb. Amma yəqindir ki, onun məsələyə münasibəti Kremlin dəlisov mövqeyi ilə heç bir ortaq nöqtədə kəsişmir. ABŞ Dövlət təhlükəsizliyi müşavirinin köməkçisi Ben Rhodes həmin danışıqlardan sonra bəyan etdi ki, Rusiya bundan sonra “ənənəvi müttəfiqinə” (Çin nəzərdə tutulur - tərc.) arxayın olmamalıdır.

Belədirsə, Putin çıxılmaz vəziyyətdədir. Əgər Şərqi Ukraynaya hərbi qüvvələr göndərəcəksə, yaxud hətta rusdilli Donbasda agent-provakator şəbəkəsindən istifadə etməklə xaos yaratmağa çalışacaqsa, Amerika maliyyə güclərinin boğucu fəndindən xilas olacağına ümid etməməlidir.

Çinlə birlikdə Avrasiya bloku (nəhəng təbii resurslara nəzarət edən avtoritar rejimlər liqası) qurmaqla Qərbin qarşısında dayana biləcəyinə də ümid etməməlidir. Vəziyyətin belə alınması Amerikanın tükəndiyini, Amerika dollarının Avrasiya qızıl pulu ilə əvəz ediləcəyini gözləyənlər üçün acı xəyal qırıqlığıdır.

Reallıq budur ki, Çin hər vəchlə Rusiyanın Orta Asiya qaz ehtiyatları üzərində nəzarət inhisarını aradan qaldırmağa çalışır. Türkmən qazı həmişə şimala daşınıb, “Qazprom”un qiymət siyasətinin girovu olub. Indi o, şərqə daşınır. 2013-cü ilin sentyabrında Xi Cimping Qalkınış yatağından Çinə çəkilmiş 1800 kilometrlik kəmərin açılışında şəxsən iştirak etmişdi. Bu xətt gözlənilən verim həcminə görə dünyada ikincidir (26 trilyon kubmetr).

Hər il bu kəmərlə 62 milyard kubmetr qaz nəql olunacaq. Bu, “Qazprom”un Avropaya nəql etdiyinin yarısı qədərdir. Eyni vəziyyət Qazaxıstanda da yaranıb. Orda Çin şirkətləri enerji sənayesinin böyük hissəsini nəzarətə alıb. Wikileaks-in açıqladığı Orta Asiyaya aid diplomatik yazışmalarda bu məsələlər də öz əksini tapmışdı. Britaniya diplomatı 2010-cu ilə yazırdı ki, ruslar onların Orta Asiyada enerji dominantlığının Çinin sayəsində necə əldən çıxdığını “ağrı” ilə izləyirlər.

Həmin yazışmaların birində Çinin Qazaxıstandakı səfiri Ceng Guopingə istinadən yazılıb ki, Çin və Rusiyanın götürdüyü kurs toquşmaya aparır və bu toqquşmada geri çəkilən dövlət Çin olmayacaq. “Gələcəkdə orta Asiyada böyük dövlətlərin münasibətləri incə və mürəkkəb olacaq. Yeni neft və qaz kəmərləri enerji ixracına olan Rusiya inhisarını aradan qaldırır”.

Ceng Guoping bölgədə ABŞ-ın rolunu müsbət qiymətləndirməklə yanaşı, qeyd etmişdi ki, “regionda Rusiya inhisarını aradan qaldırmaq” məqsədilə, Şanxay Əməkdaşlıq qrupunun (bu qurum AB/NATO vektoruna cavab kimi nəzərdə tutlmuşdu) danşıqlarında NATO müşahidəçi qismində iştirak etməlidir.

SSRI/Çin vektoru 1960-cı illərdə bir ara təhlükəli birlik hesab olunurdu. Lakin Henri Kissincer hələ o zamanlar qeyd etmişdi ki, bir-birinə zidd olan bu iki mədəniyyətin birliyi alına bilməz, onlar arasında bütün sərhəd boyunca problem var. 2006-cı ildə yazıçı Akihero Ivasita bunu daha lakonik ifadə etmişdi: “Dörd min kilometrlik problem”.

George Uolden özünün kiçik həcmli kitabında (“China: A Wolf in the World?” - “Çin: dünyada bir canavarmı?”) bu ölkələr arasında dərin etimadsızlığı əla təsvir edib. O, əvvəl Rusiyada, sonra Çində diplomat işləmişdi. Uolden Çində mədəni inqilab dövründə yaşamış azsaylı qərblilərdən biri olaraq, bu iki marksist qardaşın bir-birinə necə nifrət etdiyini bilavasitə müşahidə etmişdi. Və həqiqtən də, onlar bir zaman nüvə müharibəsi astanasına gəlib çıxmışdılar. Həm MKI, həm də Dövlət Departamenti onun hesabatlarına məətəl qalmışdılar. Mao dövründə onların Çində məlumat mənbələri yox həddində idi.

Uolden qeyd edir ki, çinlilər Şərqi Sibirin işğal olunmasını (çar Rusiyası dövründə) heç vaxt ruslara bağışlamayacaq. Onlar üçün bu, “itirilmiş torpaqlardır”. Onlar itirilmiş mülkü geri qaytarmaq niyyətindədir və onu Amuryanı məskənlərin etnik əhalisi ilə birlikdə geri qaytaracaqlar.

Şərqi Sibirin əhalisi son 20 ildə 8 milyondan 6,3 milyona azalıb. Bu rəqəmlər arxasında transsibir magistralı boyu uzanan boşalmış şəhərlər dayanır. Rusiya şərq macəralarından bəhərlənə bilmədi. 1,4 əmsallı doğum səviyyəsi və xroniki alkoqolizmin təsiri ilə Rusiya əhalisinin 2050-ci ilədək 30 milyon azalıb, 110 milyonda qərarlaşacağı gözlənilir (BMT-nin statistikasına görə, Putinin demoqrafları başqa fikirdədir, əlbəttə). Əhali Qədim Moskvanın Avropa istehkamına doğru çəkiləcək. Məsələ ondadır ki, bu, nə qədər tez və nə qədər dinc şəkildə baş verəcək.

Çin üzrə ekspert Conatan Fenby mötəbər mənbələrə əsaslanaraq yazır ki, Çinin Milli Təhlükəsizlik Şurasında bir fraksiya var ki, onlar Ukrayna məsələsində Rusiyanı dəstəkləmək və bunun əvəzində Rusiyadan qaz, faydalı qazıntılar və ərzaq alışında daha sərfəli şərtlər qazanmaq istəyirdilər. Lakin Xi Cinping bunu qəbul etmədi. O, daha məharətli strateji oyuna üstünlük verir.

Çin, çox güman ki, daha tədbirli olmağa çalışacaq, öz gücündən ehtiyatla istifadə edəcək, öz vaxtını səbrlə gözləyəcək. Ukrayna böhranı dərinləşərsə, Çin qəti seçim etməli olacaq. Çox az ehtimallıdır ki, Xi Cinping Moskvadakı miskin və səriştəsiz rejimi xilas etmək naminə Amerika-Çin “Böyük Ikiliyindən” imtina etsin.

Putin nəhayət başa düşməlidir ki, Rusiyanı təcrid etmək nə qədər acınacaqlı olacaq və onun hər bir növbəti hərəkəti nə qədər təhlükəlidir. Hətta Angela Merkel kimi hər zaman bağışlamağa meyilli lider belə hövsələdən çıxıb, “etimadın qaçılmaz itkisindən” şikayətlənir. 2009-cu ildən başlayaraq yanacağı iki istiqamətdə nəql etmək üçün kəmərlər yenidən işlənmişdir ki, zəruri hallarda ehtiycı olan sərhəd ölkələri təmin etmək mümkün olsun. AB-nin səkkiz ölkəsi maye qaz terminallarına sahibdir. Daha iki ölkə - Polşa və Litva bu il kluba qoşulacaq.

Mart ayında keçirilən AB sammitində qəti çağırış olundu. Rəsmilərə göstəriş verildi ki, 90 gün ərzində “Qazprom”dan asılılığın azaldılması üçün plan hazırlasınlar. Hətta bu dəfə də alınmasa, Avropa yaxın gələcəkdə başqa enerji mənbələrinin axtarışı istiqamətində radikal addımlar atacaq. Yaxın 10 il ərzində Rusiyadan idxal yarıbayarı azaldılacaq.

Bu ilin birinci rübündə Rusiyadan kapital axını 70 milyard dollar oldu. Rusiya Mərkəzi Bankı monetar siyasəti sərtləşdirmədən rublun kursunu saxlamaq iqtidarında deyil. Amma bu da bir tərəfdən tənəzzülü dərinləşdirəcək. Rusiya bankları və müəssisələri yaxın 12 ayda 155 milyard dollar həcmində xarici borcu bağlamalıdılar. Özü də, hazırda bu kreditlər üzrə ödənişlər 200 bazis punkt üzrə yüksəlmişdir.

Putin hələ indi başa düşür ki, dünya maliyyə bazarı ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasından daha çox qorxur, nəinki onun T-90 tanklarından. Hər hansı rus oliqarxının Rusiyadakı şirkətinə tətbiq olunan sanksiyalar bu şirkəti dünya kapital bazarından çıxarmağa və sonunda defolta uğratmağa qadirdir. Qərbdəki kreditorlar da ziyana düşəcək, lakin söhbət milli təhlükəsizlikdən gedirsə, belə şeylər ikinci plana keçir.

Putin həm də, öz xatakarlığı üçün uğurlu məqam seçmədi. Hazırda Avropanın heç vaxt olmamış qədər böyük qaz ehtiyatı var.

Yaxın gələcəkdə neftin qiyməti düşəcək. Iraq neft hasilatını son 35 ildə ən yüksək həddə çatdırıb. ABŞ slans neftinin hasilatını günbəgün artırır. Liviya ixracatı bərpa etməkdədir. Beynəlxalq Enerji Agentliyinin statistikasına görə, fevral ayında dünya hasilatı gündəlik 600 min barrel artmışdır. “Deutsche Bank” bazarda tezliklə artıqlıq yaranacağını pronozlaşdırır. Eyni proqnozu Çinin “Sinopec” şirkəti də verir. Putinin büdcə ehtiyacları üçün neftin barreli 110 dollar olmalıdır. Amma o, tezliklə 80 dollar reallığı ilə üzləşə bilər.

Gec-tez, Putin Rusiyanı orta gəlir tələsinə məhkum edəcək. Möhtəşəm neft bumu arxada qaldı. Rusiyanın mühəndislik vərdişləri ölü vəziyyətdədir. Sənaye “holland sindromu”na yoluxub. Xammal ixracatına, yüksək qiymət gözləntilərinə arxayınlıq sənayeni ific duruma salıb.

Ukraynaya qarşı hərəkətləri ilə o, dünya birliyinin etimadını sonadək xərclədi. Almaniyanı oyuncaq dövlət sandı, Çini böyükdən-böyük zənn etdi. Krımı əldə etdi, əvəzində Kremli növbəti onillik üçün (ola bilsin bütöv bir nəsil üçün) məzlum duruma saldı və çox güman, Ukraynanı həmişəlik itirdi. Bir sözlə, mümkün ola bilən ən uğursuz seçimi etdi.

Tərcümə: Ruslan Köçərli
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.