Terrorçu lider Həsənşam kəndindəki döyüşlərdə məhv edilib
İŞİD terror qruplaşmasının Mosul komandiri məhv edilib.
ANS PRESS-in məlumatına görə, Peşmərgə qüvvələrinin ABŞ hava qırıcılarının dəstəyi ilə Mosulun Həsənşam kəndi və ətrafında İŞİD terrorçuları ilə qarşıdurması yaşanıb. Baş verən döyüşlərdə İŞİD-in Mosul şəhəri üzrə hərbi əməliyyatlarında cavabdeh şəxs hesab edilən “Əbu Abdullah” ləqəbli Yasin Əli Süleyman Salaşın öldürüldüyü bildirilir.
O, Mosuldakı bütün terrorçuları idarə edirdi və eyni zamanda, yezidi qızların da qaçırılmasında bir nömrəli səbəbkar olaraq göstərilirdi. Salaş 2007-ci ildə Ərbildə daxili işlər nazirliyinin binasına təşkil edilən bombalı hücumu da planlaşdıran şəxs olduğu bildirilir. Bu kimi bir çox teraktlarda günahlandırıldığı üçün 2010-cu ildə ABŞ ordusu tərəfindən yaxalanaraq, İraq təhlükəsizlik qüvvələrinə təslim edilib. Məhkəmə onun haqqında ömürlük həbs qərarı verib. Lakin Salaş 2013-cü ildə saxlanıldığı Əbu Qüreyb həbsxanasından qaçmağı bacarıb. Daha sonra isə bir qrup terrorçulara qoşularaq Suriyaya keçib və orada İŞİD-lə əlaqə qurub.