Vladimir Putinin Federal Məclisə müraciəti başlayıb.
“AzPolitika.info” xəbər verir ki, Rusiya başçısı Ukraynadakı müharibəni nəzərə alaraq, çıxışına “səliqəli, addım-adım davam edəcəyik” deyərək, başlayıb.
Putinin çıxışının əvvəli növbəti dəfə Qərbə ünvanlanan ittihamlardan ibarət olub. O, Ukrayna ilə bağlı müharibəyə qədər aparılan danışıqlarda Qərbin Rusiyanı aldatdığını bildirərək, onları “vicdansız” adlandırıb və iddia edib ki, Rusiya ötən ilin fevralında savaşa başlamasaydı, Ukrayna Donbasa, hətta Krıma hücum edəcəkdi.
Putin bir daha bildirib ki, müharibəni Rusiya yox, Ukrayna və Qərb başlayıb. Rusiya isə guya bu müharibəni güc tətbiq edərək, dayandırmağa çalışır.
“AzPolitika.info”
***
Rusiya Prezidenti Vladimir Putinin bütün dünyada maraqla izlənilən xalqa müraciəti başlayıb.
Putin hakim elitanın və deputatların qarşısında çıxış edir. Rusiya lideri ABŞ və Avropanı ittiham edir və müharibənin davam edəcəyinin mesajını verir.
***
“Rusiya Prezidenti Vladimir Putinin xalqa müraciəti böyük hadisə sayıla bilər. Bu, rus qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsinin ildönümünə üç gün qalmış baş verəcək, üç gündən sonra müharibə ikinci ilinə qədəm qoyacaq. Putinin müraciətindən düz bir gün əvvəl ABŞ Prezidenti Co Bayden Kiyevə gözlənilməz səfər etdi. Amerika lideri Rusiyanın suveren dövlətə vəhşicəsinə hücumunu pisləyib və Ukraynanın suverenliyini müdafiə etməkdə ona tam dəstəyini ifadə edib”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Radio Svoboda”da dərc olunan redaksiya məqaləsində bildirilir.
Məqalədə qeyd olunur ki, Rusiya konstitusiyası prezidentin parlamentə illik müraciət etməsini tələb edir və Putin bunu 2021-ci ilin aprelindən bəri etmir. Onun çərşənbə axşamı çıxışından sonra, ertəsi gün Rusiya parlamentinin hər iki palatasının fövqəladə iclasları toplanacaq, axşam saatlarında isə Moskvada kütləvi mitinq-konsert keçirilməlidir.
“Radio Svoboda” qeyd edir ki, Ukrayna ilə müharibənin erkən bitməsinə dair heç bir əlamət yoxdur. Rusiyada müxalifətçilərə qarşı təzyiqlərin davam etdiyini nəzərə alsaq, ekspertlər Putinin çıxışının məzmunca zəngin olmayacağını düşünürlər.
Keçən il uğursuzluqlarla üzləşən və təcavüzün ilkin dövründə ələ keçirilən Ukrayna ərazilərinin bir hissəsini itirən Rusiya son həftələr Ukraynanın şərqində, əsasən də Donetsk və Luqansk vilayətlərində yeni hücumlar həyata keçirir.
Hərbi analitiklər bildirirlər ki, Rusiya hərbçiləri böyük itkilər verir, tədricən irəliləmək və yeni ərazilərin işğalı onlara böyük çətinliklə başa gəlir. Ukrayna Baxmut şəhərini saxlamağa davam edir və Uqledar uğrunda gedən döyüşlərdə əhəmiyyətli itkilər Rusiya hərbçiləri üçün işlərin planlaşdırıldığı kimi getmədiyini təsdiqləyir.
Ola bilsin ki, Putin Baydenə bazar ertəsi Kiyevdə etdiyi müraciətdə deyilən sözlərə tutarlı cavab vermək istəyəcək.
“O, təxminən bir il əvvəl işğala başlayanda Ukraynanın zəif olduğunu, Qərbin isə parçalandığını düşünürdü. Lakin o, çox yanıldı”, - Bayden fevralın 20-də Kiyevə səfəri zamanı deyib.
Bayden Putinin adını çəkməyib.
Qeyd edək ki, Putinin xalqa müraciət Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Rasim
“AzPolitika.info”