Xəbər verdiyimiz kimi, Rusiya-Ukrayna müharibəsinin ildönümünə bir neçə gün qalmış ABŞ prezidenti Co Bayden Kiyevə qəfil səfər edib və Ukraynanı dəstəklədiyini bir daha bəyan edib.
Musavat.com xəbər verir ki, bu gün dünya mətbuatında sürpriz səfərin pərdəarxası ilə bağlı maraqlı detalların yer aldığı materiallar dərc olunub.
Britaniyanın "Daily Mail" qəzetində yer alan xəbərə görə, müharibənin ildönümündə Polşaya gedəcəyi açıqlanan, lakin gözlənilmədən Kiyevə gedən ABŞ prezidenti Baydenin təyyarəsi bazar günü səhər saat 04:15-də havaya qalxıb, bundan sonra Ağ Ev Rusiyaya səfərlə bağlı məlumat verib.
Milli təhlükəsizlik müşaviri Ceyk Sullivan məlumatı təsdiqləyib və ABŞ-ın Rusiyanı xəbərdar etmə səbəbinin “mümkün münaqişənin qarşısını almaq” olduğunu bildirib, lakin görüşün təfərrüatlarını açıqlamaqdan imtina edib.
Qəzet Baydenin səfərinin son ana qədər gizli saxlandığını, əməliyyatın arxasında həssas planlamanın olduğunu yazıb. "Daily Mail" prezidentin gizli marşrutunu açıqlayıb (aşağıdakı şəkildə).
"Daily Mail"in xəbərinə görə, Bayden aylardır Kiyevə getmək istəyib və son qərarı özü verib.
"CNN İnternational"ın xəbərinə görə, bazar günü səhər saat 4:15-də prezident təyyarəsi Air Force One əvəzinə Hava Qüvvələri C-32 təyyarəsi ilə Vaşinqtonu gizlicə tərk edən Baydenin yanında yüksək səviyyəli məsləhətçilərdən ibarət kiçik bir qrup, müxbir və fotoqraf olub.
BBC iddia edir ki, təyyarədə olan jurnalistlər gizlilik andı içib və onların mobil telefonları götürülüb.
Təyyarə Polşaya getməzdən əvvəl Almaniyadakı ABŞ bazasında yanacaq doldurub. Polşadan Ukraynaya dəmir yolu ilə yolu ilə gedən prezidentin səfəri düz 10 saat çəkib. Qatardan düşəndən sonra Bayden xüsusi karvanla Ukrayna lideri Zelenskinin yanına gedib.
“The New York Times” isə yazır ki, prezidenti qorumaq üçün onun yanında məxfi xidmət agentləri olmasına baxmayaraq, anonim qatarla səyahət “böyük qumar”dır. Həmçinin bu, “Moskvaya meydan oxumq” kimi başa düşülür.
Baydenin səfərindən danışan və adının açıqlanmasını istəməyən yüksək vəzifəli bir məmurun sözlərinə görə, Bayden qatar səfərində yatmaqda çətinlik çəkib və bu zaman vaxtını çıxışını hazırlamağa sərf edib.
Qeyd edək ki, Bayden Ukraynada verdiyi açıqlamada Zelenski ilə görüşündə uzaqmənzilli silahların gündəmdə olduğunu bildirib və Kiyevə veriləcək yeni yardım paketinin 500 milyon dollar dəyərində olduğunu vurğulayıb.
Musavat.com