Rusiyanın Perm vilayətinin deputatı, Qərbin “qeyri-ənənəvi dəyərlərinə” qarşı mübarizənin alovlu carçılarından olan Vladimir Plotnikovun eyni vaxtda 3 ailəsi olduğu ortaya çıxıb. Xalqın seçilmiş nümayəndəsi onların hər birilə növbə ilə xarici ölkələri gəzir.
Musavat.com xəbər verir ki, bu barədə “idelrealii” saytı məlumat yayıb.
Qeyd edək ki, Vladimir Plotnikov daim ölkədə senzuranın tətbiqindən və “ideologiyanın tərbiyəsi” ilə məşğul olmağın vacibliyindən danışır. Onun sözlərinə görə, ruslar Qərbə baxmağı dayandırmalı, öz adət-ənənələrinə müraciət etməli və vətənlərini sevməlidirlər. Plotnikov hesab edir ki, Rusiyaya din lazımdır və indi şeytanla Tanrı arasında mübarizə gedir. İblis isə Qərbin özüdür.
Rusiya sosial şəbəkələri isə “vətənpərvər” deputatın başqa şakərlərini üzə çıxarıb. Əvvəlcə məlum olub ki, Ukraynaya qarşı açılan savaş sırasında, on minlərlə əsgərin öldüyü bir zamanda Vladimir Plotnikov tez-tez xarici kurortlara gedib. Daha sonra onun eyni anda 3 mülki nikahdan Svetlana, Anastasiya və Yelena adlı xanımlarının olduğu ortaya çıxıb. “Vətən aşiqi” bu deputatın Svetlanadan iki oğlu, Anastasiyadan iki övladı, Yelenadan isə bir qızı var.
Sosial şəbəkələrdəki fotolara əsasən müəyyən etmək olar ki, Plotnikov ailələrinin hər biri ilə növbəli şəkildə və bir neçə gün fərqlə dünyanı gəzməyi sevir. Deputatın xanımları “Louis Vuitton” ruhunda bahalı geyimlərə üstünlük verirlər və bəzən hətta demək olar ki, eyni xəz paltolar geyinirlər. 2021-ci il üçün gəlir hesabatına görə, Vladimir Plotnikov Perm Şəhər Dumasının ən zəngin deputatı olub. Onun gəliri 221 milyon rubl təşkil edib. Bundan əlavə, Plotnikovun ümumi sahəsi 18,8 min kvadratmetr olan 8 torpaq sahəsi , 2 yaşayış mənzili (520,3 və 418,6 kvadratmetr) və İspaniyada bir mənzili (118,5 kvadratmetr) var.
Musavat.com