“Ermənistan baş naziri Nikol Paşinyanın ölkədəki nüfuzlu şəxsləri həbs etdirməsi, habelə özünə sərf etməyən adamlara qarşı cinayət işləri açdırması, o cümlədən onlara qaşrı müxtəlif hüquqi təqibləri həyata keçirməsini “təmizləmə siyasəti” adlandıra bilərik”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
O, Ermənistan İstintaq Komitəsi tərəfindən saxlanılan general-mayor Qriqori Xaçaturovun, habelə bundan əvvəl bir sıra sabiq müdafiə nazirləri və generallara qarşı "siyasi repressiyalar"dan söz açıb:
“Bu yaxınlarda da Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanla bağlı da parlamentdə qərar qəbul olundu, Ohanyanın deputat toxunulmazlığı ləğv edildi. Qriqori Xaçaturovla bağlı olan proses də eyni siyasətdir. Çünki vaxtilə ata Yuri və oğul Qriqori Xaçaturovlar Paşinyan iqtidarına qarşı çıxıblar. İndi də Paşinyan və onun ətrafı gələcəkdə də problemə çevrilə biləcək qüvvələri təmizləməklə məşğuldur”.
E. Xalidbəylinin sözlərinə görə, Paşinyan hakimiyyəti həm siyasi, həm də hərbi elitada Rusiyaya bağlı olduğu düşünülən və eyni zamanda guya Ermənistanın Qərbə inteqrasiyasına problem yarada biləcək, eləcə də Ermənistanın daxilində hakimiyyətə qarşı hansısa etiraz dalğasına dəstək verə biləcək qüvvələri tədricən siyasi və hərbi səhnədən təmizləməklə məşğuldur:
"Bu, Ermənistanda demokratiyanın deyil, avtoritar idarəçiliyin qurulmasına yönəlmiş fəaliyyətdir. Paşinyan “təmizləmə siyasəti”ndə öz hədəflərinə çatmış kimi görünür. Növbə artıq daha nüfuzlu adamlara çatıb. Bundan sonrakı mərhələ isə böyük ehtimalla prosesin yekunlaşdırılmasından ibarət olacaq. 1-2 ilə Ermənistanda tam avtoritar bir dövlətin olduğunu müşahidə edəcəyik. Mənə elə gəlir ki, Paşinyan növbəti seçkilərdə Konstitusiyanı dəyişərək prezident üsul-idarəsinə qayıtmaq niyyətinə düşə bilər”.
Rafi MÜSLÜMOV