Tanınmış hərbi analitik Aqil Rüstəmzadə Ukraynanın “Fokus” portalına müsahibəsində cəbhədəki vəziyyət, Qərbin hərbi yardımları, yeni hücum briqadalarının yaradılması, Soledarın itirilməsi, müharibənin bundan sonrakı gedişatından danışıb.
“AzPolitika.info” müsahibəni ixtisarla təqdim edir:
- Bu yaxınlarda RUSİ İnstitutu bir hesabat dərc etdi ki, Rusiya ordusu Kiyevə yaxınlaşarkən qüvvələrin nisbəti 12-yə 1 idi. Ukrayna ordusu niyə bu döyüşü uduzmadı? Bu gün hər kəs deyir, ruslar necə döyüşməyi bilmirlər, maddi-texniki təminatları zəifdir, ona görə məğlub oldular. Amma təfərrüatları öyrənəndə məlum olur ki, vəziyyət təxminən bərabər idi. Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtını mühasirəyə alıb, ora daxil ola bilərdi. Buna baxmayaraq, onlar uğur qazana bilmədilər. Siz necə düşünürsünüz, ruslar niyə Kiyevdən geri atıldı?
- Qüvvələr balansını müqayisə etməyi düzgün hesab etmirəm. Mən özüm onlarla adam tanıyıram ki, pulemyot, silah tapıb işğalçılara müqavimət göstərmək qərarına gəldilər. Düşmənə qarşı belə döyüş təcrübəsi azdır. Əslində bu, xalqın müqaviməti idi, təkcə ordu döyüşmürdü. Mən bu barədə hələ də düşünürəm. Bəli, vəziyyət kritik idi, lakin Ukrayna xalqının mətanəti uğurun əsas səbəbi oldu.
- Yəni insan faktoru rol oynadı?
- İnsan amili, Ukrayna xalqının şüuru. Biz hamımız sadə vətəndaşların necə təşkilatlanmasının canlı şahidiyik. Hesab edirəm ki, burada bir sıra məqamları nəzərdən keçirmək lazımdır. Çox güman, Ukrayna ordusu sırf hərbi resurslar hesabına Kiyev əməliyyatından sağ çıxmazdı. Əgər könüllü döyüşçüləri olmasaydı, müdafiəyə sarılan Sumı əhalisi, şimal-şərqdən keçərək işğalçıların bölmələrini saxlayan və buxovlayan Çerniqov sakinləri olmasaydı, vəziyyət son dərəcə çətin olardı. Kiyev əməliyyatı qeyri-standart hərbi əməliyyatdır. Güclər balansını ölçməyə ehtiyac yoxdur. Kiyev əhalisinin əksəriyyəti döyüşdü, Ukraynanın bütün şimal-şərqi rus işğalçıları ilə müharibəyə səfərbər oldu. Beləliklə, əsas amil Ukrayna xalqıdır və təbii ki, hakimiyyət də əməliyyatları planlaşdırıb həyata keçirdi. Eyni zamanda bu əməliyyatda artilleriya çox yaxşı oynadı.
- Ukrayna ordusu 2022-ci ilin yazından bu günə qədər sürətlə irəlilədi, amma 2023-cü ilin qışında nə baş verir? Sizcə, hazırda Ukrayna Silahlı Qüvvələri üçün ən təhlükəli olan nədir, nəyə diqqət etməlidir?
- İndi cəbhədə belə bir vəziyyətin yaranması qismən Xersonun azad edilməsindən sonra baş verən sursat və silah təchizatının azalmasının nəticəsidir. Amma prinsipcə, Ukrayna ordusunun Soledardan çıxarılması taktiki uğursuzluq idi.
- Yəni, sizcə, Soledarı itirməmək mümkün idi, onu saxlamaq olardımı?
- Başqa bir səbəb də var. Nədənsə o istiqamətdə Ukrayna qoşunları kifayət qədər canlı qüvvələrə malik deyildi. Görünür, vaxt yox idi, əməliyyat-taktiki səviyyədə səhvlər var idi. Biz başa düşürük ki, şəhəri müdafiə etmək problem deyil, hətta daha kiçik qüvvələrlə belə bu mümkündür. Ancaq gördüyüm budur: hücum əməliyyatları sadəcə efirlərdəki hay - küyün içində boğulur. Ukraynaya tank verəcəklər, ya verməyəcəklər, “Leopard”, yaxşıdır, yoxsa “Abrams” tankları... Amma Ukrayna ordusunun indi döyüş meydanında nəyə ehtiyacı olduğu barədə söhbətlər arxa plana keçib. Hiss olunur ki, orduda 60 mm, 80 mm və daha yüksək kalibrli pulemyotlar, minaatanlar kifayət qədər yoxdur. Bu, Rusiya ordusuna kiçik hücum qrupları ilə irəliləmək taktikasından istifadə etməyə və cəbhənin bəzi hissələrində lazımi yerləri ələ keçirməyə imkan verir. Bu və ya digər problemlər müdafiənin mütəşəkilliyini pozur, həm taktiki, həm də əməliyyat səviyyəli səhvlərə yol açır. Hesab edirəm ki, indiki vəziyyət Rusiya “min yerdən dişləmə” taktikasından istifadə etməsi ilə bağlıdır. Onların daha da irəliləməsi Baxmutun mühasirəyə düşməsi riskini yaradır. Bu uğuru davam etdirməklə rus ordusu Seversk şəhərinə çata bilər. Bununla belə, burada bir "amma" da var. Rusiyanın böyük hücumu, dəhşətli zərbələri haqqında çox danışılır. Bu doğru deyil. İnanıram ki, rus ordusunda kifayət qədər zirehli texnika və piyada qüvvəsi yoxdur. Rusiya deyə bilər ki, ehtiyatda 15-20 minlik personalı var. Hazırda və gələcəkdə onların strateji səviyyədə əməliyyat keçirə biləcək zərbə qrupları yoxdur. Eyni zamanda zərbə qrupu üçün xüsusi ayrılmış artilleriya sistemləri də mövcud deyil. Üstəlik, Rusiya ordusunun zamanı da daralır. Çünki 2-6 həftə ərzində qarların əriməsi başlayacaq və belə şəraitdə hücum etmək asan deyil.
- Siz cəbhədə lazımi sayda texnikanın olmadğını və ukraynalı döyüşçülər arasında silah çatışmazlığını deyirsiniz. O zaman Zalujnının “The Economist”ə verdiyi müsahibə dediklərini xatırlayaq. O, gələcək əməliyyatlar üçün lazım olan silahların, hərbi texnikanın miqdarını açıqladı. Zalujnı demişdi: “Cəbhədə olanlardan üzr istəyirəm, amma yeni texnika cəbhəyə yox, ehtiyat briqadalara getməlidir”. Bunu necə şərh edərsiz? Baxmut yaxınlığındakı səngərdə dayanmış əsgərin bu sözləri eşitməsi hansı təəssürat yaradır. Bəli, baş komandan bağışlanma diləyir, amma bu vəziyyəti asanlaşdırmır. Çünki işğalçı ordunun təzyiqi bu hərbçilərin üzərinizdədir...
- Zalujnıdan eşşitdiklərimiz - 300 tank, piyada döyüş maşınları NATO ölkələrində təlim keçmiş və həmin standartlara uyğun gələn 2-3 ordu korpusuna verilməlidir. Hazırda səfərbər edilən bu qüvvələr düşmənin müdafiəsini yarıb keçəcək polad yumruqdur. Amma biz bu konfiqurasiyadan kənarda olanları da görürük: müdafiə xəttində dayanan qoşunlar da artilleriya, mərmi və yeni silahların bir hissəsini alacaqlar.
- Rusiyanın Ukrayna silahlarını vura bilən “Lancet” kamikadze dronlarının yaratdığı təhlükə barədə nə deyə bilərsiniz?
- Aktiv müdafiədə olan hər iki tərəf kamikadze pilotsuz təyyarələrə üstünlük verir. Hazırda Rusiya ordusu bu işdə daha uğurludur. Onların “Lancet” kamikadze dronları sözün əsl mənasında artilleriya sistemlərinin qəniminə çevrilib. Bir döyüşdə üç kamikadze hücumunu təşkil edən dronun üç Amerika haubitsasını məhv etməsi qəbuledilməzdir. Ukrayna təxminən 5-6 ay əvvəl dron hücumları ilə üzləşib. Bildiyimiz kimi, zenit silahları və pulemyotlar kamikadze dronlarla mübarizədə özünü çox yüksək effektiv göstərib. Niyə artilleriya batareyasının mövqeləri zenit pulemyotları ilə əhatə olunmur? "Lancet" ən yaxşı kamikadze dron deyil. O, aşağı bucaq altında və aşağı sürətlə hücum edir. Bu hədəfi məhv etmək o qədər də çətin deyil. Daha qabaqcıl dronlar yüksək bucaqlarda və yüksək sürətlə hərəkət edirlər. Onları vurmaq həqiqətən çətindir. Bəs ruslar nə etdilər? Kamikadze dronlarının sayını artırmağa başladılar. Köhnə MT-LB traktorlarını anbarlarından çıxardılar, köhnə gəmi zenit pulemyotlarını onlara yerləşdirdilər. Nəticədə qısa mənzilli hava hücumundan müdafiə sistemi yaratdılar. Ukrayna ordusunun kamikadze dronları kifayət qədər deyil və artilleriya mövqeləri üzərində qısa mənzilli hava hücumundan müdafiə çətiri yoxdur. Təəssüf ki, son üç ayda Rusiya komandanlığı Ukraynadan daha çevik əməliyyatlar nümayiş etdirdi.
- Kiçik kalibrli müdafiə sistemləri ilə qorunmaqla bərabər, “Lancets” dronları ilə başqa necə mübarizə aparmaq olar?
- Lazer sistemlərinə malik zenit artilleriyasını əldə edənə qədər ən yaxşı, ən qənaətcil və təsirli vasitə, əlbəttə ki, zenit pulemyotlarıdır. Deyərdim ki, yaz-yay hücum əməliyyatı başlamazdan əvvəl Ukraynaya həm pilotsuz təyyarələrə, həm də qanadlı raketlərə qarşı çox effektiv olduğunu sübut edilən “Gepard” lazımdır. Müharibə başlayandan bəzi məqamlarda Ukrayna ordusunun real ehtiyacı ilə Ukrayna hərbi-siyasi rəhbərliyinin istəkləri arasında uyğunsuzluq görürəm. Yada salaq: Kiyev əməliyyatının başlanğıcında Ukrayna Silahlı Qüvvələrinə artilleriya mərmiləri və silahlar lazım idi, amma Ukrayna rəhbərliyi tank və təyyarə tələb edirdi. O zaman onlara çoxlu top, çoxlu silah lazım idi. Ukrayna strateji müdafiə əməliyyatı aparırdı - sizin hava üstünlüyünüz olmadığı halda niyə tanklar, niyə təyyarələr istəyirsiniz? Düşünürəm ki, Ukrayna diqqəti tanklara və ya başqa silahlara yönəltməkdənsə, daha balanslı olmalı və konkret problemlərin konkret həllini tələb etməlidir.
- Siz qeyd etdiniz ki, yazın əriməsi yaxınlaşır, amma eyni zamanda Qərbdə, Ukraynada rəsmilər və bütün müşahidəçilər qarşıdakı iki-üç ayın həlledici olacağını deyirlər. Niyə?
- Bilirsiniz, qulaqlarım iki sözü eşitməkdən ağrıyır: “analoq” və “həlledici”. Xerson vilayətinin azad edilməsi, çox uğurlu Xarkov əməliyyatı bu müharibənin taleyində nəyi dəyişdi? Bu, köhnə qaydalarla idarə olunan müharibədir, enişlər, yüksəlişlər olacaq. Ola bilsin ki, Ukrayna ordusunun strateji əməliyyatı öz rolunu oynasın, bütün cənubu və Krımı azad etsin. Bu, müharibə zamanı baş verməsi mümkün olan şeydir. Bəs hərbi texnika və sursat çatışmazlığı olan iki yorğun ordu, nəyi həll edə bilər? Heç nəyi! Ona görə də “qətiyyətli” sözü adamın qulağını yağır edib. Eyni zamanda sadə vətəndaşlar da bu məsələlərdən heç nə başa düşmədiklərini deyirlər.
- Sizcə, Ukraynanın Krımı azad etməyə başlaması üçün minimum nələr lazımdır?
- Səlahiyyətlilər bunu elan etdilər. Bunlar təkcə tanklar deyil, həm də HİMARS, artilleriya və kiçik taktiki əməliyyat raketləridir. Ukrayna ordusunun Krıma girməsi üçün məncə, ən azı 5-10 milyon top mərmisi lazımdır, bəs onlar varmı? Üçüncü nəsil müharibəsi gedir, artilleriya sistemləri və tank bölmələri döyüşür və heç bir tərəf növbəti səviyyəyə çatmaq imkanına malik deyil. Əgər NATO yüksək dəqiqlikli sistemlərin döyüşəcəyi dördüncü nəsil müharibəsinə keçməli olduğunu düşünürsə, tamam. Bəs bu yüksək dəqiqlikli sistemlər haradadır? Bizə nə qədər HIMARS verdiyini xatırlayaq. Məndə olan məlumata görə, 40 ədəddən çox deyil və son aylarda sadəcə olaraq görürük ki, HIMARS sursat çatışmazlığı səbəbindən çox az istifadə olunur. Yəni qarşıya məqsəd qoymaq üçün Qərb tərəfdaşlarının istəyi, imkanları lazımdır. Yaxın altı ayda Ukrayna 1991-ci il sərhədlərinə çatmalıdır. Qərbin hələ ki, belə bir məqsədi yoxdur.
- Hazırda Ukrayna ordusunun əsas problemi nədir?
- Məncə, Ukraynanın çevikliklə bağlı problemləri var. Məsələn, yeni müharibə üsuluna inqterasiya ilə bağlı çətinliklər mövcuddur. Bu müharibə onların qarşısına dünyada heç bir ordunun həll etmədiyi qədər çox vəzifə qoydu. Qarşınızda belə güclü düşmən olanda yenidən təlim keçmək və yenidən silahlanmaq... Yox, mən Ukrayna ordusunu tənqid etmək istəmirəm. Dünyada heç kim belə problemlərlə üzləşməyib.
Rasim Əliyev
“AzPolitika.info”