ABŞ dövlət katibi Antoni Blinken Türkiyədə zəlzələ bölgələrini ziyarət edərək təmaslar qurduqdan sonra dünən axşam Yunanıstana gedib.
Musavat.com xəbər verir ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə görüşən Blinken bu gün Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə də görüşüb. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında iki nazir diqqətçəkən açıqlamalar verib.
Blinken Dendiasın Türkiyədəki zəlzələdən sonra Avropadan fəlakət bölgəsinə gedən ilk xarici işlər naziri olduğunu ifadə edib:
"Zəlzələ zamanı ABŞ və Yunanıstan Türkiyəyə axtarış-xilasetmə və digər yardımlar göstərdi. Bizim bu işləri barədə bir-birimizi məlumatlandırmaq şansımız oldu”.
ABŞ dövlət katibi bu günlərin Türkiyə ilə Yunanıstan arasında münasibətləri yaxşılaşdırmaq üçün bir şans olduğunu vurğulayıb: "Münasibətlərimizi yaxşılaşdırmaq üçün bir daha zəlzələ gözləmək lazım deyil".
Blinken, həmçinin bildirib ki, ABŞ NATO və dünya üçün mühüm rol oynayan Türkiyə və Yunanıstan münasibətlərinin gücləndirilməsi üçün əlindən gələni edəcək.
Yunanıstanın xarici işlər naziri Nikos Dendias da jurnalistlərin suallarını cavablandırıb:
"Türkiyədə zəlzələ bölgələrinə göndərilən hər cür humanitar yardım davam edəcək. Bu yardımın qarşılığında Türkiyədən heç nə gözləmirik. Əzab çəkən insanlara kömək etmək bizim borcumuzdur. Konstruktiv icmalararası münasibətlər təbii ki, siyasi münasibətlərə müsbət təsir edəcək”.
Blinkenin səfəri Yunanıstan mediasında geniş işıqlandırılıb.
"Kathimerini" qəzeti Vaşinqton rəhbərliyinin Yunanıstan və Türkiyə arasında körpü rolunu oynamağa can atdığını yazıb.
Qəzet Blinkenin Mövlud Çavuşoğlu ilə görüşündən əlavə prezident Rəcəb Tayyib Ərdoğanla da qısa görüş keçirdiyinə diqqət çəkib, ABŞ dövlət katibinin Ankaradan dərhal sonra Afinaya getməsinin onun əsas məqsədlərindən birini (iki ölkə arasında vasitəçilik) ortaya qoyduğunu iddia edib.
“Proto Thema” qəzetinin yazdığına görə, Yunanıstan hökuməti zəlzələnin açıq şəkildə iki xalqı bir-birinə yaxınlaşdırdığını, lakin prosedurların bərpası üçün möhkəm əsasın olması lazım olduğunu düşünür.
Qəzet başqa bir xəbərdə yazır ki, Mitsotakis Blinkenə "Türkiyədə baş verən humanitar fəlakət ürəyimizi parçaladı" deyib.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Ankarada İsrailin xarici işlər naziri Eli Koenlə keçirdiyi mətbuat konfransında "zəlzələ nəticəsində Yunanıstanla yeni bir səhifə açdıq" deyib.
Musavat.com