Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil? Putinin müharibə haqda dedikləri və cəbhədəki real vəziyyət

24-02-2023, 14:46   


Putinin müraciəti

ŞƏKLİN MƏNBƏYİ,PA MEDIA

Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə müraciətinin üçdə biri Ukraynadakı müharibəyə həsr olunmuşdu. Bu çıxışında Putin "xüsusi hərbi əməliyyat" adlandırılan Ukraynaya hücumun məqsəd və ya vəzifələrinə toxunmayıb, əvəzində uzun-uzadı Rusiyanın hərbi potensialından və müharibənin səbəblərindən danışıb. BBC Rusca Xidməti Putinin dediklərindən bir neçəsini seçərək onların həqiqətə uyğun olub-olmadığını yoxlayıb.

Bu, Vladimir Putinin Federal Məclisə son iki il ərzindəki ilk müraciətidir - Ukraynaya hücumun başladığı 2022-ci ildə Putin orda çıxış etməyib. Analitiklərin fikrincə, onda Putin Ukraynada hansısa uğurlu əməliyyatdan sonra çıxış etmək istəyib, amma Rusiya ordusu buna heç cür nail ola bilməyib.

Müharibənin ildönümü ərəfəsinə təsadüf edən bu müraciətində Putin bildirib ki, Rusiya "Ukrayna xalqına qarşı döyüşmür", amma məhz həmin anlarda Rusiyanın "Qrad" qurğularından Xerson şəhərinə atəş açılırdı.

Putinin müraciəti

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

Şəklin alt yazısı,

Vladimir Putinin Federal Məclisdə son iki il ərzindəki ilk çıxışı

Putin: "Hələ xüsusi hərbi əməliyyatdan əvvəl də Ukraynaya hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri və digər ağır texnikanın verilməsiylə bağlı Kiyev Qərblə danışıqlar aparırdı".

BBC: Əslində belə deyil. ABŞ prezidenti Barak Obama Kiyevə silah tədarükünə icazə verən "Ukraynanın azadlığına dəstək" aktını 2014-cü ildə imzalayıb. Amma 2015-2017-ci illərdə bu ölkəyə yalnız öldürücü olmayan silahlar (pilotsuz təyyarələr, zirehli maşınlar, radar stansiyaları, səhra xəstəxanaları) verilib.

Öldürücü silahların tədarükü 2017-ci ilin dekabrında Donald Tramp administrasiyası tərəfindən təsdiqlənib, amma onda söhbət yalnız Rusiyanın mümkün hücumunu dayandıra biləcək silahlardan gedirdi. 2018-2021-ci illərdə Ukrayna Silahlı Qüvvələrinə tank əleyhinə "Javelin" raket kompleksləri, qumbaraatanlar, döyüş sursatları, "Stinger"lər verilib. Bütün bunlar SIPRI məlumat bazasında qeyd olunub.


Rusiyanın hücumu başlamazdan əvvəl bir çox hərbi ekspertlər deyirdilər ki, xarici hərbi yardım yalnız partizan müharibəsi üçün faydalı ola bilər.

Bu cür proqnozlar müharibədən bir az əvvəl də səsləndirilmişdi - o zaman belə görünürdü ki, ukraynalılar "Javelins" və "Stingers"-lərdən istifadə etməklə Rusiya texnikasını sadəcə pusquya sala, işğalçı ordunun fəaliyyətini çətinləşdirə bilər. Hətta tanınmamış DXR-in nümayəndələri də Ukraynanın Donetsk vilayətini azad etmək planı barədə danışanda yalnız bu daşına bilən hava hücumundan müdafiə sistemlərinin adını çəkmişdilər.

Yəqin ki, Ukrayna Silahlı Qüvvələri Qərbin təyyarələri və hətta hava hücumundan müdafiə sistemləri olmadan da "DXR" və "LXR"-in silahlı birləşmələrinin öhdəsindən gələ bilərdi, çünki "DXR"-in aviasiyası yox idi. Amma belə silahlarla Rusiya ordusuna hücum etməyə dəyməzdi - bu, lap əvvəldən uğursuzluğa məhkum əməliyyat olardı.

Putinin müraciəti

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

Kanada və Avropadan tədarük edilən silahlar da eyni qəbildən idi: Kanada Ukraynaya zirehləri jiletlər, dəbilqələr və gecəgörmə cihazları; Böyük Britaniya zirehli maşınlar, rabitə vasitələri və GPS naviqatorları; Fransa helikopterlər və qumbaraatanlar verirdi. Almaniya isə Kiyevi öldürücü silahlarla təmin etməkdən, ümumiyyətlə, boyun qaçırırdı.

Putin: "Ukraynaya uzaqmənzilli Qərb sistemlərinin tədarükü nə qədər artacaqsa, biz təhlükəni sərhədlərimizdən bir o qədər uzaqlaşdırmağa məcbur olacağıq".

BBC: Genişmiqyaslı müharibə başlayandan bəri Rusiya liderləri bu tezisi müxtəlif səviyyələrdə təkrarlayırlar. Bu yaxınlarda xarici işlər naziri Sergey Lavrov eyni fikri, demək olar ki, sözbəsöz təkrarladı. Əslində isə hərbi əməliyyatlar başlayandan sonra Rusiyanın Belqorod, Bryansk və Kursk vilayətləri mütəmadi olaraq atəşə tutuldu. Rusiya ordusu Putinin Rusiya ərazisi hesab etdiyi Zaporojyeni ələ keçirə bilmədi, Xersonu tərk etdi və hətta cəbhə xəttini Donetskin sərhədlərindən uzaqlaşdıra bilmədi. Bundan başqa, Kaluqa, Saratov və Rostov vilayətləri, o cümlədədn, 2014-cü ildə ilhaq edilmiş Krım atəşə məruz qalıb.


Putin Federal Məclisə müraciətində həmçinin deyib ki, "xüsusi əməliyyatın" məqsədlərindən biri NATO-nu Rusiya sərhədlərindən uzaqlaşdırmaqdır. Amma nəticə etibarilə Putin onu yaxınlaşdırmış oldu. Finlandiya və İsveçin NATO-ya qəbul edilməsi əslində həll olunmuş məsələdir və artıq Ukraynanın da NATO-ya üzvlüyü haqqında danışılmağa başlanıb.

Putin: "Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil".

BBC: Rusiya imperiyasının, SSRİ-nin, sonra da Rusiya Federasiyasının tarixində son 200 il ərzində kifayət qədər uğursuz və hətta məğlubiyyətlə nəticələnmiş hərbi əməliyyatlar olub: Krım müharibəsi, Rus-Yapon müharibəsi, Birinci dünya müharibəsi, Əfqanıstan, və Çeçenistandakı birinci müharibə.

Bundan başqa, Ukraynadakı bir illik müharibədə biz Rusiya ordusunun Kiyevdən, Sumı və Çerniqov vilayətlərindən, Xerson, Liman, Xarkov, İzyum, Balakleya şəhərlərindən və Zmeyinı adasından geri çəkildiyini gördük. Bu qərarların arxasındakı qəribə əsaslandırmalar isə - Rusiya ordusu geri çəkilmir, yenidən qruplaşır-şəklində bir mem yaratdı.


"Rusiyanı döyüş meydanında məğlub etmək olmaz" tezisini təkrarlayan rəsmilər, çox güman ki, ölkənin nüvə silahına malik olduğunu nəzərdə tuturlar. Onların məntiqinə görə, bundan belə nəticə çıxarmaq lazımdır ki, düşmən ordusu nə Rusiyanı işğal edə, nə də Moskvanı tuta bilər. Amma Ukrayna və onun müttəfiqləri heç vaxt qarşılarına belə məqsəd qoymayıblar. Üstəlik, Amerikanın Vyetnam təcrübəsi "nüvə dövlətləri müharibəni uduzmur" tezisini təkzib edir.

Putin: "Ordu və donanmanın məhz keyfiyyət potensialının yüksəldilməsini təmin etmək üçün ən qabaqcıl texnologiyaları fəal şəkildə tətbiq edəcəyik.Bizdə hər istiqamətdə yeni silah və texnika nümunələri var. Onların bir çoxu öz xüsusiyyətlərinə görə xarici analoqlarından əhəmiyyətli dərəcədə üstündür".

BBC: Rusiya ordusunun modernləşdirilməsi və yenidən silahlanması məsələsi Prezidentin bütün çıxışlarında yer alır, Vladimir Putin hər müraciətində bu haqda danışır.

O, 2021-ci ildəki çıxışında yenidən silahlanma proqramı barədə daha detallı məlumat verib, vəd edib ki, "2024-cü ilə qədər orduda müasir silah və avadanlıqların payı, demək olar ki, 76 faizə çatacaq". Amma "xüsusi hərbi əməliyyatın" davam etdiyi bu bir il ərzində məlum oldu ki, cəbhədə müasir silahların payı getdikcə azalır; Rusiya döyüş bölgələrinə sovet dövründən qalmış köhnə tanklar göndərmək və Ukrayna infrastrukturunu köhnə sovet raketləriylə vurmaq məcburiyyətindədir.


Məsələn, keçən yay Rusiya Müdafiə Nazirliyi açıqlamışdı ki, "Rusiyanın aerokosmik qüvvələri ABŞ və Avropa ölkələrindən göndərilmiş, Kremençukun yol maşınları zavodu ərazisində saxlanan silah və döyüş sursatlarını yüksək dəqiqlikli silahla vurub". Əslində isə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı həmin vaxt Rusiyanın sovet hərbi-sənaye kompleksinin uğurlu, amma çox köhnəlmiş "X-22" qanadlı aviasiya raketindən istifadə edildiyini açıqlamışdı.

Bu raketin gəmi əleyhinə olan versiyası yerüstü hədəfləri çətin nişan alır. Raket Rusiya Müdafiə Nazirliyinin açıqladığı koordinatdan təxminən 300 metr kənara - Kremençukdakı "Amstor" Ticarət Mərkəzinə düşmüş, 20 nəfər həlak olmuşdu.

Ukrayna bildirir ki, Rusiya bu müharibədə hipersonik "Xəncər"lərdən və Ukraynanın sovet dövründən qalma köhnə zenit-raket sistemlərinin vura bilmədiyi "İskəndər" taktiki raketlərindən istifadə edib. Rusiya qoşunlarında müasir "T-90M" tankları da var, amma olduqca məhdud sayda.

Putin canlı yayın

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

Şəklin alt yazısı,

Vladimir Putinin ilhaq edilmiş Sevastopolda küçələrdə çıxışının yayımı

Rusiyada müharibə tərəfdarlarının Müdafiə Nazirliyinə əsas iradlarından biri də budur ki, ordunun kəskin ehtiyac duymasına baxmayaraq, Moskvadakı nümayişlərdə göstərilən bir çox texnologiya nümunələrinə cəbhədə qətiyyən rast gəlinmir.

Ümumən Rusiya ordusunun müxtəlif növ pilotsuz uçuş aparatlarına, keyfiyyətli rabitə vasitələrinə və digər yüksək dəqiqlikli sistemlərə ehtiyacı var.

Keyfiyyətli rabitə vasitələri və kəşfiyyatın olmaması Rusiya artilleriyasının daha effektsiz fəaliyyətində də üzə çıxır, baxmayaraq ki, kəmiyyətcə Ukrayna artilleriyasından üstündür.

Putin: "Biz əvvəllər də, indi də "cadugər ovuyla" məşğul olan Kiyev rejimi və Qərb elitaları kimi davranmayacağıq; kənara addım atanları, vətənlərindən vaz keçənləri cəzalandırmayacağıq.Qoy bu onların vicdanına qalsın, qoy belə yaşasınlar -onlar bununla yaşamağa məhkumdurlar".

BBC: Rusiya hakimiyyəti müharibəyə qarşı çıxanları cəzalandırmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Keçən ilin mart ayından bəri belələrini iki cinayət maddəsi ilə ("ordunun diskreditasiyası" və "saxta hərbi məlumatlar") cəzalandırırlar. Dekabr ayında isə "xarici təsir" haqqında yeni qanun qəbul olunub və hətta xaricdən maliyyələşməyən şəxsləri də "xarici agent" elan edirlər.

Siyasətçilər Aleksey Qorinov və İlya Yaşin ("xarici agent" elan olunub), o cümlədən, jurnalist Mariya Ponomarenko "saxta hərbi xəbərlər" maddəsiylə 6-8,5 il müddətinə azadlıqdan məhrum ediliblər. Ölkədə olmayan iki "xarici agent" - bloger Veronika Belotserkovskaya və publisist Aleksandr Nevzorov haqqında 9 və 8 illik qiyabi həbs qərarı çıxarılıb.

Məmurlar hakimiyyəti tənqid edib müharibəyə qarşı çıxmış və Rusiyanı tərk etmiş vətəndaşlar haqqında - uzaqdan işləmək imkanlarının məhdudlaşdırılmasından, vergi dərəcələrinin artırılmasına, əmlaklarının müsadirə edilməsindən, vətəndaşlıqdan məhrum edilmələrinə qədər cəza mexanizmləri təklif edirlər.

Putin: "Bizim dövrümüzdə onlar Ukraynanı "anti-Rusiyaya" çevirməyə başladılar. Əslində bu, yeni layihə deyil".

BBC: Dünyada bilərəkdən Rusiyaya qarşı çıxan, onun inkişafını dayandırmaq istəyən qüvvələr olduğunu, Ukraynanın bu qüvvələrin alətinə çevrildiyini Putin əvvəllər də deyib. Rusiya Prezidenti bu barədə danışanda bir faktın üstündən sükutla keçir - Ukrayna suveren dövlətdir, necə yaşayacağını və inkişaf edəcəyini Moskvadan soruşmamaq hüququna malikdir.

Kiminsə Ukraynada "anti-Rusiya" layihəsi reallaşdırmağa çalışdığını Vladimir Putin artıq bir neçə ildir ki, təkrarlayır. Bu termini kimin "icad etdiyini" BBC Rusca Xidməti hələ 2021-ci ildə araşdırıb. Qısaca desək, siyasi məsləhətçi və fantast yazıçısı Lev Verşinin bu konspiroloji ideyanı ilk dəfə 2012-ci ildə - "Rosneft"in indiki mətbuat katibi Mixail Leontyevin "Odnako" jurnalının veb saytında dərc etdirib.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.