Şmıqal: “Bu geyimlər bizi vətənimiz üçün canını verən qız və oğlanlarla birləşdirir”
Ukraynanın Baş naziri Denis Şmıqal nazirlərin vəPprezident Volodimir Zelenskinin niyə həmişə zeytun yaşılı köynək və ya kamuflyaj formaları geyindiyini izah edib. AYNA-nın xəbərinə görə, “German Focus” nəşrinə müsahibə verən Baş nazir bildirib ki, bunu müharibə dövrünün diplomatik etiketi adlandırmaq olar.
“Bu geyimlər bizi vətənimiz üçün canını verən qız və oğlanlarla birləşdirir. Biz bu formaları müharibə bitənə qədər geyinəcəyik. Onlar Ukraynanın döyüşdüyünü və döyüşməyə davam edəcəyini simvolizə edir. Kostyum və qalstuk taxmaq mümkün deyil. Bir halda ki, biz ölkəmiz varlığı üçün mübarizə aparır”, - Baş nazir vurğulayıb.
Qeyd edək ki, Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəyə başlayandan sonra Prezident Zelenskinin geyim üslubu kəskin şəkildə dəyişdi. Ukrayna liderinin qarderobunda xüsusi yeri 2022-ci ildə trendə çevrilmiş hərbi paltarlar tutur və demək olar ki, hər bir ukraynalı öz kolleksiyasında oxşarlarının olmasına çalışır.
Lakin Prezidentin yeni üslubu Ukraynada heç də hamının xoşuna gəlmir. Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri Zelenskini ABŞ-a səfərə rəsmi paltar geyinmədiyinə görə tənqid etmişdilər. /Ayna.az/