Sənəd Ukraynanın problemlərinin həllinə heç bir əməli təsir göstərməyəcək
Çin Xarici İşlər Nazirliyi Çinin Ukraynadakı müharibə ilə bağlı on iki bənddən ibarət “sülh planı”nı dərc edib. Sənəddə qeyd olunur ki, “birbaşa dialoqun tezliklə bərpası, vəziyyətin gərginliyinin tədricən azaldılması və hərbi əməliyyatların tam dayandırılması lehinə Moskva və Kiyevin qarşılıqlı addımlarını dəstəkləmək vacibdir”. Amma sənəddə məsələn, atəşkəsə necə nail olmaq barədə tövsiyələr yoxdur.
Gözlənildiyi kimi, “sülh planı”nda heç bir konkretlik və ya heç bir meqa-super irəliləyiş yoxdur. Mən düşünmürəm ki, indi kiminsə hamıya uyğun və bütün problemləri dərhal həll edəcək hazır düsturu var.
Çinin sənədinin mənasını iki şeydə görürəm: birincisi, gündəmdəki aktual məsələlərdə aktiv olmaq sırf bürokratik ehtiyacdır və Ukraynadakı müharibə dünyada gedən bir çox proseslərə təsir edir. Bir il keçdi, nəsə demək və ya göstərmək lazımdır.
İkincisi, heç kimi incitməyərək və heç bir öhdəlik götürməyərək, təfsir sahəsini mümkün qədər geniş tərk edərək, mənəvi üstünlük mövqeyi tutmaq.
“Bütün pislərə qarşı yaxşılıq” mövqeyi Çin Xalq Respublikasına ABŞ-ı tənqid etməyə, onun “ədalətli dünya” nağılını təbliğ etməyə, Cənub və Şərqin qeyri-Qərb dövlətlərini bir araya gətirməyə davam etməyə imkan verəcək. Çin eyni zamanda, Ukrayna ilə bağlı çox açıq mövqe tutmamağa çalışır.
Çinin ortaya atdığı “sülh planı” plan deyil, özləri buna “plan” yox, “mövqe” deyirlər. Daha doğrusu, bu, Pekinin bir il əvvəl məsafədə qalaraq tutduğu mövqeyi təsdiqləyən ideoloji mesajdır. Ona görə də bu, Ukraynanın problemlərinin həllinə heç bir əməli təsir göstərməyəcək.
Buna görə də Pekinin sənədini yüksək qiymətləndirmək və ya bir növ möcüzə gözləmək olmaz. Əsas oyunçuların mövqeyi dəyişməz olaraq qalır: Rusiya vaxtı uzadır və müharibəni köhnələşdirmək siyasəti aparır, Qərb isə yaz-yay əks-hücumunu və Rusiya iqtisadiyyatında böhranın kəskinləşməsini gözləyir.
Bu kontekstdə Pekin məsafə saxlayacaq. ABŞ-ı tənqid etmək üçün Ukraynadakı müharibədən istifadə edəcək.
Çinin siyasəti belədir: Rusiya Federasiyasına kömək etmək, onu asılı saxlamaq və Putinin tez və dağıdıcı şəkildə uduzmasına imkan verməmək, eyni zamanda, onun ətrafında qeyri-Qərb dünyasını səfərbər etməyə çalışmaq.
Müəllif: İliya Kusa - Analitik, Yaxın Şərq üzrə ekspert
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur