Rusiya-Ukrayna müharibəsinin 1 ili geridə qalarkən, Kreml hədəflərinə nail ola bilməyib.
Bütün müharibə boyunca Ukrayna Prezidenti Vladimir Zelenski xalqı ətrafına toplayaraq Rusiyaya qarşı qətiyyətli mübarizə apardı.
Bir ildir dünyanın diqqət mərkəzində yer alan və milyonlarla insanın dəstəyin qazanan Vladimir Zelenski kimdir?
Cebhe.info Vladimir Zelenskinin dosyesini təqdim edir.
Vladimir Zelenski 25 yanvar 1978-ci ildə Ukraynanın Kriviy Roq şəhərində dünyaya gəlib. Yəhudi ailəsində doğulan Zelenskinin atası Oleksandr Zelenski Kriviy Riq İqtisadiyyat İnstitutunun professoru, anası Rimma Zelenska isə mühəndis olub. Orta məktəbə başlamazdan əvvəl atasının işi ilə əlaqədar dörd il Monqolustanın Erdenet şəhərində yaşayan Zelenski Kiyev Milli İqtisadiyyat Universitetinin Kriviy Riq kampusunda hüquq təhsili alıb. Zelenski hüquq fakültəsini bitirsə də, heç vaxt hüquq sahəsində fəaliyyət göstərməyib. Hətta gənc yaşda komediya qrupuna üzv olub.
O, Sovet İttifaqından bəri məşhur olan “Şən və Hazırcavablar Klubu”nda (KVN) aktyorluq karyerasına başlayıb. Zelenski 2003-cü ilin sentyabrında sinif yoldaşı olmuş Olena Zelenska ilə evlənib. Cütlüyün 2004-cü ilin iyulunda Oleksandra adlı qızı, 2013-cü ilin yanvarında isə Kirilo adlı oğlu dünyaya gəlib. Ssenarist, aktyor və rejissor kimi tanınan 44 yaşlı Zelenski siyasi karyerasına 2015-ci ildə “Xalqın xidmətçisi” serialından sonra başlayıb.
Belə ki, Zelenski serialda sürpriz bir şəkildə Ukrayna Prezidenti olan sadə bir tarix müəllimini canlandırır. Serial izlənmə rekordları qırır və Vladimir Zelenski karyerasının zirvəsinə çıxır. Ekran işinin ardından cəmiyyət arasında onun həqiqətən prezident ola biləcəyinə dair fikir formalaşır. Məhz bunun məntiqi nəticəsidir ki, serialın bitməsinin ardından layihənin yaradıcıları tərəfindən “Xalqın xidmətçisi” adlı bir partiya yaranır. “Kvartal 95” şirkəti tərəfindən 2018-ci ilin mart ayında təsis edilən partiya qısa zamanda iqtidara gəlməyə nail olur. Çünki serial o qədər sevilmiş və Zelenski o qədər şöhrət qazanmışdı ki, serialın adı ilə qurduğu partiyadan 73 faiz səslə Ukrayna prezidentliyinə seçilir.
O, Ukraynanı silkələyən narıncı inqilab, 2014-cü il “Maydan” hərəkatı və Krımın Rusiya tərəfindən ilhaqından sonra Rusiya ilə yaxın münasibətdə olan Petro Poroşenkonu məğlub etdi. Zelenski 31 dekabr 2018-ci ildə 2019-cu ildə Ukraynada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürdüyünü açıqlayıb. Hətta namizədliyin elan edilməsindən 6 ay əvvəl keçirilən sorğularda belə Zelenskinin adı birinci yerdə idi.
Maraqlısı isə o idi ki, Zelenski seçki kampaniyası müddətində də “Kvartal 95” ilə şoularını davam etdirdi. Namizəd olduğu 2019-cu ildə prezident seçkilərində ikinci tura çıxdı və ölkənin 6-cı prezidenti seçildi. Onun siyasətə marağı isə daha əvvəldən artıq görünürdü. Belə ki, Zelenski Donbass müharibəsi zamanı 2013-2014-cü illərdə “Avromaydan” hərəkatını və Ukrayna Ordusunu dəstəklədi. O, 2014-cü ilin avqustunda isə Ukrayna Mədəniyyət Nazirliyinin rus sənətçilərinin ölkəyə girişini qadağan edən qərarına qarşı çıxdı. Artıq açıq şəkildə iqtidara müxalif olan Vladimir Zelenskinin 2018-ci ildə baş rolda yer aldığı romantic komediya janrında olan “Böyük şəhərdə sevgi -2” filmi ölkədə qadağa olundu.
Vladimir Zelenski haqqında ən maraqlı faktlardan biri isə babasının faşistlərə qarşı vuruşmasıdır. Hətta onun babasının 3 qardaşı da nasist düşərgələrində həlak olub. Ona görə də Vladimir Putinin “Zelenski ukraynalı nasistləri qoruyur” iddiası inandırıcı hesab edilmir. Zelenski hazırda da bütün dünyanın dəstəyi ilə ölkəsinin işğal olunmasına qarşı mübarizəsini əzmlə davam etdirir.
Elmir Mustafa
Cebhe.info