Rusiyanın dövlət televiziyasında üç il əvvəl eşitdiyim sözləri xatırlayıram.
Onda rusiyalılardan prezident Vladimir Putinin daha 16 il hakimiyyətdə qalmasına imkan verən konstitusiya dəyişikliyi təklifini dəstəkləmələri istənirdi.
Aparıcı Putini təlatümlü qlobal sularda Rusiya gəmisinin sükanı arxasında olan kapitan kimi təsvir edirdi:
“Rusiya sabitlik vahəsi və təhlükəsiz bir limandır. Putin olmasaydı, vəziyyətimiz necə olardı?”
Ancaq bu sabitlik vahəsi və təhlükəsiz limanda Kreml gəmisinin kapitanı 2022-ci il fevralın 24-də fırtınalı bir havada səfərə çıxıb birbaşa aysberqə doğru üz tutdu.
Putinin Ukraynaya hücumu bu ölkəyə ölüm və dağıntılar gətirdi. Rusiya ordusu ağır itkilər verdi; təxminlərə görə, artıq on minlərlə əsgəri həlak olub.
Səfərbərlik əmrindən sonra yüz minlərlə Rusiya vətəndaşı orduya cəlb edildi. Məhbuslar, o cümlədən, adam öldürməyə görə cəza alanlar Ukraynaya qarşı döyüşmək üçün cəbhəyə göndərildi.
Bütün dünyada ərzaq və enerji qiymətlərinin artmasına səbəb olan müharibə Avropanı və qlobal təhlükəsizliyi bu gün də təhdid etməkdədir.
Az qala “Titanik” boyda nəhəng problemlər...
Bəs Putin niyə işğal və müharibə yolunu seçdi?
“2024-cü ildə prezident seçkiləri olacaq. Bu seçkilərə iki il qalmış Kreml bir qələbə əldə etmək istədi. Həmin ildə məqsədlərinə çatacaq, 2023-cü ildə isə rusiyalılara belə bir fikir aşılayacaqdılar ki, gəminin sükanı arxasında belə bir kapitanın olması böyük şansdır, çünki o, nəinki fırtınalı suları keçdi, həm də rusiyalıları yeni və çiçəklənən sahillərə çıxardı. Bu, necə baş tutmaya bilərdi ki?”- siyasi analitik Yekaterina Şulman belə deyir.
Kreml "xüsusi əməliyyat" adlandırdığı bu hücumun ildırım sürətilə bitəcəyini düşünürdü. Bir neçə həftə ərzində Ukrayna Rusiyanın orbitinə daxil olacaqdı. Prezident Putin Ukraynanın müqavimət göstərmək qabiliyyətini və Qərbin Kiyevi dəstəkləmək əzmini qiymətləndirmədi.
Rusiya lideri hələ ki Ukraynanı işğal etmək qərarının səhv olduğunu etiraf etməyib. Putin böhranı daha da dərinləşdirməyə və əlini gücləndirməyə çalışır.
Ağlıma iki sual gəlir:
Putin müharibənin birinci ilinin sonunda vəziyyəti necə görür və Ukraynada bundan sonra hansı addımları atacaq?
Bu həftə xalqa müraciətində o, bəzi mətləblərə aydınlıq gətirdi.
Bu müraciət anti-Qərb ovqatına köklənmişdi. Putin Ukraynadakı müharibədə ABŞ və NATO-nu günahlandırdı, Rusiyanı günahsız tərəf kimi göstərdi. ABŞ və Rusiya arasında nüvə silahlarının məhdudlaşdırılmasıyla bağlı yeganə razılaşmanı (Yeni START-Strateji Silahların Azaldılması Müqaviləsi) dayandırmaq qərarı isə onun Ukraynadan çəkilmək və Qərblə münasibətlərdəki gərginliyi aradan qaldırmaq niyyətində olmadığını ortaya qoydu.
Ertəsi gün Moskvadakı stadionda Putin Ukraynada döyüşmüş əsgərlərlə görüşdü.
Kremlin maraqlarına uyğun bir şəkildə hazırlanmış bu mitinqdə o, kütləyə “tarixi cəbhələrdə” savaş getdiyini dedi, əsgərlərin şücaətini yüksək qiymətləndirdi.
Nəticə: Kremlin geri çəkiləcəyini gözləməyin. Rusiya geri qayıtmamaqda israrlıdır.
Putinin iqtisadi məsələlər üzrə müşaviri olmuş Andrey İllarionov deyir ki, “Müqavimət göstərilməsə, o, bacardığı qədər irəli gedəcək. Hərbi müqavimətdən başqa onu heç nə dayandıra bilməz”.
Putinlə sülh danışıqları aparmaq olarmı?
İllarinov Putinlə razılaşma əldə etməyin mümkün olduğunu deyir:
“Amma Putin bütün razılaşmaları pozub - Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında sazişi, Ukraynayla Rusiya arasında ikitərəfli sazişi, BMT konvensiyasını, 1975-ci il tarixli Helsinki sazişini, Budapeşt memorandumunu və s. Yəni Putinin poza bilməyəcəyi heç bir razılaşma yoxdur”.
Rusiya da Qərbi bir çox razılaşmaları pozmaqda ittiham edir. Ən başlıcası NATO-nun 1990-cı illərdə şərqə doğru genişlənməmək vədini yerinə yetirməməsidir.
Hakimiyyətinin ilk illərində elə görünürdü ki, Putin NATO-nu Rusiya üçün təhdid hesab etmir.
2000-ci ildə o, hətta Rusiyanın bir gün NATO-ya üzv ola biləcəyi ehtimalını da istisna etmirdi.
İki il sonra Ukraynanın NATO-ya üzvlük perspektiviylə bağlı suala Putin belə cavab vermişdi: “Ukrayna suveren dövlətdir və öz təhlükəsizliyini necə təmin edəcəyini müəyyən etmək hüququna malikdir”. Onda Rusiya prezidenti əminliklə deyirdi ki, bu, Moskvayla Kiyev arasındakı münasibətlərə xələl gətirməyəcək.
Amma 2023-cü ildə qarşımızda tamamilə başqa bir Putin var.
O, kollektiv Qərbi - ölkəsini məhv etmək istəyənləri dəf edən, mühasirəyə alınmış qalanın lideri kimi davranır.
Çıxışları, şərhləri, I Pyotr və II Yekaterinadan iqtibasları elə təəssürat yaradır ki, Putin bir növ özünü Rusiya imperiyasını dirçəltmək məcburiyyətində hiss edir.
Bəs bu, Rusiyaya nəyə başa gələcək? Vaxtilə Putin ölkəsində sabitlik yaratmışdı. Amma artan hərbi itkilər, səfərbərlik və iqtisadi sanksiyalar fonunda bu imici dəyişib. Müharibə başlayandan bəri yüz minlərlə rusiyalı öz ölkəsini tərk edib.
Müharibə nəticəsində ölkədə çoxsaylı silahlı dəstələr, Yevgeni Priqojinin muzdlu əsgərlərdən ibarət “Vaqner” qrupu, regional batalyonlar yarandı.
Nizami ordunun bu qruplarla əlaqəsində problemlər var. Müdafiə Nazirliyi ilə “Vaqner” arasındakı gərginlik elitalar arasında münaqişədən xəbər verir. Qeyri-sabitlik və özəl qoşunlar təhlükəli tandemdir.
Moskvada yerləşən “Nezavisimaya qazeta”nın sahibi və baş redaktoru Konstantin Remçukov yaxın 10 il üçün vətəndaş müharibəsi təhlükəsinə diqqət çəkir:
“İndiki şəraitin ölkə sərvətlərinin yenidən bölüşdürülməsi üçün bir fürsət hesab edən çoxlu maraq qrupları var. Vətəndaş müharibəsinə Putindən dərhal sonra hakimiyyətə doğru adamın gəlməsiylə mane olmaq olar. Bu şəxs elita üçün avtoritet olmalı və vəziyyətdən sui-istifadə etmək istəyənləri sıxışdırıb aradan çıxarmaq əzmi nümayiş etdirməlidir”.
Remçukovdan soruşdum ki, Rusiya elitası doğru adamın kim ola biləcəyini müzakirə edirmi.
"Gizli şəkildə. Onlar bunu öz aralarında müzakirə edirlər”.
Bəs Putin bunu bilirmi?
“Bəli, bilir. Hər şeyi bilir”.
Rusiya parlamentinin aşağı palatasının sədri bugünlərdə deyib ki, “Putin olduqca, Rusiya da var olacaq”.
Bu, bir sədaqət nümayişi idi.
Əlbəttə, heç bir şübhə yoxdur ki, Rusiya var olmağa davam edəcək. Amma bu da birmənalıdır ki, Vladimir Putinin taleyi Ukraynadakı müharibənin nəticəsindən asılıdır.
BBC.com