Stokholm rəhbərliyi Türkiyə, İsveç və Finlandiya arasında imzalanan üçlü sazişdəki öhdəlikləri yerinə yetirdiyini iddia etsə də, prokuror Fredrik İnqbladın verdiyi qərar ölkədə heç nəyin dəyişmədiyini ortaya çıxarıb.
Musavat.com xəbər verir ki, Stokholmda çıxan “Dagens Nyheter” qəzetində yer alan məlumata görə, ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludanın müsəlmanların müqəddəs kitabı Qurani-Kərimi yandırmasından sonra Västeras şəhərindən bir şəxs polisə şikayət edib.
Müraciətdən bir neçə həftə sonra nifrət cinayətləri üzrə ixtisaslaşan prokuror Fredrik İnqblad məsələnin araşdırılmasına ehtiyac olmadığına qərar verib.
Prokuror İnqblad iddia edir ki, Paludan müqəddəs kitabı yandırmaqla bir qrup insanı deyil, yalnız dini simvolu hədəfə alıb.
12 mart tarixli qərarda bildirilir ki, şikayət edilən əməldə qruplaşmaya qarşı çağırış və ya hər hansı digər cinayət tərkibi yoxdur. Prokuror İnqblad Qurani-Kərimin yandırılmasının ifadə azadlığının bir hissəsi olduğunu bildirir və ifadə azadlığının Avropa Konvensiyasının və İsveç qanunlarının əsasını təşkil etdiyini müdafiə edir.
Musavat.com