Özünü körpüdən atmaq istəyən sahibkarın özünü dələduzluqda ittiham edirlər
Mingəçevirin keçmiş, Zərdabın isə hazırkı icra başçısı Lütfəli Babayev tərəfindən aldadılaraq 65 min dollarının mənimsənildiyini deyən və bu üzdən bir müddət əvvəl metronun “Koroğlu” stansiyasının yaxınlığındakı asma körpüdən özünü atmaq istəyən sahibkar Fəqan Nəsibovun özü indi dələduzluqda ittiham olunur.
Xatırladaq ki, Lütfəli Babayevlə Fəqan Nəsibov arasındakı qalmaqal, o, hələ Mingəçevirin icra başçısı olanda yaranıb: “Lütfəli Babayev Mingəçevirin icra başçısı olarkən məni aldadaraq 65 min dollar pulumu mənimsəyib. Həmin vaxt Mingəçevirdə trolleybus ləğv edilmişdi. Ona görə də Lütfəli Babayev trolleybus xətlərini satışa çıxarmışdı. Müştəri kimi icra başçısı ilə onun kabinetində görüşdüm. O, ümumilikdə 80-85 ton olan xətlərin bir tonunu 2000 dollara mənə satacağına razılıq verdi. Bildirdi ki, 3 günə qədər bütün sənədlər hazır olacaq və mən gedib malı ala biləcəyəm. Ancaq sonradan icra başçısı məndən beh istədi. Mən də ona 30 min dollar beh verdim. Lakin bununla kifayətlənməyən icra başçısı müxtəlif bəhanələrlə məndən daha 35 min dollar pul qopardı. Bir neçə ay keçdi. Ancaq Lütfəli Babayevdən səs-soraq gəlmədi. Ona görə mən yenidən icra başçısının qəbuluna getdim. Lakin icra başçısı müxtəlif bəhanələrlə məni qəbul etmədi. Aldandığımı anladım. Artıq bir neçə ildir bu məsələ ilə bağlı ölkə başçısına, hüquq-mühafizə orqanlarına şikayətlər etmişəm. Müraciət etmədiyim məmur, getmədiyim idarə qalmayıb. Ancaq heç bir nəticəsi olmayıb. Son çarəm qalıb, o da intihar etməkdir. Bildirmək istəyirəm ki, artıq heç bir məmura inamım qalmayıb”.
Lütvəli Babayevin köməkçisi Vasif Məmmədov da mətbuata açıqlamasında problemdən xəbərdar olduqlarını söyləmişdi.
Fəqan Nəsibov asma körpüyə çıxıb intihar etmək istəsə də, onu bu fikrindən daşındıra bilmişdilər. Sonra Baş Prokurorluğun mətbuat xidmətinin olayla bağlı məlumatında qeyd edilmişdi ki, Fəqan Nəsibovun şikayəti dinlənilib və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə göndərilib.
Indi isə Fəqan Nəsibov özü başqasına qarşı dələduzluqda günahlandırılır. “Qafqazinfo”nun bu haqda yaydığı məlumatda bildirilir ki, o, bibisi oğlu Namiq Tağıyevin külli miqdarda pulunu mənimsəyib. Bu barədə Namiq Tağıyevin vəkili Ilham Mehrəliyev açıqlama verib.
Vəkil bildirib ki, Fəqan öz bibisi oğlundan ona ev almaq məqsədilə 30 min manat pul alıb. Bunu da “Kamran MMC”nin adından edib: “Şirkətin adına olan saxta sənədlərdən 50-yə yaxın adam zərər çəkib. Camaatı aldadanlar özlərini MMC-nin vasitəçisi kimi təqdim ediblər. Halbuki ”Kamran" MMC bu məsələdən xəbərsizdir. Hazırda bir neçə dələduza görə tikinti şirkəti bağlanıb, işçiləri həbs olunub. Biz istəyirik ki, Fəqan Nəsibov törətdiyi cinayət əməlinə görə həbs edilsin və adımız “Kamran MMC” məsələsində zərərçəkmiş şəxs kimi təqdim edilməsin".