Tərtər işgəncələrində ittiham olunanlardan bir neçəsinin cəzası azaldıldı

5-11-2024, 09:51   



Hökm qalan hissədə dəyişməyib

Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələrdə, 10 nəfərdən çox adamın ölümündə təqsirləndirilən şəxslərdən 4 nəfərin cəzası azaldılıb. Noyabrın 4-də Bakı Apelyasiya Məhkəməsində Habil Məmmədovun sədrliyilə, Məmməd Məmmədov və Elbəy Allahverdiyevdən ibarət hakimlər kollegiyası buna qərar verib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Tərtərdəki N saylı hərbi hissədə Xüsusi Təyinatlı Bölüyün xüsusi təyinatlı qrupunun komandiri olmüş leytenant Ruslan Mikayılov 6 il 10 ay, onunla birlikdə mühakimə olunan gizirlərdən Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev 5 il 8 ay, Sənan Maşıyev isə 4 il 10 ay azadlıqdan məhrum edilmişdi.

Apelyasiya məhkəməsinin qərarına əsasən, adları çəkilən şəxslərin hər birinin cəzası 3 ay azaldılıb.
Hökm qalan hissədə dəyişməyib.

Bakı Apelyasiya Məhkəməsi. Foto: “e-huquq.az”

Onlar Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda), 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341 (vəzifə səlahiyyətlərini aşma) və s. maddələrilə təqsirləndirilir.
Təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülmüş ittihamları qəbul etmir. Onlar özlərini təqsirli bilmirlər. Onlar məhkəmədə dindirilərkən işgəncələrdə iştiraklarını etiraf ediblər.

Lakin sadəcə, icraçı olduqlarını, yüksək vəzifəli şəxslərin, generalların əmrlərini yerinə yetirdiklərini vurğulayıblar. Etiraz ediblər ki, əmr verənlər kənarda qalıb, cəmiyyətin “gözündən pərdə asmaq”, zərərçəkmişləri sakitləşdirmək üçün onları həbs ediblər.

Təqsirləndirilən şəxslər, onların vəkilləri, eləcə də zərərçəkmişlər bu işin istintaqından narazılıqlarını dəfələrlə dilə gətiriblər. Məhkəmədə bir neçə dəfə vəsatət qaldırıblar ki, müdafiə naziri Zakir Həsənov, o vaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıxovdan tutmuş, hərbi prokuror Xanlar Vəliyev, korpus komandiri Hikmət Həsənova qədər hamısı dindirilsin. Lakin hakimlər hər dəfə bu vəsatətləri rədd edib.

Nəcməddin Sadıqov, Zakir Həsənov və Hikmət Həsənov. Foto-kollaj: Meydan TV

“Cinayət işinin materiallarından belə anlaşılır ki, sanki adi gizirlər hərbi prokuror Xanlar Vəliyevə, onun müstəntiqlərinə, Hərbi Dəniz Qüvvələrinin rəhbərinə, korpus komandirinə və digər vəzifəli şəxslərə əmr verib, onları Tərtərə gətirdiblər. Məsələn, zərərçəkən Mehman Hüseynov (işgəncələr zamanı ölənlərdən biri-red.) haqqında dövlətə xəyanət ittihamıyla 3 may 2017-ci ildə cinayət işi başlanmasını, bu barədə ictimaiyyətə məlumat verilməsini o vaxtkı Baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova da gizir Elçin Əliyev göstəriş vermişdi?”, – Elçin Əliyevin vəkili Türkel Süleymanlı məhkəmədə bildirib.

Zakir Qaralov və Xanlar Vəliyev. Foto-kollaj: Meydan TV

Zərərçəkmişlər Bakı Apelyasiya Məhkəməsinin qərarından narazı qalıblar. Onlar hesab edir ki, onsuz da Bakı Hərbi Məhkəməsi yüngül cəza vermişdi, apelyasiya məhkəməsi daha da yüngülləşdirdi.

Zərərçəkmişlər Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir:

“Məhkəmə məhkəmə olsaydı, heç nə yox, Hikmət Həsənovu çağırıb, şahid kimi də olsa, dindirməyə cəsarəti çatardı. Bunu eləyə bilmirsə, hansı məhkəmədən danışırıq?”.

Ruslan Mikayılov, Cabir Qəhrəmanov, Sənan Maşıyev və Elçin Əliyev bundan əvvəl də Tərtər işgəncələrinə görə həbs olunub. Lakin məhkəmə onlara münasibətdə Cinayət Məcəlləsinin 62-ci (qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza təyin olunması) maddəsini tətbiq edib. Tərtər Hərbi Məhkəməsinin hökmüylə onlara 5 il 6 ay – 6 il həbs cəzası verilib. Bu cəzanın yarısını çəkib, azadlığa buraxılıblar.

2020-ci ildə 44 günlük müharibədə iştirakdan sonra isə Prezident İlham Əliyevin sərəncamlarıyla Ruslan Mikayılov, Sənan Maşıyev və digərləri orden və medallarla mükafatlandırılıblar.

Tərtər hadisələri ilə əlaqədar cinayət işi üzrə icraat 2021-ci ilin dekabrında təzələnəndən sonra yeni üzə çıxan hallara görə onlar 2022-ci ilin aprelində bir daha cinayət məsuliyyətinə cəlb olunublar.

İcraat təzələnəndən sonra Tərtər hadisələrinə görə cinayət məsuliyyətinə cəlb olunanların işi 3 ayrı qrup şəklində məhkəməyə göndərilib. Bu qrupların ikisində 4 nəfər, üçüncüsündə isə 5 nəfər təqsirləndirilən şəxs var.

4 nəfərlik birinci qrupda Tərtərdə hərbi hissənin rəhbəri olmuş polkovnik Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi olmuş polkovnik-leytenant Rəşid Niftəliyev, eləcə də müddətdən artıq xidmət etmiş iki kəşfiyyatçı – Ramil Qarayevlə Rüstəm Ələsgərov mühakimə olunurdu. Onların məhkəməsi 7 ay əvvəl yekunlaşıb. Hökmə əsasən, Vüsal Ələsgərov, Rəşid Niftəliyev və Ramil Qarayevin hər biri 5 il 6 ay azadlıqdan məhrum edilib. Digər hərbi qulluqçu Rüstəm Ələsgərova isə 9 il 6 ay cəza verilib.

Onlar bu hökmdən apelyasiya şikayəti verib. Şikayətlərinə iyunun 5-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq.
5 nəfərlik daha bir qrupun məhkəməsi isə oktyabrın 31-də yekunlaşıb. Bu qrupda Fuad Ağayev, Qurban Cümşüdov, Cavid Ağadadaşov, Ramil Əhmədov və Fuad Axundov mühakimə olunur.

Fuad Ağayev, Qurban Cümşüdov və Cavid Ağadadaşov bundan əvvəl də Tərtərdəki işgəncələrə görə bir dəfə cəzalandırılıb. Fuad Ağayev 10 il, digər ikisi isə 6 il azadlıqdan məhrum edilmişdi. Lakin Baş Prokurorluqda 2021-ci ilin dekabrında Tərtər işi üzrə icraat təzələnəndən sonra onlarla bağlı yenidən iş başlayıb və əlavə ittihamlar irəli sürülüb. Fuad Ağayevin cəzası daha 3 il artırılıb.

Bu 5 təqsirləndirilən şəxs arasında ən çox adı hallanan Fuad Ağayev idi. Bu da təsadüf deyil. Çünki Fuad Ağayev həmin hadisələrə rəhbərlik etməkdə ittiham olunan general-mayor, o dövrdə I Ordu korpusunun komandiri Hikmət Həsənovun köməkçisi olub. Fuad Ağayevin özü də Tərtər hadisələri baş verərkən korpusun hüquqşünası vəzifəsində çalışıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar