Azərbaycanın notasına səbəb olan Rusiya təxribatı

21-04-2023, 16:42   


Azərbaycanın notasına səbəb olan Rusiya təxribatı


"Rusiya Dövlət Dumasının Azərbaycan əleyhinə destruktiv bəyanatları Kremldən gələn sifariş əsasında verilir". 

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Rusiya Dövlət Dumasının deputatı Oleq Matveyçevin Azərbaycanın və Türkiyənin ünvanına səsləndirdiyi təxribatçı açıqlamanı Cebhe.info-ya şərh edərəkən belə deyib. 

Qeyd edək ki, Dövlət Dumasının İnformasiya siyasəti komitəsinin sədr müavini Oleq Matveyçev Azərbaycanı sülhə mane olmaqda ittiham edib. O, "rusarminfo" saytına açıqlamasında Azərbaycanın və Türkiyənin ünvanına sərsəm fikirlər səsləndirib. Matveyçev Azərbaycan və Türkiyənin guya münaqişənin davam etdirilməsində maraqlı olduqlarını deyib. O, Bakı və Ankaranın münaqişəni davam etdirmək üçün Ermənistanı təxribata çəkdiklərini qeyd edib. Deputat üçtərəfli razılaşmaların və münaqişənin dayanmasının guya Azərbaycan və Türkiyəni qane etmədiyini bildirərək, regionda sülhün Azərbaycan, Türkiyə və Qərbi qane etmədiyini iddia edib. 

Oleq Matveyçevin “RUSARMİNFO” erməni xəbər agentliyinin efirində səsləndirdiyi bəyanatlarla əlaqədar Azərbaycanın Moksvadakı Səfirliyi tərəfindən Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərilib. “Vahid Rusiya” partiyasından olan deputatın Azərbaycan və Türkiyəyə qarşı fikirləri qəbuledilməz olduğu vurğulanıb, onların regionda sabitliyi pozmağa yönəldiyi və Ermənistan cəmiyyətində revanşist qüvvələrin keçmişdə qalmış münaqişəni yenidən alovlandırmağa təhriki kimi qiymətləndirilib. İşğaldan azad edilmiş ərazilərdə fəal şəkildə aparılan yenidənqurma işləri fonunda “Azərbaycan tərəfindən münaqişənin qızışdırılması” ilə bağlı bəyanatların cəfəngiyyat olduğu qeyd olunub. Bildirilib ki, 30 illik işğalın ağır nəticələrinə baxmayaraq, ilk olaraq Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə təşəbbüs göstərən, dövlətlərin ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında sülh müqaviləsinin imzalanmasını nəzərdə tutan sülh gündəliyinin təşviqini davam edən məhz Azərbaycan olub:

"Azərbaycan tərəfi Rusiyanın hakim partiyasının nümayəndəsinin bu cür bəyanatlarının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün səylər göstərən Rusiyanın vasitəçiliyinə kölgə saldığını bildirib: "Oleq Matveyçev iki ölkə arasında 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə barədə xəbərsiz ola bilməz və onun bu cür bəyanatları həmin sənədin müddəalarının pozulması deməkdir. Hakim partiyanın nümayəndəsi olan deputat öz bəyanatlarında məsuliyyətli olmalı və Rusiya Federasiyasının rəsmi mövqeyini rəhbər tutmalıdır.

Rusiya parlamentində informasiya siyasətinə cavabdeh deputatın Azərbaycana qarşı hücumlar üçün informasiya platforması olan, Rusiyada etnik zəmində millətlərarası düşmənçiliyi qızışdıran erməni saytına müsahibəsi onun sifarişli və imperativ xarakter daşımasından xəbər verir". 

Məhəmməd Əsədullazadə hesab edir ki, Azəbaycanın Ermənistanla apardığı sülh danışıqlarından narahat olan Rusiya bu cür təxribatlara əl atır:

"Rusiya tərəfindən bu kimi açıqlamalar Ermənistan Baş nazirinin müəyyən qədər praqmatik fikirləri və Azərbaycan Prezidenti ilə görüşü ərəfəsində səsləndirilir. Burada həm Azərbaycan, həm Türkiyə ittiham olunur. Qeyd edim ki, Azərbaycan və Ermənistan arasında sülhə mane olan əsas tərəf Rusiyadır. Bu prosesləri məhz Rusiya tormozlayıb. Kreml Brüssel formatının pozulmasına nail olub, indi isə Vaşinqton formatını sabotaj edir. Rusiya bu istiqamətdə konkret addımlar atmaqdadır. Deputat Oleq Matveyçevin açıqlaması bu siyasətin tərkib hissəsidir. Azərbaycan Rusiyaya nota verməklə öz prinsiplərindən geri çəkilməyəcəyini bəyan etdi. Ümumiyyətlə, baş verən proseslər fonunda Rusiya təxribatçı addımlar ata bilər. Dövlət Dumasının komitə sədrinin çıxışı göstərir ki, Rusiya guya sülhün yaranmasına xidmət edən addımlar atacaq. Əslində, isə Rusiyanın mövqeyi regionda təhlükəsizliyi təhdid edəcək.

Rusiyanın strateji planı Qarabağda yaşayan ermənilərə Azərbaycanın tərkibindən çıxmaqla müəyyən idarəetmə statusunun verilməsinə nail olmaqdır. Bununla da Rusiya bölgədə öz dominanatlığını saxlamağa çalışır. Ona görə də biz Rusiyadan bu kimi təxribatçı açıqlamalar eşidəcəyik. Azərbaycan bu bəyanatlara əhəmiyyət vermədən Qarabağda öz işini prinsipial şəkildə davam etdirməlidir". 

Müşfiq Abdulla
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.