Azərbaycan Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi qurub.
Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb:
"2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub".
Həmçinin, bu haqda Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verildiyi də qeyd olunub.
Maraqlıdır, bundan sonra yola tam nəzarət etmək mümkün olacaq? Yəni Rusiya sülhmərmalılarına məxsus avtomobillər də yoxlanılacaq?
Cebhe.info-ya açıqlama verən politoloq Aytən Qurbanova bildirib ki, Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması növbəti strateji qələbədir:
"Hətta 8 noyabr zəfərindən sonra əldə olunmuş ən böyük qələbəmizdir. Çünki Azərbaycan Respublikası bütün suveren ərazilərində özünün birbaşa nəzarətini təmin etmiş oldu. Beləliklə də, artıq Ermənistan ərazisindən Xankəndi-Laçın yolu vasitəsilə ola biləcək bütün qeyri-qanuni hərəkətliliyin qarşısının operativ şəkildə alınması mümkün olacaq.
Təbii ki, bu istiqamətdə atılacaq addımlara bu günə qədər müşahidə edildiyi kimi rus sülhməramlılarının öz mandatından sui-istifdə edərək qeyri-qanuni erməni silahlı birləşmələrini himayə etməklə silahlandırmaq cəhdlərinin qarşısının alınması da daxildir. Hesab edirəm ki, lazım olduğu məqamlarda bu yoldan istifadə edən hər kəsin müvafiq qaydada yoxlanışdan keçməsi nəzərdə tutula bilər və belə hallar istisna edilmir".
Elmir Mustafa
Cebhe.info