Laçın yolu tam nəzarətimizdə: Sırada Xocalı var

24-04-2023, 18:32   


Laçın yolu tam nəzarətimizdə: Sırada Xocalı var


Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi qurub.

Azərbaycanın Xankəndi şəhərində məskunlaşan qeyri-qanuni erməni silahlı dəstələrinin uzun zamandır bölgəyə silah daşıdığı müşahidə olunurdu.

Hərçənd ki, hərbi təyinatlı yüklərin daşınması 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata da ziddir. Buna baxmayaraq, ermənilərin bütün qanunsuz addımları Rusiya sülhməramlılarının gözü qarşısında baş verirdi.

Sülhməramlıların silah daşınmasında ermənilərə yardım etməsi isə səbrimizin daşmasına səbəb oldu. Azərbaycanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, nə Ermənistan, nə də Rusiya buna məhəl qoymadı. Yekunda Azərbaycan öz haqlı mövqeyinə və bütün beynəlxalq hüquqlara uyğun olaraq lazımi addımı atdı.

Bununla da xalqımızın səbirsizliklə gözlədiyi tarixi hadisə baş verdi və Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəmiz quruldu. Əlbəttə ki, bu, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ən böyük diplomatik zəfərlərindən biri oldu.

Ümumiyyətlə, Azərbaycanın son addımlarından sonra Rusiya sülhməramlıları Qarabağda lazımdırmı? Həmçinin, rəsmi Bakının növbəti tələbi nə olacaq?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılması gözlənilən proses idi:

"Azərbaycan tərəfi Xankəndi üzərində qanuni hakimiyyətini bərqərar etmək üçün bir neçə cəbhədən strateji addımlar atdı. Diplomatiya uğurla aparıldı. Ordu önəmli irəliləyişlər və əməliyyatlar həyata keçirdi. Həmçinin, ekoloji aktivistlər Laçın yolundan qanunsuz istifadəni məhdudlaşdırdı. 

Zabux və Cağazur kəndləri arasında önəmli yüksəkliklər, köhnə və yeni Laçın yolunun nəzarətə götürülməsi artıq separatçıların "nəfəsliyini" bağladı. Bu durumda Laçın yolunda postun quraşdırılması yolunda əngəllər də aradan qalxmış oldu. Onsuz da post quraşdırılmasa belə, yoldan qanunsuz istifadə məhdudlaşdırıldığına görə, məntəqəyə etiraz etmək üçün əsasları qalmırdı".

Politoloq vurğulayıb ki, bu hadisə olduqca önəmli qələbədir:

"Bu, Azərbaycanın Xankəndi üzərində faktiki hakimiyyətinin qurulması deməkdir. Bu durumda rus sülhməramlılarına bölgədə ehtiyac qalmır. Belə bir ehtiyac var idisə də, onlar bu missiyanın öhdəsindən gələ bilməmişdi. Məqsədləri sadəcə separatizmi alovlu vəziyyətdə saxlamaqla, varlıqlarına ehtiyac görüntüsü yaratmaq idi.

Bakı isə real görüntünü hər kəsin gözündə sərgilədi. Separatçıların isə resurslarının daşınması mümkün olmadığına görə, Rusiyanın da bölgə ilə bağlı hədəfləri suya düşmüş oldu. Beləcə, ölkəmiz nəzarət-buraxılış məntəqəsi quraşdırmaqla Ermənistanı da, Rusiyanı da neytrallaşdırdı. Növbəti tələb isə Xocalı və Sərsəng su anbarı ilə bağlı olacaq".

Elmir Mustafa
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.