“İstər Muradov, istər Volkov, istərsə də Lentsov…” – ŞƏRH

26-04-2023, 21:59   


“İstər Muradov, istər Volkov, istərsə də Lentsov…” – ŞƏRH


“Lentsovun komandan təyin olunmasının nəyisə köklü surətdə dəyişəcəyini və razılaşmaya əsaslanan səlahiyyət həddinin aşılmasını tamamilə önləyəcəyini düşünmürəm”.

Bunu general-polkovnik Aleksandr Lentsovun Qarabağdakı Rusiya sülhməramlı kontingentinə komandan təyin olunmasının rus kontingentinin mövqeyində baş verəcək dəyişiklik barədə fikirlərini səsləndirən “Cümhuriyət” qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri Rəfail Becanov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin mövqeyini, fəaliyyət istiqamətlərini təyin edilən komandan deyil, onun tabe olduğu siyasi və hərbi dairələr müəyyənləşdirir:

“Sülhməramlıların ilk komandanı Rüstəm Muradovla Volkovun fəaliyyəti arasında ciddi fərq yox idi. Hər ikisi eyni ssenari üzrə fəaliyyət göstərirdi. Bircə fərqləri Muradovun daha çox hərbi-siyasi yöndə fəaliyyəti, Volkovun isə həm də çirkli biznes fəaliyyəti idi. Volkov bütünlükdə separatçı rejimin əlaltısına çevrilərək, Azərbaycanın təbii sərvətlərinin talan edilməsində Vardanyanla birgə hərəkət edirdi. Ekofəalların hazırda da davam edən aksiyası talançılığın qarşısını aldı. Təbii ki, Azərbaycan rəhbərliyinin və şəxsən Prezidentin qəti mövqeyi olmasaydı, hələ də o talan davam edəcəkdi.

Komandan dəyişikliyini müəyyən mənada rotasiya və Volkovun artıq Azərbaycan tərəfindən qəti şəkildə istənilməməsi hesab edirəm. Volkov Azərbaycanın əleyhinə fəaliyyət göstərir, Qarabağa ermənilər üçün silah-sursat daşınmasına aşkar yardım edirdi. Bütün bunlar haqqında təkzibolunmaz sübutlar mövcuddur. Azərbaycanın qəti mövqeyi Rusiyanı fakt qarşısında qoydu.

Rusiya hakimiyyəti yaxşı bilir ki, Azərbaycanda sülhməramlılara etimadsızlıq hökm sürür. O etimadsızlığı müəyyən mənada səngitmək üçün Volkovu dəyişdirmək qərarına gəldi. Bundan sonra müəyyən yumşalmaların olacağı gözləniləndir. Yəni sülhməramlılar görüntüdə öz funksiyalarını yerinə yetirəcəklər. Amma gizli şəkildə yenə də ermənilərə müxtəlif üsullarla kömək etməyə çalışacaqlar”.

Qərarın bölgənin Azərbaycana inteqrasiyasına təsirlərindən danışan politoloq deyib: “Rusiyanın məqsədi Qarabağdakı problemin yüz faiz həll olunması deyil. Ona görə də istər Muradov, istər Volkov, istərsə də Lentsovun komandan təyin olunmasının nəyisə köklü surətdə dəyişəcəyini və razılaşmaya əsaslanan səlahiyyət həddinin aşılmasını tamamilə önləyəcəyini düşünmürəm. Müəyyən dəyişiklik olacağı, fəaliyyətin nisbətən razılaşmaya uyğun həyata keçiriləcəyi gözləniləndir.

Mənim fikrimcə, sülhməramlıların fəaliyyəti bitən kimi onların məsuliyyət zonasında olan ərazilərdə fəaliyyətimiz bərpa olunmalıdır və həmin ərazidə Azərbaycan ordusu, müvafiq hüquq-mühafizə orqanları nəzarət mexanzimi tətbiq etməlidir. Çünki Rusiya sülhməramlılarının fəaliyyəti Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiya prosesinin sürətləndirilməsi, əlavə münaqişə ocaqlarının yaranmaması, bölgədəki qanunsuz erməni hərbi birləşmələrinin tərksilah olunması üçün nəzərdə tutulurdu. Lakin onlar nə inteqrasiya prosesinə dəstək oldular, nə də 10 noyabr bəyanatı ilə üzərlərinə götürdükləri digər vəzifələri icra etdilər. 10 noyabrdan sonra hansı şərtlər yerinə yetirilibsə, bunu Azərbaycan özü, qəti iradə və gücü hesabına həyata keçirib”.

Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.