10 noyabr bəyannaməsinin Laçın-Xankəndi yolu ilə bağlı net tələbi - 6.3-cü maddə bizə imkan verir ki...

27-04-2023, 11:44   


Azərbaycan öz vətəndaşları üçün gediş-gəlişə təminat verib, xarici vətəndaşların qanunsuz gediş-gəlişi cəzasız qala bilməz

Xəbər verildiyi kimi, Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Azərbaycan Vətən müharibəsindən sonra ərazi bütövlüyünün və suverenliyinin təmini üçün gərəkən işləri ardıcıllıqla, nizamla, beynəlxalq və yerli qanunlara, habelə 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirir. Laçın-Xankəndi yolunun başlanğıcında - Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsinin qurulması da bu işlərdən biridir.

Hüquqi nihilizm şəraitində yaşayan erməni separatçılarının, işğalçı Ermənistanın və onların Azərbaycana münasibətdə məkrli olan havadarlarının nə deməsindən, hansı bəyanatı verməsindən asılı olmayaraq, Azərbaycan öz üzərinə düşən qanuni, konstitusion işləri görür. Təbii ki, Azərbaycanın bütün qonşu ölkələrlə olduğu kimi, Ermənistanla da sərhəd-buraxılış məntəqəsi olmalıdır və bütün dünyada tətbiq olunan normadır. Necə ki, ABŞ-ın, Fransanın öz qonşuları ilə qanuni sərhədləri və buraxılış məntəqələri var, eynilə də Azərbaycan bunu tətbiq edir.

Nəzərə çatdıraq ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsində yeni lövhə də quraşdırılıb. Lövhədə qeyd edilir: “Diqqət! Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz!” Bu, məhz belə olmalıdır və qeyd etdiyimiz kimi, bütün hüquqi, formal sənədlərin, normaların da tələbidir.

Azərbaycana Ermənistandan gələn bütün şəxslər - istər vətəndaşlarımız olacaq ermənilər, istərsə də digərləri pasport yoxlamasından da avtomatik olaraq keçməlidir. Hüquqi dövlətlərin hamısında belədir.

Əgər hansısa şəxs Ermənistandan Qarabağa yoxlamasız keçmək istəyirsə, ağlı işğal dövrünə gedibsə, yanılır və bu iddiada bulanmaq gülüncdür, hüquqi nihilizmdir. 

QHT sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bu kontekstdə maraqlı bir açıqlama ilə çıxış edib. O qeyd edib ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatda əla bir müddəa var - 6.3 “Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”. Məsələnin hüquqi tərəfinə getsən bu müddəadakı “vətəndaşların” ifadəsi bir neçə məsələyə nöqtə qoyur.

Ermənistana təhlükəsiz gediş və gəliş ancaq Azərbaycan vətəndaşları olan şəxslərə aiddir;

Əcnəbi (məsələn, Ermənistan vətəndaşı) və ya vətəndaşlığı olmayanlara isə Azərbaycanda olmanın qanunvericilikdə nəzərdə tutulan 3 formasından biri tətbiq edilə bilər. Müvəqqəti olma (vizasız ölkələrdən 90 günədək, viza alınması tələb olunan ölkələrdən viza müddətində, ancaq 90 gündən çox olmayaraq), müvəqqəti yaşama və daimi yaşama. Bunun üçün isə əsaslar olmalıdır. Bu əsaslar da Miqrasiya Məcəlləsində göstərilib;

1992-ci ilin yanvar ayının 1-nə qədər Azərbaycanda yaşamış erməni mənşəli əhali və onların övladları ASAN mərkəzində (ASAN mobili də göndərmək olar) vətəndaşlığını bərpa etməklə, istədikləri vaxt qonşu dövlətə gedib qayıda bilər. Sonradan gələnlər (məsələn, yerli şəxslə nikaha girənlər) naturalizasiya prosesini keçməlidir. Digər sərhəd-keçid məntəqələrindən fərqli olaraq gəlib getmək üçün hər hansı əsas tələb olunmur, gömrük nəzarəti və gömrük rüsumu ödənilmir, hətta xarici pasport belə tələb olunmur. Amma hələlik".

KİMDİR GÜNAHKAR, XALQIN SƏSİ YOXSA QƏLƏMİ?-XƏYAL BƏŞİROV

Xəyal Bəşirov

Hüquqşünas Xəyal Bəşirov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 10 noyabr üçtərəfli bəyanatı imzalandıqdan indiyə qədər keçən iki il yarım müddətdə Ermənistan iqtidarının təmsilçiləri, erməni siyasətçilər bu sənədi daim özlərinin maraqlarına, arzularına uyğun təhrif olunmuş şəkildə şərh etməyə, təqdim eləməyə çalışıblar. Məqsəd isə gələcəkdə həmin müddəalara uyğun addımların atılmasını əngəlləməkdir. Bəyanatda açıq mətnlə qeyd olunur ki, hansı tərəf üzərinə hansı öhdəlikləri götürür. Azərbaycan üzərinə götürdüyü öhdəliklərin hamısını indiyə qədər yerinə yetirib. Ermənistan tərəfi isə üzərinə götürdüyü öhdəliklərin bir qismini hələ də yerinə yetirməyib. Ona görə də Azərbaycan həmin müddəaların həyata keçirilməsinə nail olmaq üçün gərəkən addımları atır və atmaqdadır. Laçın-Xankəndi yolunun başlanğıcında-Ermənistanla sərhəd nöqtəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsi qurması və pasport rejiminin tətbiq olunması Azərbaycanın suveren hüququdur: “Burada üçtərəfli bəyanata zidd heç nə yoxdur. Üçtərəfli bəyanatın 6.3-cü maddəsi ilə Azərbaycana öz üzərinə vətəndaşlarının-yəni özünün vətəndaşlarının Ermənistana gediş-gəlişinə təhlükəsiz şərait yaratmağı öhdəlik kimi götürüb. Bu öhdəliyə təbii ki, əməl edilir və ediləcək. Azərbaycanın vətəndaşı sayılan, vətəndaşlığını qəbul edən ermənilər nəzarət-buraxılış məntəqəsindən və Laçın yolundan təhlükəsiz gedib gələcəklər. Yəni bu maddə vətəndaşlığı olanlara aiddir. Azərbaycan vətəndaşı olmayan şəxslərin icazəsiz, qanunsuz Azərbaycan ərazisinə daxil olması isə qadağandır, məsuliyyət yaradır. Azərbaycan vətəndaşı olmayan şəxslərin Laçın yolundan gediş-gəlişi üçün təhlükəsizliyinə təminat verməyib. 10 noyabr üçtərəfli bəyanatında belə bir təminatdan söz açılmır. Ermənistan vətəndaşı olan şəxslər Azərbaycan ərazisindəki qohumlarına baş çəkmək və digər humanitar məqsədlər üçün gəlmək istəyəndə mütləq digər xarici ölkələrin vətəndaşlarının ölkəyə daxil olmaq üçün keçdiyi hüquqi, qanuni prosedurlardan keçməli olacaqlar. Gediş-gəliş ancaq bu cür olacaq. Gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra isə sərhəd-keçid məntəqələrində gömrük-keçid məntəqələri də qurulacaq”. 

İranda iğtişaşlar bitmir - molla rejimi 2023-dən salamat çıxa biləcəkmi -  rəy

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov isə bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın müxtəlif istiqamətlərdə uğurları olduğu müddətdə sərhəd bölgəsində, Qarabağın hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərində əməliyyatlar keçirildi, strateji yüksəkliklər nəzarətə götürüldü, terrorçulara qarşı antiterror əməliyyatları aparıldı və nəhayət, Laçın-Xankəndi yolunun başlanğıcında Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsi quruldu: "44 günlük müharibədən sonrakı ən önəmli hadisə budur. Bununla Azərbaycan bütün dünyaya göstərdi ki, artıq özünün dövlət sərhədinin bütün hissələrinə tam şəkildə nəzarət edir. Beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərində istədiyi sərhəd-keçid məntəqələrini qurur. Bu, olduqca vacib addım idi. Bununla Ermənistan tərəfinin 31 il davam edən maneəsiz gediş-gəlişi, silah-sursat daşınması, terrorçuların sərbəst hərəkəti və s. kimi məsələlərə artıq son qoyuldu. Bundan sonrakı dönəmdə Qarabağda hələ də qalmaqda olan Ermənistan ordusuna aid, rəsmi İrəvanın da imtina etdiyi və bunun üçün də qeyri-qanuni silahlı birləşmələr, yəni terrorçular kateqoriyasına aid olan qruplaşmalarla bağlı məsələ də artıq öz həllini tapacaq. Bundan sonra Azərbaycan dövlətinə qarşı təhdidlər ciddi şəkildə azalacaq. Artıq ölkənin hər nöqtəsində giriş-çıxış nəzarət altındadır. Bu, eyni zamanda 10 noyabr üçtərəfli bəyanatın şərtlərindən biridir və Rusiya sülhməramlıları bunu təmin etməlidirlər. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Azərbaycan Konstitusiyasını qəbul edənlər Azərbaycan vətəndaşlarına verilən bütün hüquqi imkanlardan və imtiyazlardan istifadə edə biləcəklər. Digər Azərbaycana qarşı cinayət törətmiş şəxslər, silahlı terrorçular ya silahı qoyub ərazilərimizi tərk etməlidirlər, ya da Azərbaycan dövlətinin sərt üzünü görəcəklər. Bir digər məsələ hazırda bizim QHT-lərin, ekofəalların 12 dekabrdan bəri davam edən aksiyalarıdır. Nailiyyətlərin əldə olunmasında bu aksiyaların əhəmiyyətli təsiri oldu. Hesab edirəm ki, bu aksiyalar öz hədəflərinə tam şəkildə çatmadığına görə davam etməlidir. Azərbaycanın bölgədəki qızıl və mis-molibden yataqlarına nəzarətdən əlavə eyni zamanda Qarabağ ərazisində Azərbaycanın olduqca önəmli strateji obyekti olan Sərsəng Su Anbarının nəzarətə götürülməsi prosesi həyata keçməlidr. Ekofəalların tələblərinin biri də bu olmalıdır. Ermənistan da artıq reallıqları qəbul edərək rasional addımlar atmalıdır. Bu hadisələrin yəqin ki, Ermənistanın hakim dairələrinə, o cümlədən cəmiyyətinə təsiri olacaq. Onlar hazırda hay-küy salsalar da, bir müddət sonra reallıqları qəbul edəcək və bu reallıqlara uyğun davranmaq məcburiyyətində qalacaqlar. Ermənistanın öz hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmaqdan başqa yolu yoxdur”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.