Fransanın Ermənistanla militarizasiya siyasəti- Sistemli silah tədarükünə hazırlıq...İlginc FAKTLAR

28-04-2023, 17:52   


Fransa Ermənistana sistemli silah tədarükünə hazırlaşır

Rəsmi Paris Ermənistan üçün silah ixracı sisteminin qurulmasına hazırlıq üçün əməli tədbirlər həyata keçirməyə başlayıb.

Musavat.com xəbər verir ki,  bu barədə geniş auditoriyaya qapalı olan və 2000-ci illərin əvvəllərindən Fransa kəşfiyyat xidmətlərinin, xüsusən də DGSE Xarici və Hərbi Kəşfiyyat Xidmətinin təbliğat ruporu kimi xidmət edən Intelligenceonline.fr internet resursu xəbər verib.

Nəşrdə bu istiqamətdə atılan aşağıdakı praktiki addımlar sadalanır:

▪️ Fransanın İrəvandakı daimi hərbi attaşesinin təyinatı hazırlanır - hazırda bu funksiyanı eyni zamanda Fransanın Tbilisidəki səfirliyinin hərbi attaşesi Frederik Kampos həyata keçirir.

▪️ Aprelin əvvəlində Mari-Aqnes Pikar-Çesselin başçılıq etdiyi Silahlar üzrə Baş Direktorluğun (Direction générale de l'armement, DGA) nümayəndə heyəti İrəvana səfər edib.

▪️ İkitərəfli silahlanma komitəsinin işini bərpa edir. Ona Fransa silahlarının Ermənistana tədarükü üçün “strateji planlaşdırma”nı təmin etmək tapşırılıb.

Nəşr 2022-ci ilin yanvarında Armen Sarkisyanın Ermənistanın prezidenti postunu tərk etməsindən təəssüfləndiyini bildirir. Fransa xüsusi xidmət orqanlarının ruporuna görə, o, Ermənistanda Fransa hərbi sənayesinin əsas “kommersiya agenti” kimi çıxış edib. Xüsusilə, prezident Thales, Areva, Alstom şirkətlərinin maraqlarını təmsil edirdi.

Intelligenceonline.fr Ermənistanla hərbi əməkdaşlığın intensivləşdirilməsinin çətin geosiyasi fonda planlaşdırıldığını vurğulayır. Fransalı analitiklərin nöqteyi-nəzərindən Cənubi Qafqazda qüvvələrin əsas konfiqurasiyası Qərblə Ukrayna, Rusiya və Türkiyə alyansı arasında bölüşdürülüb.

Onu da qeyd edək ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna bu gün açıqlamasında deyib ki,  Fransanın Ermənistandakı səfirliyində hərbi missiya yaradılıb. Nazir deyib ki, bu, əsas sahədə ikitərəfli əməkdaşlığımızı dərinləşdirməyə imkan verəcək...

Artıq bütün pərdələr çəkilib, maskalar cırılıb. İndi Fransa ATƏT-in Minsk qrupu adı altında gizlənmir. Ermənistana yardımını açıq-aşkar edir və bunu da media orqanları vasitəsilə tirajlayır.

Əslində, müstəmləkəçi Fransanın terrorçu Ermənistana dəstək verməsindən təəccüblənmirik. Çünki dövlətin xisləti bunu tələb edir.

Azərbaycana qarşı yönələn bütün erməni təxribatlarına Fransa hər hansı formada şərikdir. 44 günlük müharibə dövründə də Fransa mütəmadi olaraq Azərbaycan əleyhinə qətnamə və bəyanatlar tirajlamaqla məşğul idi. Elə bu gün də Paşinyanın özünə arxa bildiyi, hərbi-siyasi ritorikasına təsir edən dövlətlərdən ən başlıcası Fransadır.

Doğrudur, Ermənistan Fransanın da təkidi ilə bu ölkəyə göndərilən Avropa İttifaqı missiyasının mövcudluğuna baxmayaraq, arzuladığını edə bilmir. Ancaq yenə də bu missiyaya-Fransaya olan ümidi tükənməyib. Bəzi ekspertlər bildirirlər ki, silah-sursatla bağlı Fransa tərəfinin yaydığı bu kimi məlumatlar da erməniləri növbəti təxribatlara çəkən haldır.

Erməninin ağılı olsa, bu vədlərə aldanıb başını “dəmir yumruğ”un altına verməz...

Fransanın xarici işlər naziri Ketrin Kolonna 26 aprel tarixində Azərbaycana rəsmi səfər etmişdi. Bu səfər əsnasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir ifadə işlətdi ki, bu, Fransanın bütün iç üzünü ortaya qoydu.

Ceyhun Bayramov dedi: “Biz Fransanın bir dəfə də olsun Ermənistana çağırış etməsinin şahidi olmadıq. Fransa Ermənistanın Azərbaycan ərazilərində qanunsuz əməllərinə, qanunsuz silahlı qruplaşmalar saxlamasına heç bir etiraz etmədi, çağırış etmədi. Fransa prezidentinin də iştirakı ilə bəyanat imzalanmışdı, ancaq biz şahidi olmadıq ki, Fransa Ermənistana hər hansı bir çağırış etsin. Bu, bölgədə gərginliyin bir nömrəli səbəbidir".

Mövzu ilə bağlı  Musavat.com-a danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, Ermənistanla Fransa arasında hərbi əlaqələr uzun müddətdir ki, mövcuddur:

“Bu əlaqələr nəticəsində Ermənistan ordusunun döyüş aviasiya vasitələrinin modernləşdirilməsi həyata keçirilir. Yəni termal, optik cihazları, döyüşün idarə edilməsi sistemi üzərində müəyyən işlər aparılıb. Fransanın “Thales” şirkəti bu məsələdə Ermənistan şirkətləri ilə birgə fəaliyyət göstərib. Bundan başqa Fransa snayper tüfənglərinin Ermənistana verilməsi layihəsini də həyata keçirir. Ermənistanla Fransa strateji tərəfdaşdır. Bu, təkcə siyasi-iqtisadi deyil, həm də hərbi formatdadır. 1994-cü ildəki Atəşkəs müqaviləsindən sonra “ohanyan xətti”nin yaradılması, formalaşmasında fransalı mütəxəssislər birbaşa iştirak ediblər. Yəni Fransanın Ermənistanla hərbi əməkdaşlığı yeni deyil. Neytral şəxs kimi təhlil edərsəm, bunu normal qəbul edirəm. Çünki Cənubi Qafqazda Fransanın mütləq müttəfiqi Ermənistandır. Hərbi təyinatlı məhsulların satışı istiqamətində bunların əməkdaşlığı qeyri-qanuni qəbul olunmalı deyil. Bu başqa məsələdir ki, Fransa Ermənistanın yenidən silahlanmasına, regionda sülh və sabitliyə qarşı hansı formada yönələcək. İndiki zamanda Fransanın da başqa bir arqumenti var ki, siz də öz tərəfdaşlarınızdan hərbi təyinatlı malları alırsınız”.

 

Ekspert bildirib ki, son illərdə Ermənistan silah-texnika parkını yeniləməyə çalışır:

“PUA-lar, radio-lokasiya sistemləri və sair istiqamətdə yenilənmələr aparırlar. Fransa ilə əməkdaşlıq NATO standartları ilə hazırlanan hərbi texnikaların əldə olunmasıdır. Yəni Ermənistanın bu gün NATO-ya inteqrasiyası Fransa üzərindən həyata keçir. Mənim üçün maraqlı gələn Rusiyanın bu məsələyə münasibətidir. Düşünürəm ki, ordusunun 90 faizi sovet-rus hərbi texnikaları olan Ermənistan maddi çətinlikləri olduğu halda ordunun əsas hissəsini Fransa texnologiyası ilə hansı formada doldura biləcək”.


Əli Rais,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.