Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sözçüsü, siyasi şərhçi Əziz Əlibəyli Musavat.com-a açıqlamasında bildirib ki, iki ölkə arasında görüşlə bağlı buna qədər bir neçə hadisə baş verib.
Siyasi şərhçi xatırladıb ki, Rusiya görüşün Moskvada keçirilməsinə dair bəyanat vermişdi:
“Bu bəyanata paralel daha əvvəl açıqlanmışdı ki, Vaşinqton görüşü baş tutacaq. Təşəbbüsün Qərbdə olması Rusiya üçün xoş deyil. Azərbaycanın artan həmlələri, son əməliyyatlar, Laçın dəhlizi – bütün bunların kontekstində Rusiya tərəfindən təşəbbüs tamamilə itirilməyə başlanıb. Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Bakıya səfəri, ona burada adekvat cavab verilməsi, XİN rəhbərinin Ermənistanda ermənipərəst mövqeyini təkrar etməsi yeni bir münasibət formalaşdırdı. Dərhal Laçında gömrük məntəqəsi quruldu və ekofəalların aksiyalarını dayandırması artıq yeni mərhələyə keçidi göstərdi. ABŞ-dan, Qərbdən çağırışlar var və belə bir kontekstdə Azərbaycan tərəfi açıqlama verdi ki, Ermənistanın danışıqlar masasına qayıtmasını gözləyir. Ermənistan da bəyan etdi ki, Azərbaycana cavab verəcək”.
Ekspert bildirib ki, Azərbaycan sonuncu əməliyyatlarla əlini gücləndirib:
“Hesab edirəm ki, Azərbaycanın əlinin güclənməsi Paşinyan administrasiyası üçün fərqli bir keyfiyyət formalaşdırdı. Yəni artıq öz daxili cəmiyyətinə təklif edə biləcəyi çox vacib üstünlüklər var. Ən azından de-fakto vəziyyət belədir ki, Ermənistan Qarabağ ermənilərinə təsir imkanlarını itirib. Paşinyan üçün bu məsələ üzərində manipulyasiya etmək imkanı yaranıb. Artıq öz cəmiyyətinə təlqin edəcək ki, bu, bizim təsir mexanizmimizdən kənardır. İkincisi, Paşinyan üçün Rusiya faktoru üzərinə bir zərbə vurmaq imkanı da yaranır, sülhməramlıları günahlandıracaq. Bu da o ərəfədə baş verir ki, KTMT ilə bağlı Ermənistandan bir açıqlama gəldi ki, onun da nəzarətçi missiya ilə Ermənistana gəlməsi mümkün ola bilər, amma bəzi şərtlər var. Bütün bunlar göstərdi ki, artıq fundamental problemlər qalmır. Bu şəraitdə məsələnin həllini nəzərdən keçirə bilərlər. Ona görə də danışıqlar prosesi qaldığı yerdən davam edir. Hesab edirəm ki, buna ölkə rəhbərlərinin görüşünə hazırlıq istiqaməti kimi də baxa bilərik.
Ancaq adətən bu görüşlərdən sonra Ermənistanda bəlli bir kütlə dərhal sülh irəliləmələrini sərhədə gətirərək toqquşma üçün istifadə edir. Yəni biz bunun da şahidi ola bilərik”.
Aytən Novruz
Musavat.com