Lentsov bu gün gəlir: Bakıya səfərdən öncə Xocalıda Araikə nələr deyib?
3-05-2023, 10:08
Rusiya sülhməramlılarının yeni komandanı Aleksandr Lentsov bu gün Bakıya gəlir.
Lentsovun gəlişinin tanışlıq məqsədi daşıdığını hesab etmək olar.
Bundan öncə sülhməramlı kontingentinə rəhbərlik edənlər Azərbaycan və Ermənistan tərəfi ilə ayrılıqda görüşlər keçirir, Lentsov da eyni ənənəni davam etdirir. Lakin Laçın sərhəd-keçid məntəqəsinin qurulmasından sonra situasiya dəyişib və artıq sülhməramlılara ehtiyacın olması şübhə altındadır.
Sülhməramlıların komandanının Bakıda keçirəcəyi görüşlər “tanışlıqdan” daha çox, bundan sonrakı fəaliyyətin konturlarının cızılması ola bilər.
Bəllidir ki, Lentsov Bakıda Laçın postu ilə bağlı məsələni xüsusilə müzakirə etməyə çalışacaq. O, gəlməmişdən öncə Xankəndidəki separatçılarla görüşüb.
“Hraparak” nəşri yazır ki, Lentsov separatçların “başçıları” – Araik Arutyunyan və Qurgen Nersisyanla görüşdə onlara “gözləyin” deyib.
“Görüş sülhməramlıların qərargahında (Xocalıda yerləşir-red) keçirilib. Bu o deməkdir ki, görüşə Araik Arutyunyan maraq göstərib. Bu da sülhməramlıların mövcud vəziyyətdən o qədər də narazı olmadığını deməyə əsas verir. Lentsov Araik Arutyunyana bildirib ki, Bakıya gedəcək və bu, son ümiddir. Suallarına da yalnız Bakıdan qayıtdıqdan sonra cavab verə bilər”, - nəşr yazır.
Lentsovun Bakıdan “qazancla” qayıtmaq istədiyi məlumdur: ya postun ləğv edilməsini, ya da rusların da postda Azərbaycan sərhədçiləri ilə birlikdə dayanmasını istəyə bilər.
Hərçənd, özləri də bunun mümkünsüz olduğunu anlayırlar. Çünki artıq sərhəd-keçid məntəqəsi qurulub, Azərbaycan bayrağı ucaldılıb və bu, ləğv edilmə məsələsini tamamilə gündəmdən çıxarır. Eyni zamanda, Azərbaycan sərhəd-keçid məntəqəsində pasport və yüklərin yoxlanılmasına başlayıb, proses şəffaf şəkildə həyata keçirilir və rusların orada dayanmasına ehtiyac yoxdur. Lentsovun Bakıda istədiyini ala bilməyəcəyi ehtimalı böyükdür, onun separatçılara “bu, son ümiddir” deməsi də reallığı qəbul etdiklərini, sadəcə olaraq, erməniləri sakitləşdirməyə çalışdıqlarını göstərir.