Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sərhəddə yeni rus təxribatı?

3-05-2023, 14:40   


Sərhəddə yeni rus təxribatı?


ABŞ tərəfindən Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları ilə bağlı yeni açıqlamalar verilib.

Rəsmi Vaşinqton Qarabağda yaşayan ermənilərin “müstəqillik” və ya “öz müqəddaratını təyin etmək hüququ” kimi tələblərini absurd hesab etdiyi bildirilib.

Üstəlik, Qarabağda yaşayan ermənilərin sadəcə Azərbaycanın tərkibində etnik azlıqlardan biri kimi görmək istədiklərini Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın diqqətinə çatdırılıb.

O da qeyd olunub ki, yekun sülh sazişinin müzakirə edilən ilkin variantında hələlik 14 bənd və 3 fəsil var. Danışıqların uğurlu gedəcəyi təqdirdə, tərəflər arasında sülh sazişinin imzalanma ehtimalının real olduğu da vurğulanıb.

Bununla yanaşı, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel də ölkəsinin Cənubi Qafqazdakı sülh prosesinə sadiq olduğunu açıqlayıb.

Qeyd edək ki, son zamanlarda ABŞ-ın Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarında fəallıq nümayiş etdirdiyi görünür. Ağ Ev Kremli Cənubi Qafqazdakı proseslərdən sıxışdırmağa və onun mövqeyini zəiflətməyə çalışır. Bunun isə rəsmi Moskvanın təpkisinə səbəb olduğu açıqdır.

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun da son açıqlaması bunu biruzə verir. Onun Rusiyanın olmadığı heç bir vasitəçiliyi məqbul saymadıqlarını deməsi diqqət çəkib. Ekspertlər də hesab edirlər ki, Rusiya ABŞ-ın vasitəçiliyilə sülhün əldə olunmasına əngəl olmaq üçün təxribatlar törədə bilər.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiya bölgədə sülhün və əmin-amanlığın olmasında maraqlı deyil:

“Ötən gün Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun “biz yalnız Rusiyanın iştirakı ilə tərəflər arasında hansısa sülh müqaviləsinin imzalanmasını məqbul sayırıq” açıqlaması diqqət çəkdi. 

Əlbəttə ki, həmin sözlər Peskova deyil, Putinə aiddir. Onlar Qərbdəki görüşləri ciddi qəbul etmirlər. Bu isə o deməkdir ki, Putin açıq şəkildə Azərbaycanı və Ermənistanı hədələyir ki, siz ABŞ-da hansısa razılağa gəlsəniz belə, mən bunu pozmağa çalışacam.

Hesab edirəm ki, ABŞ-la Rusiya arasında şərəf müharibəsi gedəcək. Yəni kimin sözünün həqiqət olduğunu görəcəyik. Fikrimcə, Vaşinqton bu dəfə Moskvaya o imkanı verməyəcək. Üstəlik, Ermənistan da ABŞ kimi nəhəng bir dövlətin təşkil etdiyi görüşü pozmayacaq.

Hazırda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanma ehtimalı yüksəkdir. Bəlkə də Ukraynanın əks-hücumlarının başlamasından sonra Rusiyanın Cənubi Qafqazla məşğul olmağa heç vaxtı da olmayacaq. Bunun məsələyə birbaşa aidiyyəti olmasa da, dolayısı ilə təsiri ola bilər. Hər halda, Kreml dünən öz çirkin niyyətini bəyan etdi”.

Ekspert vurğulayıb ki, Azərbaycan heç bir halda Qarabağda olan erməni icmasına “öz müqəddəratını təyin etmək”, eləcə də “müstəqillik”lə bağlı söz verməyib və verməyəcək:

“Sadəcə, onlara mədəni muxtariyyət verilə bilər. Necə ki, Azərbaycan ərazisindəki azsaylı xalqların mədəni muxtariyyəti var. Yəni ancaq bu şəkildə qəbul oluna bilər. 

Amma görünən odur ki, Rusiya prosesə müdaxilə etmək və müəyyən absurd təkliflərini irəli sürmək istəyir. Düşünürəm ki, Azərbaycan Rusiyanın bu çirkin niyyətini var gücü ilə uzaqlaşdırmalıdır.

Kremlə başa salınmalıdır ki, bizim məqsədimiz sülh müqaviləsinin imzalanması, Cənubi Qafqazda sülhün və əmin-amanlığın təmin olunmasıdır. ABŞ-ın isə məqsədi odur ki, tərəflər normal qonşuluq şəraitində yaşayışlarını davam etdirsinlər”.

Üzeyir Cəfərov qeyd edib ki, Rusiya yenidən təxribatlar törətməyə cəhd edir:

“Amma bu dəfə onlarda alınmayacağını düşünürəm. Son 3 gündür ki, Rusiya Müdafiə Nazirliyi atəş səslərinin eşidilməsi ilə bağlı açıqlama verir, amma atəşi kimin açdığını demir.

Yəni Moskva təxribat xarakterli bu cür məlumatlar yayır ki, tərəflər bir araya gəlsə də, aralarında gərginlik hökm sürsün. Rusiya isə guya bu gərginliyin azaldılması rolunda çıxış edir.

Aydın məsələdir ki, onlar müəyyən təxribatlara cəhd edəcəklər. Biz isə bu təxribatların qarşısını almalı və onlara əvvəlki imkanları verməməliyik”.

Elmir Mustafa
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar