Anklavlar və delimitasiya: Paşinyan Azərbaycana kələk gəlməyə çalışır?

6-05-2023, 14:40   


Anklavlar və delimitasiya: Paşinyan Azərbaycana kələk gəlməyə çalışır?


Ermənistan Qazaxın yeddi kəndi və Naxçıvanın Kərki kəndini işğal altında saxladığını etiraf etdi. 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında növbəti dəfə Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsinə toxunub. O, çıxışı zamanı Ermənistanda Azərbaycanın ərazi bütövlüyünə aid olan anklavlar məsələsinə aydınlıq gətirib. 

Paşinyan ilk dəfə olaraq Ermənistanın Azərbaycana aid kəndləri işğal etdiyini və nəzarət altında saxladığını etiraf etdi. 

Lakin o, Ermənistanın Azərbaycanın tərkibində anklavlarının olduğunu da dilə gətirdi. 

“Biz kəndləri Azərbaycana qaytarmağa hazırıq, amma şərtimiz var. Əgər Azərbaycan da bizə məxsus kəndləri qaytarmağa hazırdırsa, biz də hazırıq,” – deyə Paşinyan bildirib. 

Onun iddialarına görə, hazırda Azərbaycanın nəzarəti altında olan Berkaber (Bibiş), Vazaşen (Laləkənd), Ayqeovit və Paravakar kəndləri Ermənistanın anklavları hesab olunur. 

Paşinyanın anklavlar məsələsi ilə bağlı iddiaları nə dərəcədə doğrudur? Ümumiyyətlə, anklavlar Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına ən böyük əngəl yaradan amil hesab oluna bilər?

Məsələ ilə bağlı politoloq Natiq Miri Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Paşinyanın anklavlar ilə bağlı iddialarının heç bir hüquqi əsası yoxdur: 

“Hazırda Azərbaycan və Ermənistan arasında sülh prosesinə əngəl yaradan iki əsas amil var. Birincisi, Ermənistanın Azərbaycanın qanuni ərazisi olan Qarabağa ərazi iddialarıdır. Əgər İrəvan sülh istəyirsə, mütləq qonşusuna qarşı ərazi iddialarından əl çəkməli, Qarabağda qondarma rejimin maliyyələşməsini dayandırmalı və Azərbaycanın daxili işlərinə qarışmamalıdır.
Ermənistanın da imza atacağı sülh sazişinin mətnində Qarabağ Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi təsdiq olunmalıdır. Təəssüf ki, Ermənistan hakimiyyəti bunu etmək istəmir. Bütün siyasi proseslərin yenidən beynəlxalq mexanizm çərçivəsində davam etməsini istəyir. Bu, isə Azərbaycan üçün qəbulolunmazdır.
Sülh müqaviləsinin imzalanmasına əngəl olan ikinci amil hər iki dövlətin sərhəd ərazilərinin delimitasiya olunmamasıdır. Otuz il işğal dövründə sərhəd xətləri dəyişib və Ermənistan öz sərhədini Azərbaycanın içərilərinə doğru genişləndirib. Azərbaycan da Ermənistanla əvvəlki sərhəd xətlərini bərpa etməyə çalışır və artıq bu istiqamətdə zəruri addımlar atılır. Lakin bu məsələdə müəyyən problemlər qalmaqdadır. Azərbaycanın 8 kəndi hələ də Ermənistanın işğalı altında qalır. İrəvan bu kəndləri ölkəmizə qaytarmaq niyyətində deyil.
Paşinyan iddia edir ki, guya Ermənistanın Azərbaycan ərazisinin tərkibində anklavları mövcuddur. Halbuki SSRİ dönəmində Azərbaycana məxsus nə qədər torpaqlar qanunsuz, heç bir hüquqi-siyasi əsası olmadan Ermənistana verilib. Hüquqi çərçivədə əsaslandırılmayan torpaqlar nə üçün Ermənistanın ərazi hesab olunmalıdır? Sovet dövründə buraxılan səhvlərin düzədilməsinin zamanı çatıb.
Azərbaycan rəhbərliyi bu məsələnin ciddi şəkildə nəzərdən keçirilməsini tələb edir. Ermənistan hakimiyəti isə bundan yayınır. Ona görə ki, bu gün erməni cəmiyyətində bir çoxları Paşinyana satqın damğası vururlar. Ərazi məsələlərində bizim xeyrimizə olan addımlar ona qarşı ittihamları daha da artıracaq. Sərhədlərin delimitasiyası bu gün Paşinyan hakimiyyəti üçün çox həssas mövzuya çevrilib. Ona görə də Paşinyan bu kimi məsələlərdə ehtiyatlı davranır. Hesab edir ki, sülh müqaviləsi ilə öz hüquqi təsdiqini tapmayan xırda ərazilərin Ermənistana qaytarılması onun erməni cəmiyyətində siyasi nüfuzunu bərpa edəcək. Hələlik hər iki dövlət bu məsələdə ümumi mövqe ortalığa qoya bilməyib”.

Hərbi ekspert Ədalət Verdiyev isə səkkiz kəndin Azərbaycan üçün hüquqi və siyasi cəhətdən böyük əhəmiyyət kəsb etdiyini bildirib:

“Qazaxın yeddi kəndi və Naxçıvanın Kərki kəndi sərhədlərin delimitasiyası çərçivəsində Azərbaycana qaytarılması nəzərdə tutulur. Amma Ermənistanı burada narahat edən çox ciddi məqamlar var.
Belə ki, Kərki kəndi İrəvan-Qafan-Mehri-İran yolu üzərində yerləşir. Bu yol kəndin bir neçə kilometrliyindən keçir. Kənd ərazisində kifayət qədər əraziyə vizual və atəş nəzarətini təmin edəcək dağ zirvələri yerləşir. Məhz Kərk sadəcə bir kənd deyil. Bu kənd ciddi hərbi-strateji əhəmiyyətə malik yaşayış məntəqəsidir. Bu kəndin yaxınlığındakı hündür dağın zirvəsindən Ermənistan ərazisinin böyük bir hissəsi müşahidə altında qalır.
İşğal altında olan Qazaxın yeddi kəndinə gəldikdə, bu kəndlərin Azərbaycana qaytarılması Ermənistanı Gürcüstanla birləşdirən nəqliyyat yollarını sual altına qoyacaq.
Bizim o kəndlər məhz Ermənistan-Gürcüstan magistral yolunun üzərində yerləşir. Ermənistan rəsmiləri düşünürlər ki, bu kəndlərin Azərbaycana qaytarıldığı təqdirdə onların ölkəsi ciddi problemlərlə üzləşəcəklər. Amma Ermənistanın problemləri bizi maraqlandırmır. Bizim üçün hər qarış torpaq əziz və doğmadır. Bu torpaqlar üzərində suverenliyin bərpa edilməsi labüddür”. 

Yunis Abdullayev
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.