Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə görüşəcək.
14 mayda baş tutacaq görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək.
Qeyd edək ki, 1-4 may tarixləri arasında Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüşlər keçirildi. Görünür, sülh danışıqlarının növbəti mərhələsi Brüsseldə liderlər səviyyəsində keçiriləcək. Diqqətçəkən maraqlı bir məqam isə Nikol Paşinyanın Brüssel səfəri öncəsi Moskvaya getməsi oldu. Hər dəfə Avropa İttifaqı və ABŞ-ın vasitəçiliyi ilə sülh yolunda addımlar atılanda Kremlin bunu pozmağa çalışdığını nəzərə alsaq, bu, heç də birmənalı qarşılanmadı.
Ümumiyyətlə, Brüssel görüşündən gözləntilər nələrdir? Rusiyaya rəğmən tərəflər arasında sülhə nail olmaq mümkündürmü?
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, Vaşinqtonda xarici işlər nazirləri arasında keçirilən görüş ABŞ-ın təşəbbüsü ilə Azərbaycan-Ermənistan münasibətilərinin yaxşılaşdırılmasında növbəti mərhələ idi:
"Bundan öncə də bir neçə cəhd olmuşdu. Əlbəttə ki, əsas hesab oluna bilən cəhdlərdən biri də Münxen Təhlükəsizlik Konfransında ABŞ-ın dövlət katibi Entoni Blinkenin moderatorluğu ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü idi. Bunun növbəti mərhələsi isə 1-4 mayda Vaşinqtonda və Arlinqtonda xarici işlər nazirləri səviyyəsində keçirildi. Demək olar ki, Münxendə və Vaşinqtonda cüzi də olsa əldə olunan razılaşmların hamısı ABŞ-ın təşəbbüsləri əsasında baş tutmuş görüşlərdə olub.
Ermənistanın bu razılaşmalara nə qədər əməl edəcəyi isə ayrı mövzudur. Aydın məsələdir ki, rəsmi İrəvan həmişə olduğu ki, yenə də sabotaj edəcək. İstənilən halda müəyyən razılaşmalar əldə olunub, Ermənistan da özünü bu razılaşmalara əməl edəcək kimi göstərir".
Politoloq vurğulayıb ki, Avropa İttifaqı da Rusiya kimi sülhə əngəl törətməyə çalışır:
"Vaşinqtonda keçirilən görüşün ardından Rusiya tərəfindən növbəti görüşün Moskvada olacağı açıqladı. Amma Avropa İttifaqı növbəti görüşün Brüsseldə keçiriləcəyini elan etdi. Çünki Vaşinqtonun başlatdığı təşəbbüsləri Brüssel ələ keçirməyə çalışır. Rusiya sülhü əngəlləməyə çalışır, amma o, tək deyil. Çünki Avropa İttifaqı da sülhə mane olmağa cəhd göstərir.
Məsələ ondadır ki, Avropa İttifaqı sərhəddəki gərginlikldən istifadə edərək Cənubi Qafqaza yerləşdi. Ümumi danışıqların və Ermənistanın təxribatlarının xronologiyasına baxdıqda, Avropa İttifaqının Cənubi Qafqaza mülki missiyası göndərməsi onu deməyə əsas verir ki, bu təxribatların sifarişi də Avropadan gəlib. 2021-ci ilin noyabrın 14-ü baş verən eskalasiyadan sonra danışıqlar prosesinə məhz Avropa İttifaqı cəlb olundu. Öncə 2022-ci ilin fevral ayında onlayn görüş keçirildi, Fransa Prezidenti Emmanuel Makron da bu görüşdə iştirak etdi. Ardınca isə həmin ilin aprel ayında Brüsseldə Şarl Mişelin təşkilatçılığı ilə görüş keçirildi və Avropa İttifaqı sərhədlərin delimitasiya və demarkasiyasına yardım məsələsi adı altında danışıqlara cəlb olundu.
Bundan sonra 2022-ci ilin sentyabr ayında Ermənistan hərbi təxribat törətdi və Avropa İttifaqı sərhədə öncə mülki, sonra isə yarımhərbi missiya göndərdi. 2023-cü ilin aprel ayında Ermənistanın İran dronları ilə Azərbaycan ərazisində təxribat törətməsi isə ATƏT nümayəndələrinin ölkəmizə səfərindən bir gün öncə baş verdi. Bu, o deməkdir ki, ATƏT-in nümayəndə heyətinin Bakıda olarkən əlində əsas olması üçün həmin gərginlik yaradılıb".
Ekspert Avropa İttifaqının regiona daha öncə də həmlə etdiyini xatırladıb:
"Əslində Avropa İttifaqının Cənubi Qafqaza yerləşməsi daha öncədən başlamışdı. Yəni Avropa İttifaqı Abxaziya və Cənubi Osetiya mövzusunda moderator kimi Gürcüstana yerləşməyə cəhd etdi. Təbii ki, rəsmi Tiflis Abxaziya və Cənubi Osetiya ilə tərəf kimi danışmaqdan imtina etdi. Avropa İttifaqı isə Gürcüstanla Rusiya arasında danışıqlara başlamağa səy belə göstərmədi. Göründüyü kimi, Avropa İttifaqı gərginliklərdən istifadə edərək regiona yerləşir".
Yeganə Hacıyeva hesab edir ki, 14 maydakı görüşdən xüsusi gözlənti yoxdur:
"Avropa İttifaqı növbəti görüşlə Cənubi Qafqaza mövcudluğunu genişləndirməyə təşəbbüs edir. Ona görə də bu görüşdən xüsusi gözləntilər yoxdur. Amma bu görüş ərəfəsində Ermənistanın hərbi təxribatları ola bilər. Yəni Şarl Mişelin və digər Avropa İttifaqı rəsmilərinin danışmağa sözü olması üçün təxribatlar törədilə bilər".
Elmir Mustafa
Cebhe.info