“Vaşinqton danışıqlarında gözlənilən tərəqqinin olmadığını Azərbaycan xarici işlər naziri də qeyd edib”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.
O, mayın əvvəlində baş tutan Arlinqton görüşlərindən sonra Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın “hər hansı bir irəliləyiş əldə edilə bilməyib” açıqlamasına münasibət bildirib.
Xatırladaq ki, görüşlərdən sonra ABŞ-ın dövlət katibi Entoni Blinken açıqlamasında söyləmişdi ki, tərəflər artıq sülhə bir addım daha yaxındırlar.
A.Səmədov da təsdiqləyib ki, Nikol Paşinyan bu məsələni metrə ilə ölçmək qərarına gəlib:
“O deyib ki, aramızdakı məsafə əvvəl 1000 metr idisə, indi 990 metr qalıb. Yəni mövqelərimiz arasında 10 metr yaxınlaşma var. Bu, beynəlxalq danışıqlar sayəsində birinci belə bir nümunədir. Artıq danışıqların səmərəsini metrə ilə ölçməyə başlamışıq.
Arada əsas fikri ayrılıqları olan bir sıra məsələlər də var. Birincisi, Ermənistan iddia edir ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımaq istəmir. Halbuki həm Praqada, həm də Soçidə belə bir sənəd imzalanıb. Ancaq Ermənistan hakimiyyəti orada konkret 29.743 kv.km sahənin də göstərilməsini istəyir. Lakin delimitasiyadan sonra bunu müəyyən etmək olar ki, bu, doğrudur, ya yox”.
Onun sözlərinə görə, ikinci məsələ Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin beynəlxalq təşkilatlarla, yaxud iri dövlətlərin nümayəndələri ilə birlikdə müzakirə etmək tələbidir:
“Azərbaycan təbiidir ki, özünün suveren hüququndan istifadə edir və bu danışıqları Azərbaycan hökumətinin erməni nümayəndələri ilə aparacağını deyir, eləcə də heç bir beynəlxalq mexanizmə ehtiyac olmadığını bəyan edir.
Üçüncüsü, Ermənistan sərhəddə və Qarabağda silahsızlaşdırılmış zonalar yaratmağı tələb edir. Bu da təbiidir ki, Azərbaycan üçün məqbul deyil”.
“Dördüncüsü, Paşinyan onu da tələb edir ki, sülh müqaviləsinin təminatçısı kimi kimlərsə çıxış etməlidir. Bu da kifayət qədər problemli bir məsələdir. Paşinyan təminatçı dedikdə, ilk növbədə, Fransanı nəzərdə tutur və görünür ki, başqa dövlətləri və beynəlxalq təşkilatları bu prosesə qoşmaq istəyir.
Ermənilərin əsas narazılıqları və qəbul etmədiyi məqamlardan biri də sülh sazişində Qarabağla bağlı bir bəndin olmasıdır. Hansı ki, əvvəllər tələb etmirdilər, hətta razılaşmış idilər, ancaq Vladimir Putinin məlum “Valday” bəyanatından sonra artıq onlar bu məsələni gündəliyə gətiriblər”, – o, əlavə edib.
Analitik bəyan edib ki, ermənilərin bu danışıqlardakı qeyri-konstruktivliyinin bir səbəbi də var:
“Bunu da Baş nazir Nikol Paşinyan Praqda “AzadlıqRadio”suna müsahibəsində dedi ki, 2022-ci ilin avqustunda Rusiya sülh sazişi layihəsini təqdim edib və bunu Ermənistan qəbul etsə də, Azərbaycan qəbul etməyib. Ondan sonra Rusiya bir daha bu məsələni ortaya çıxarmayıb, ancaq Paşinyan bunun xiffətini çəkir. O, bu günlərdə Rusiyaya bir daha müraciət etdi ki, gəlin, o layihəni müzakirəyə çıxaraq və biz danışıqların qəbul olunmayan Rusiya variantı əsasında aparılmasını istəyirik.
Əsas fikir ayrılıqları və Vaşinqton danışıqlarının arzuolunan nəticələri verməməsinin səbəbi budur. Güman edirəm ki, ermənilər uzun müddət bu tələblərində təkid edə bilməyəcəklər. Çünki Ermənistanda o güc yoxdur ki, Azərbaycana və iri güclərə meydan oxusun”.
Rafi MÜSLÜMOV