“Baş verən hərbi-siyasi təxribatın bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Vəziyyəti daha da gərginləşdirməyə çalışan tərəf Ermənistandır”.
Bunu Musavat.com-a politoloq İlyas Hüseynov deyib.
Politoloq bildirib ki, bütün əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır:
“Azərbaycan ordusu qətiyyətlə düşmən təxribatlarının qarşısını alır. Mühüm detal bundan ibarətdir ki, Vaşinqton görüşündən sonra Qərb təsisatları ciddi şəkildə, ardıcıllıqla sülh prosesini dəstəkləməyə qərar verdilər. Belə ki, mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Bu görüş ərəfəsində Paşinyan Qələbənin 78-ci ildönümü münasibətilə Moskvaya səfər etdi və paradı izlədi. Ardınca bu təxribatlar baş verdi.
Məlumdur ki, regionda sülhü istəməyən, daimi gərginliyin yaradılmasına çalışan qüvvələr öz fəaliyyətlərindədir. Heç şübhəsiz ki, Ermənistan da bu təxribatçı planın bir tərkib hissəsidir”.
Politoloq vurğulayıb ki, 1 həftə ərzində Prezident İlham Əliyev işğaldan azad olunan Qarabağda və Şərqi Zəngəzurda oldu, Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirildi, mühüm mesajlar verildi:
“Ulu öndərin 100 illik yubileyi münasibətilə cənab Prezidentin xalqa müraciəti oldu. Bütün bunların fonunda biz görürük ki, Ermənistan sülhdən boyun qaçıran, sülhə qarşı çıxan bir tərəf kimi özünü göstərir və bununla da Vaşinqtonda əldə olunan bütün razılaşmaların üzərindən xətt çəkməyə çalışır. Qarşıda Brüssel görüşü, Rusiyanın vasitəçiliyi ilə XİN rəhbərləri səviyyəsində görüş, Kişinyovda və Qranadada görüşlər gözlənilir. Lakin Ermənistanın hərbi-siyasi təxribatı və şəhidimizin olması onu deməyə əsas verir ki, Ermənistan regionda təhlükəsizliyə təhdid törədən əsas dövlətdir. Təhdid yaradan amillər təhlükəsizliyin gücləndirilməsi nöqteyi-nəzərdən Azərbaycanın da preventiv addımları ilə qarşılanacaq”.
Aytən Novruz
Musavat.com