Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri iki ölkə sərhədindəki atışmaya görə bir-birini sülh prosesini və iki dövət liderinin Brüssel görüşünü pozmağa cəhddə ittiham edir.
Azərbaycan-Ermənistan sərhədində çərşənbə günü axşam saatlarında başlamış atışmalarda Azərbaycan bir hərbçisini itirdiyini, birinin yaralı olduğunu açıqlayıb, Ermənistan 4 hərbçisinin yaralandığını bildirib. Tərəflər atəşkəsin pozulmasında bir-birini ittiham edir.
Sərhəddə gərginlik Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin ABŞ-da dörd günlük danışıqlarından sonraya, hər iki ölkə liderinin mayın 14-də Brüsseldə görüşünün gözlənməsi ilə bağlı məlumatların yayıldığı ərəfəyə təsadüf edir.
"Ermənistanın təxribatlarının hər zaman olduğu kimi sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır", - Azərbaycan xarici işlər nazirliyinin cümə axşamı yaydığı bəyanatında deyilir.
"Azərbaycan Vaşinqtonda əldə edilmiş razılaşmaları puça çıxarmağa və mayın 14-də Brüsseldə keçiriləcək görüşü, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı beynəlxalq birliyin səylərini pozmağa çalışır", - Ermənistan Xarici İşlər Nazirliyinin bugünkü bəyanatında deyilir.
Cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, mayın 14-də Brüsseldə İlham Əliyevlə görüşdən imtina etmək niyyətində deyil.
Bu gün Azərbaycn Xarici İşlər Nazirliyi mayın 14-də Avropa İttifaqı Prezidenti Charles Michel-i vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə, iyunun 1-də isə Avropa Siyasi İcmasının Kişinyov şəhərində keçiriləcək növbəti görüşündə Fransa Prezidenti Emmanuel Macron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə planlaşdırılan görüşlərlə bağlı da məlumat yayıb.
Siyasi təhlilçi Fuad Şahbazov hesab edir ki, sərhəddə baş verənlər Rusiyanın "növbəti müdaxiləsidir".
Onun fikrincə, tərəflərin Vaşinqton görüşünü müsbət qiymətləndirməsi və görüşün Brüsseldə davam edəcəyi xəbərləri Azərbaycan-Ermənistan arasında yekun sülhü olmasa da, müəyyən məsələlər üzrə razılaşmaları ehtiva edən bir sənəd imzalanacağına ümidləri artırmışdı:
"Lakin Baş nazir Nikol Paşinyan Moskvaya gedib qayıtdıqdan dərhal sonra bu hadisələr baş verdi. Bu hadisələr Azərbaycanın adlandırdığı kimi, Ermənistanla şərti sərhəd ərazilərində baş verdi və artıq Azərbaycan tərəfdən bir nəfər itki də var. Bu isə hesab etmək olar ki, Ermənistana Rusiya tərəfindən gələn müəyyən təzyiq məsələsidir".
Siyasi təhlilçi düşünür ki, Rusiya Azərbaycan və Ermənistan arasında Qərbin iştirakı ilə hər hansı bir sənəd imzalanmasını istəmir.
"Çünki bu, Rusiyanın tərəflər arasında vasitəçilik rolunun yox dərəcəsinə enməsinə gətirib çıxara bilər. Bu hadisələrin nəzərdə tutulan Moskva görüşündən öncə baş verməsi onu göstərir ki, burada baş verən eskalasiya sadəcə və sadəcə Moskvanın hazırda apardığı siyasətin maraqlarını tam təmin edir. Böyük ehtimalla, ola bilsin ki, Moskvada Rusiya tərəfi Ermənistan Azərbaycan tərəfləri arasında müəyyən razılaşdırmalar əldə edərək, öz mənfi vasitəçi imicini müsbətə doğru dəyişsin", - siyasi təhlilçi bildirir.
Fuad Şahbazovun sözlərinə görə, hazırda Azərbaycan tərəfdən bu cür eskalasiyanın, ümumiyyətlə, məntiqi yoxdur. O hesab edir ki, buna səbəb Azərbaycanın artıq Laçın yolunda nəzarət-buraxılış məntəqəsini qurduqdan sonra sərhəd ərazilərə, yəni, həmin Laçın ərazisinə keçən sərhədə və Qarabağda digər ərazilərə, demək olar ki, tam nəzarəti ələ keçirməsidir.
"Brüssel görüşündən öncə Azərbaycan üçün belə bir eskalasiya maraqlı deyildi. Baxmayaraq ki, Paşinyan da bu gün deyib ki, Brüssel görüşündə sənəd imzalanması zəif ehtimaldır. Demək ki, burada müəyyən mənada Rusiyadan hər hansı bir təzyiq var ki, Brüssel görüşündə hər hansı bir sənəd imzalanmasın. Belə bir sənəd Moskva görüşündə imzalansın", - Fuad Şahbazov bildirib.
Azərbaycan Müdafiə Nazirliyi xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin mayın 10-da axşam saatlarından "Azərbaycan mövqelərini atəşə tutması hazırda da davam edir".
"Ermənistan silahlı bölmələri təxribatlarını genişləndirmək məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə etməklə, mövqelərimizi atəşə tutmağa davam edir. Azərbaycan ordusunun bölmələri tərəfindən qətiyyətli cavab tədbirləri görülür", - nazirlik bildirir.
Qurumun məlumatına görə, çərşənbə günü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Vardanes rayonunda "yerləşən mövqelərindən Azərbaycan ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub".
"Nəticədə Azərbaycan ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu başından ağır yaralanıb. Yaralı hərbçi dərhal hərbi tibb müəssisəsinə çatdırılıb", -Azərbaycan MN qeyd edir.
Azərbaycan Müdafiə Nazirliyi vurğulayır ki, "Ermənistan tərəfinə təxribatlara son qoyulması və qəsdən vəziyyəti gərginləşdirməməsi barədə xəbərdarlıq edilsə də, qarşı tərəf növbəti dəfə atəşkəsi pozub. Təxribat törədilən istiqamətdə Azərbaycan ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb".
Azərbaycan "qəsdən törədilən bu təxribata görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü" deyir.
Ermənistan MN: "Dörd hərbi qulluqçumuz yaralanıb"
Ermənistan Müdafiə Nazirliyi cümə axşamı günü yaydığı açıqlamada Azərbaycan hərbçisinin yaralanması xəbərini təkzib edib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin cümə axşamı günü yaydığı məlumata əsasən, Ermənistanın Sotk məntəqəsi istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində dörd hərbi qulluqçusu yaralanıb.
"Ermənistan tərəfinin mövqeləri cümə axşamı günü saat 6:00-dan atəşə tutulmağa başlayıb. Ermənistan Silahlı Qüvvələrinin mövqelərinə top və minaatanlardan atəş hələ də davam edir", - Ermənistan Müdafiə Nazirliyi bildirir.
Ermənistan Müdafiə Nazirliyi, həmçinin Azərbaycan hərbçilərinin yaralı erməni hərbi qulluqçularını atəş zonasından çıxaran təcili yardım maşınını atəşə tutduğunu iddia edib, Azərbaycan MN bunu təkzib edib.
"Cümə axşamı günü saat 10:10-a olan məlumatına görə, Sotk məntəqəsi istiqamətində gərginliyin zəifləməsi müşahidə olunur", Ermənistan MN-nin mətbuat katibi Aram Torosyan Facebook rəsmi səhifəsində yazıb.
Mayın əvvəli Washingtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində iki ölkə arasında əlaqələrin normallaşmasına dair görüşlər keçirilib.
Azərbaycan və Ermənistan tərəfləri də öz bəyanatlarında bildiriblər ki, tərəflər bu görüşlərdə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.
ABŞ dövlət katibi Antony Blinken də görüşlərdən sonra bildirib ki, Azərbaycan və Ermənistan son razılaşmaya yaxındır.