Bəlli olduğu kimi, Rusiya Gürcüstanla viza rejimini ləğv edib. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur. Eyni zamanda Rusiya aviaşirkətlərinə Gürcüstana uçuş qadağası da ləğv olunub. Bir neçə il öncə Gürcüstan vətəndaşları hətta Rusiyaya getməkdən çəkinirdilər. Qərbə üz tutan Gürcüstan hətta Şengen razılaşmasına da qoşulmuşdu. Gürcüstanda hakimiyyət dəyişikliyindən, xüsusilə İvanaşvilinin iqtidarı dönəmində Rusiya ilə münasibətlər düşmən formatından çıxdı, yaxınlaşma baş verdi. Sanki 2008-ci il hadisələri Gürcüstan üçün bir dərs oldu...
Hazırda isə bu yaxınlaşma viza rejiminin aradan qaldırılmasınadək inkişaf edib.
Lakin bu qərarı Gürcüstan Prezidenti Salome Zurabişvili kəskin pisləyib. Gürcü prezident deyib ki, Rusiya tərəfindən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi və Gürcüstanla birbaşa uçuşların bərpası qəbuledilməzdir. “Növbəti Rusiya təxribatı. Ukraynada münaqişə davam etdiyi və Gürcüstanın ərazi bütövlüyü bərpa olunmadığı müddətdə Rusiyanın viza rejimini ləğv etməsi və birbaşa uçuşların bərpası qəbuledilməzdir”, - Zurabişvili bildirib. O, hökuməti Təhlükəsizlik Şurasını toplamağa çağırıb. Prezident hesab edir ki, qərar Rusiyanın maraqlarına xidmət edir və Avropa İttifaqının 12-ci sanksiya paketinin təsdiqləndiyi bir vaxtda Gürcüstanla viza rejiminin ləğvi Moskvaya sərfəlidir.
Görünür ki, Rusiya sanksiyalar girdabında boğulduğu bir vaxtda bundan yayınmaq, kompensasiya etmək üçün qonşuları ilə iqtisadi əlaqələri gücləndirir. Ermənistan da bu məsələdə az rol oynamır. İrəvan Qərbdən sifariş etdiyi məhsulları öz malı adı ilə Rusiyaya satır. Bu da Qərbin xoşuna gəlmir. Yəni Rusiya sanksiyaları bölgədəki dövlətlərin kanalları hesabına tranzit şəklində dəlib-deşməkdədir. Yeri gəlmişkən, Tiflisdə Rusiya ilə birbaşa aviaəlaqələrin bərpası əleyhinə aksiya keçirilib. Xarici İşlər Nazirliyinin binası qarşısına toplaşan etirazçılar müxtəlif plakatlar qaldırıblar. Onlardan birində “Rusiya işğalçıdır!” yazısının olması diqqət çəkib. Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili isə deyib ki, Rusiyanın Gürcüstanla viza rejiminin ləğv etməsi qərarını alqışlayırıq: “Qərar vətəndaşlarımızın gündəlik həyatını asanlaşdıracaq”.
Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze söyləyib ki, Gürcüstan hökuməti Rusiyadan ziyarətçi axınının artacağı təqdirdə ruslara qarşı ksenofobiyanın qızışdırılmasına imkan verməyəcək. “İndi turistik mövsum yaxınlaşır və onlar (müxalifət - E.S.) yenidən cəmiyyətdə panika yaratmağa çalışır ki, guya xeyli etnik ruslar gəlir və bu, ölkənin süqutuna səbəb ola bilər. Əlbəttə, biz ölkədə ksenofobiyanın qızışdırılmasına imkan verməyəcəyik. Gürcüstanda ksenofobiyaya yer yoxdur”, - deyə o bildirib. Maraqlıdır, Gürcüstanın dövlət siyasətində Qərbdən uzaqlaşıb Rusiya ilə yaxınlaşmaq tendensiyası yaşanır? Qərbin buna reaksiyası necə olacaq? Gürcüstanın özü üçün hansı sərfəlidir: Rusiya ilə konfliktə gedib, Qərbə yaxınlaşmaq, yoxsa əksi? Rusiya ilə yaxınlaşma Gürcüstanın işğal olunmuş ərazilərinin geri qaytarılmasına da səbəb ola bilərmi?
Qabil Hüseynli
“Yeni Müsavat”a danışan professor Qabil Hüseynli şübhəli hadisələr baş verdiyini düşünür. “Birdən-birə nə oldu ki, ruslar viza rejimini qaldırmağa başladılar. Üstəlik, gürcü prezidenti bu qərarın Rusiyanın iqtisadi maraqlarına xidmət etdiyini bildirir. Qərblə əlaqələri tam dayanmaq üzrə olan Rusiya viza sistemini ləğv etməklə özünün Cənubi Qafqazla münasibətlərini daha da genişləndirməyə çalışır. Bəli, Təhlükəsizlik Şurasının təcili toplanmasını tələb edən Gürcüstan Prezidenti bunun ölkənin suverenliyi üçün təhlükə yarada biləcəyini söyləyir. Düzdür, Zurabaşvilinin mövqeyini hökumət bölüşmür və TŞ-nin iclasının baş tutacağını söyləmək asan deyil. Bütün bunlar göstərir ki, uzun müddətdir hökumət və digər qurumlar tərəfindən saya salınmayan Gürcüstan Prezidenti artıq ciddi addımlar atmağa hazırlaşır, Qərbin maraqlarına uyğun olmayan Rusiya ilə yaxınlaşma layihəsini ölkənin təhlükəsizliyi üçün təhdid hesab edir. Prezident-hökumət qarşıdurmasının hakimiyyət böhranına gətirib çıxaracağı isə istisna edilmir”, - deyə Q.Hüseynli bildirdi.
Emil SALAMOĞLU
“Yeni Müsavat”