“Azərbaycan-Ermənistan liderləri ilə yanaşı, xarici işlər nazirləri arasında baş tutan görüşlər sırf sülh danışıqlarına hesablanmış görüşlərdir. Sərhəddə baş verənlərə isə adından da məlum olduğu kimi təxribatdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.
Onun fikrincə, növbəti Brüssel görüşünün qarşısını almaqda bir çox güclərin marağı var:
“Nəzərə alınmalıdır ki, Ermənistan ordusunun üzərində daxilində Rusiyanın, Qərb ölkələrinin və hətta İranın belə təsiri var. Hər bir tərəf aktiv şəkildə prosesi bu və ya digər formada təxribata yönləndirə bilər.
Görünür ki, Nikol Paşinyan Ermənistan ordusunun daxilində baş verənlərdən və bu təxribatdan xəbərdardır. Yəqin ki, ona kəşfiyyat məlumatları veriblər. Ona görə də o, Brüssel danışıqlarından imtina etməyəcəyini deyib”.
S.Hümbətovun fikrincə, təxribatın baş verməsi ilə əlaqədar olaraq bütün danışıqları dayandırmaq nəticəsiz bir hərəkət ola bilər:
“Çünki istəyirik ki, sülh danışıqları prosesi məntiqi sonluğunu tapsın. Danışıqlar prosesi davam etməlidir və edəcək də. Azərbaycan tərəfi də böyük ehtimalla bundan imtina etməyəcək. Yəni danışıqlar davam edəcək və təxribatlar da davamlı olacaq”.