Napoleon hesab edirdi ki, dövlət adamının ürəyi başında olmalıdır. Yəni siyasətçi ölkəni beyni ilə idarə edir, hissləri ilə yox... Amma bu fikirləri Ermənistanın küçədən kabinetə gələn baş naziri Nikol Paşinyan haqda söyləməkdə çətinlik çəkirik. Çünki vəzifəsi baş nazir olsa da, onun ürəyi başında deyil. Sadəcə, postsovet məkanına ixrac edilən pullu inqilabın bir səhifəsi də Ermənistan idi. Qərbin xüsusən Cənubi Qafqazda növbəti eksperimenti Nikol üzərindən aparıldı. Buna qədər ilk test Gürcüstan olmuşdu. Lakin qızılgül inqilabının lideri Mixail Saakaşvili indi ağaları tərəfindən atılmış bir vəziyyətdə, xəstəxana hücrəsində canı ilə əlləşir. Paşinyanın da "Mişa"nın aqibətini yaşayacağı həmişə aktualdır. Qərbin öz kadrlarını qurban vermək təcrübəsi yeni deyil. Prezident İlham Əliyev Şuşada beynəlxalq konfransda çıxışı zamanı bu mövzuda çox incə bir ismarış vermişdi: dövlət başçısı qeyd etmişdi ki, illər əvvəl Gürcüstan və Ukraynaya NATO-ya üzvlük vəd edənlər sözlərini tutmadılar, əvəzində bu ölkələri strateji qarşıdurmanın meydanına çevirdilər. Azərbaycana da bu vədlər olmuşdu, prezident dedi ki, amma biz NATO-da ikinci qüdrətli ordu olan Türkiyə ilə hərbi müttəfiqliyi yüksəldib bu standartlara uyğun ordu quruculuğunu inkişaf etdiririk. Belə desək, həmin ölkələri Rusiya ilə üz-üzə qoydular. 2008-ci ildə rus tankları Tiflisin 25 kilometrliyində idi, 2022-ci ilin fevralında isə "Z" ordusu Kiyevdən Luqanska qədər indiyə kimi bombalar yağdırır, Ukraynanın Azərbaycan ərazisindən də böyük hissəsi işğal altındadır. Eynilə Paşinyan da Ermənistanı Qərblə Rusiyanın strateji mübarizə oylağına çevirib. Eyni siyasi səhvlər, Saakaşvilinin və Zelenskinin yanlış kursu, nəticədə isə getdikcə Ermənistan uğrunda yarış güclənir. Bu isə Paşinyanı analoji taleyi yaşamaq riski ilə üzləşdirib. Fərq ondadır ki, Rusiyanın Gürcüstan və Ukraynadan fərqli olaraq, Ermənistana daha çox təzyiq imkanı mövcuddur. Anaxeber.info yazır ki, millət vəkili Zahid Oruc parlamentdə son çıxışında da bu prosesə toxunaraq "Paşinyandan ikinci Saakaşvili düzəldirlər" söylədi. Deputatın məntiqli təhlili ondan xəbər verir ki, Ermənistan sülh müqaviləsi imzalamamaq üçün də iki stulda əyləşmək siyasəti yürüdür. Belə ikibaşlı oynamaq isə nəhayətdə siyasətçini yandırır. Z.Oruc Paşinyanın özünü demokrat kimi təqdim etməsinə də münasibət bildirərək qeyd edib ki, işğalçı, separatizmə dəstək verən ölkə demokratik sayıla bilməz. Millət vəkili tamamilə dəqiq diaqnoz qoyub və bura əlavə edə bilərik ki, "Nemezis"ə abidə qoyan, daşnakçılarla eyni ideoloji xəstəliyi bölüşən bir siyasi iqtidar da xalqına demokratiya bəxş edə bilməz. Üstəlik, son hadisələri - Zod istiqamətində olan may müharibəsini, erməni təxribatlarını da vurğulamaq lazımdır. Çünki Qərb masasında, bu gün Brüsseldə keçiriləcək görüş ərəfəsində Paşinyan 9 May paradında iştirak zamanı Rusiyadan aldığı təlimatla sərhəddə münaqişə yaratdı. Moskvanın diqtəsi ilə hərəkət edərək Qərb platformasında danışıqlara zərbə vuran bir baş nazirdən demokrat ola bilməz. Avropa Birliyinin yarımmülki missiyası sərhəddə hadisələri gördükləri halda, Ermənistan yenə də təxribatlardan əl çəkmədi. O zaman beynəxalq təsisatlar, müxtəlif insan haqları təşkilatları necə olur ki, Ermənistana "gözün üstə qaşın var" demir, amma Azərbaycanı hesabatlarda ən aşağı sıralarda təqdim edirlər?! Bu necə demokratik Ermənistandır ki, terror abidəsi ucaldır, sərhəddə münaqişəyə səbəb olur, baş naziri "Qarabağ Azərbaycan ərazisidir" etirafını etdiyi halda başqasının torpağında 10 min erməni hərbçisi saxlayır? Şübhəsiz ki, hörmətli Zahid Oruc çıxışında da bu elementləri nəzərdə tutaraq əslində proqnoz verdi ki, Paşinyan bir yandan Serjik Sərkisanlaşır, digər tərəfdən isə ondan Saakaşvili düzəldib ölkəni iki qütbün strateji toqquşma meydanına çevirirlər. Sözsüz ki, Azərbaycana ədalətsiz yanaşma Qərbin köhnə şakəridir, Ermənistana işğalçı deməyənlər indi faşistləri demokrat libasında görürlər. Ancaq gec-tez Paşinyan da dilemma qarşısında qalacaq, seçim anı gələndə isə ya Rusiya onunla haqq-hesab çürüdəcək, ya da Sorosdakı dostları onu satacaq. Millət vəkili Zahid Oruc Azərbaycan hakimiyyətinin siyasi kursuna, xarici siyasət strategiyasına bələd olan dərin analitik kimi əslində Ermənistan rəhbərliyinə rəsmi Bakının mesajını ünvanlamış oldu: nə qədər sülh sazişini imzalamağı acı bağırsaq kimi uzadacaqsan, nə qədər iki stulda oynamaq siyasəti yürüdəcəksən, bir o qədər addım-addım Azərbaycan sahədə öz işini görəcək, Qarabağdakı 10 min silahlı qulduru məhv edəcək, Zəngəzurda mövqelər qazanacaq. Və Zahid Oruc təxmini bu prosesin anonsunu vermiş oldu: Rusiya ilə Qərbin qucağından-qucağına düşməyi davam etdirən, gah Kremlin arzularını ifadə edərək sərhəddə təxribat yaradan, gah ABŞ-dan, Fransadan (hərbi atteşenin yaradılması) dəstək qazanmağa çalışan Paşinyan bir gün bu oyunda rəzil vəziyyətə düşəcək - ya Saakaşvili kimi həbsxanada gözünü açacaq, ya ölkədən qaçacaq, ya da Gümrüdəki 102-ci bazadan çıxan rus tanklarını İrəvanın mərkəzində görəcək. Ona görə də tezliklə ya sülh, yaxud da terrorçu "Nemezis"ə abidə qoyan saxta demokratın rəzil sonu...
Anaxeber.info