“Brüssel formatının yenidən işə başlaması, canlanması çox yaxşı bir haldır. Çünki regionda sülh, təhlükəsizlik və sabitlik istiqamətində Brüssel formatı, Avropa İttifaqının vasitəçilik səyləri çox önəmlidir və təqdir olunmalıdır”.
Bunu Musavat.com-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloq bildirib ki, ötən il dekabrın 7-də Brüssel formatında növbəti görüşün keçirilməsinə əngəl yaradan Fransa öz niyyətinə çata bilmədi:
“Brüssel formatı bu gün fəaliyyətdədir. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında növbəti görüş baş tutdu. Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinə doğru tərəflərin mövqelərinin yaxınlaşdırılması, eləcə də kommunikasiya xətlərinin açılması, humanitar məsələlərin həlli, piyada və tank əleyhinə basdırılmış minaların xəritələrinin Azərbaycana verilməsi, Birinci Qarabağ müharibəsinin yekunları il bağlı itkin düşən azərbaycanlıların aqibətinin müəyyən olunması hər zaman olduğu kimi prioritet təşkil edirdi. Brüssel tərəflər arasında öz sülh gündəliyini formalaşdırmağa çalışır, müəyyən istiqamətləri bu formata qatır. Xüsusilə sərhədlərin delimitasiyası və demarkasiyası, sülh müqaviləsinin imzalanması məhz Brüssel formatında canlanan narrativlərdir və bu, bölgədəki sülhü gücləndirməyə yönəlib”.
Politoloq qeyd edib ki, Şarl Mişel vasitəçi yox, daha çox dialoqa dəstək verən tərəfdir:
“Tərəflər arasında dialoqu gücləndirir. Eyni zamanda Münhen Təhlükəsizlik Konfransından sonra Vaşinqtonda və Arlinqtonda XİN rəhbərləri səviyyəsində keçirilən görüş də böyük ölçüdə Brüssel formatına dəstək oldu.
Qarşıda isə yeni hədəflər, məqsədlər görünməkdədir. Bu məqsəd Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin Praqadan sonra növbəti sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında dialoqun formalaşdırılmasıdır. Fransa danışıqlarda heç də moderator kimi iştirakı nəzərdən keçirmir. Sadəcə qeyri-rəsmi görüş keçiriləcək, regiondakı məsələlər diqqət mərkəzində saxlanılacaq. Digər tərəfdən, müstəqil geosiyasi aktor kimi Almaniya kansleri Olaf Şoltsun da marağını müşahidə edirik. Düşünürəm ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, ona hörmətlə yanaşan Almaniyanın bu görüşdə iştirakı Makronun qeyri-konstruktiv və birtərəfli, ermənipərəst mövqeyinə qarşı balanslaşdırılmış bir münasibəti sərgiləyəcək. Amma buna qədər artıq post-Brüssel məsələləri müzakirə olunacaq. Ola bilsin ki, danışıqların müəyyən detalları daha geniş şəkildə üzə çıxacaq. Lakin Qərb çox çalışır ki, Kişinyovda tərəfləri müəyyən hüquqi zəminə çıxartsın. Hətta bu alınmasa belə, İspaniyanın Qranada şəhərində növbəti görüşün keçirilməsi çərçivəsində əldə olunan razılıqları hüquqi zəmində bərkitməyə çalışır. Bu gün Qərb koalisiyası Cənubi Qafqazda sülhün və təhlükəsizliyin gücləndirilməsində maraqlıdır. Biz bunu danışıqların intensivliyində hiss edirik”.
Aytən Novruz
Musavat.com