Azərbaycandan Fransaya tərs şillə - iyunun 1-də... – SENSASİON detallar

15-05-2023, 09:54   


“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan siyasi liderlərinin Brüsseldə keçirilən görüşünün ən mühüm özəlliyi onunla bağlıdır ki, sonuncu Praqa görüşündən sonra Brüssel formatının davam etdirilməsində ciddi problemlər yaranmışdı. Çünki Ermənistan tərəfi çalışırdı ki, Fransa bu formatda əsas iştirakçılardan biri olsun. Lakin Azərbaycan dövlətinin, Prezidentin prinsipial və qətiyyətli mövqeyi Ermənistanın bu niyyətinin və Fransanın məlum yanaşmasının qarşısını aldı”.

Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

elman.jpg (79 KB)

Millət vəkili bildirib ki, budəfəki Brüssel görüşü üçtərəflidir:

“Bu o deməkdir ki, Brüssel formatı bərpa olundu. İkincisi, bu görüşdə müzakirə olunan məsələlər gündəliklə bağlı məsələlərdir. Bunlar Azərbaycan tərəfinin irəli sürdüyü məsələlərdir. İlk növbədə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması ilə bağlı münbit şəraitin təmin edilməsi, bu istiqamətdə növbəti addımların atılması, kommunikasiyaların bərpası ilə bağlı məsələlər ciddi müzakirə edilib. Eyni zamanda təbii ki, Azərbaycan humanitar xarakterli məsələləri də hər zaman gündəmdə saxlayır. Söhbət ilk növbədə Ermənistanın mina terrorizmi siyasətindən gedir. Həmçinin, söhbət Ermənistanda həyatına son qoyulmuş soydaşlarımızın taleyi ilə bağlı məsələlərdən gedir. Birinci Qarabağ müharibəsində Ermənistanın soydaşlarımıza qarşı həyata keçirdiyi terror siyasəti və onun ağır nəticələri ilə bağlı məsələlər də müzakirə predmeti olub. Bu görüş həm də onu göstərdi ki, artıq Fransanın iştirakı problemləri həll etmir, onların daha da dərinləşməsinə xidmət göstərir. Fransanın Avropa İttifaqında da əvvəlki nüfuzunun olmadığı faktı üzə çıxdı. Yeri gəlmişkən, Şarl Mişelin Brüssel formatının formalaşmasında və bu format çərçivəsində aparılan danışıqların uğurunun təminatında rolu kifayət qədər böyükdür. O, Azərbaycan və Ermənistan arasında siyasi dialoqun aparılması üçün bütün səylərini səfərbər edib ki, bu da diqqətdən yayınmayan çox vacib məsələlərdən biridir”.

ilham.jpg (126 KB)

Elman Nəsirov iyunun 1-də baş tutacaq Kişinyov görüşündən də danışıb:

“Kişinyov görüşü xüsusi bir format deyil. Bu prosesdə Azərbaycan və Ermənistan siyasi liderləri ilə yanaşı, Fransa və Almaniya liderlərinin də iştirakı məsələsi nəzərdə tutulur. Amma bir daha qeyd edirəm ki, bu, xüsusi bir format deyil. Bu, qeyri-rəsmi görüşdür. Kişinyov görüşündə təkcə Fransa prezidenti deyil, həm də Azərbaycana qarşı obyektiv mövqeyi ilə seçilən, Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən və regionda dayanıqlı, davamlı sülhün formalaşmasında maraqlı olan Almaniyanın kansleri də iştirak edəcək. Bu, bir daha onu göstərir ki, Fransanın Cənubi Qafqazda sülh prosesinə müdaxilə edib ermənipərəst mövqe nümayiş etdirməsi imkanları faktiki olaraq yox səviyyəsindədir. Brüssel formatına növbəti qayıdış və həmin formatda Fransanın yer almaması bir daha dediklərimi təsdiqləyir”.

Aytən Novruz
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.