Sülh danışıqlarına açılan atəş: Rusiya nə qədər dirənəcək?

15-05-2023, 14:18   


Sülh danışıqlarına açılan atəş: Rusiya nə qədər dirənəcək?


Dünən Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi.

Görüşün ardından Şarl Mişel bildirib ki, tərəflər Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasında əldə edilən tərəqqiyə fokuslanıblar və liderlər Cənubi Qafqazda sülhə ümumi istəklərini ifadə ediblər.

O qeyd edib ki, hər iki lider Ermənistanın 29,8 min və Azərbaycanın 86,6 min kv.km-lik ərazi bütövlüyünə hörmətini təsdiqləyib.

Brüsseldə sülh danışıqları getməsinə baxmayaraq, yenidən atəşkəs pozulub. Belə ki, ötən gün saat 20:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini 60 mm minaatanlardan atəşə tutulub.

Yəni sülhlə bağlı danışıqlar aparılsa da, Qarabağda yenə də atəş açılır.

Görünür, Rusiya bu təxribatın arxasında dayanaraq onsuz sülh müqaviləsi imzalanmağına imkan vermək istəmir.

Maraqlıdır, ABŞ və Avropa Rusiyanı prosesdən kənarlaşdıraraq Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail ola bilər?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Natiq Miri bildirib ki, ABŞ başda olmaqla Qərb Azərbaycan və Ermənistan arasında tezliklə sülhün əldə olunmasına çalışır:

“Bununla da Rusiyanın regiona, yəni Azərbaycan və Ermənistana təsir imkanlarının azalması hədəflənir. Ancaq buna nail ola bilib-bilməyəcəkləri sual doğurur. Bunun üçün mütləq mənada ədalətli yanaşma ortaya qoymalıdırlar ki, Azərbaycan bu prosesi qalib dövlət kimi qəbul edə bilsin. 

Əgər ortada Rusiyanın davranışı kimi birtərəfli qaydada Ermənistandan yana siyasət olacaqsa, o zaman sülh sazişi alınmayacaq. Üstəlik, Azərbaycan üçün belə bir məcburiyyət də yoxdur. Artıq Azərbaycan ərazi bütövlüyün sərhəd-keçid məntəqəsi yaratmaqla təmin edib.

Rəsmi Bakının bundan sonra atacağı addım bəllidir. Yəni növbəti addım suveren hüquqlarını bütün ərazilərində bərqərar etməkdən ibarət olacaq. Azərbaycan necə ki, birtərəfli qaydada ərazi bütövlüyünü təmin etdi, bunu da eynən o cür təmin edə bilər. Amma bunu beynəlxalq səviyyədə üçtərəfli danışıqlar çərçivəsində də edə bilər”.

Politoloq vurğulayıb ki, Rusiyanın prosesdən kənarlaşdırılması daha çox beynəlxalq birliyin davranışlarından asılı olacaq:

“Əgər Qərb prosesdən kənarda qalmaq istəmirsə, ədalətli davranmalı və Ermənistanı məcbur etməlidirlər ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində yaratdığı reallıqları qəbul etsin. 

Amma yenə də Ermənistanın “başını sığallamağa” davam edib, Azərbaycanı müəyyən güzəştlərə vadar etmək və  “Qarabağ kartı”ndan istifadə edərək yenə də oyunlar qurmağı düşünəcəklərsə, bu, alınmayacaq. Əslində bu da Rusiyanın maraqlarına xidmət etməkdir. Sülh sazişini imzalatmaq üçün mütləq mənada ədalətli mövqe ortada olmalıdır. Çünki Azərbaycan qalib ölkədir.

Nəzərə almaq lazımdır ki, Ermənistandan yana istənilən birtərəfli davranış prosesi pozur. Pozulan proses isə yalnız Rusiyanın marağına uyğundur. Ona görə də Qərb ədalətli davranmalı və Ermənistanı yeni reallıqları qəbul etməyə məcbur etməlidir".

Elmir Mustafa
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.