Azərbaycanda qarışıqlıq yaratmaq üçün xain plan: “İzlər yenə İrana çıxır”

16-05-2023, 18:10   


Azərbaycanda qarışıqlıq yaratmaq üçün xain plan: “İzlər yenə İrana çıxır”


Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə məlumat yayaraq Azərbaycanda “Kərimə” dövləti qurmaq və iğtişaşlar törətmək istəyən daha bir qrupun həbs olundğunu bildirib. 

Həmin planın bir hissəsi kimi Rufulla Axundzadə “whatsapp”, “telegram” və digər ani mesajlaşma sistemlərində məxfi qruplar yaradıb. Bundan başqa R.Axundzadə və oğlu Ə.Axundzadə həyatlarına sui-qəsdlərin təşkil edilməsi üçün vəzifəli şəxslərin və ictimai xadimlərin siyahısını, onların anket məlumatları, yaşayış və iş yerlərinin ünvanlarını qrup üzvlərinə təqdim ediblər.

Bu məqsədlə o, odlu silah əldə etmək və “molotov kokteyli” hazırlamaqla bağlı qrup üzvlərinə tapşırıqlar verib. 

Əməliyyat zamanı “Qısas 313” adlı qrupun 7 nəfər üzvü -Elgün Ağayev, Ruslan Əliyev, Yusif Mirzəyev, Elvin Cəfərov, Savalan Hüseynli, Bilal Sücəddinli, Məhərrəməli Musayev, eləcə dəst qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər.

Rufulla Axundzadə adları sadalanan şəxsləri təlimatlandıraraq onları təsir dairəsində saxlamaq məqsədi ilə davamlı virtual görüşlər keçirib. Bu yolla o, dəstə üzvlərində radikal meyillərin daha da güclənməsinə şərit yaradıb. Göründüyü kimi, İran tərəfi Azərbaycanda olub.

Məlum olduğu kimi, İranın Azərbaycana qarşı planın ilk hədəflərindən biri də Milli Məclisin deputatı Fazil Mustafa olub. İndi isə molla rejiminin bu xain planı davam etdirmək niyyətində olduğu üzə çıxır.

Milli Məclisin deputatı Elman Nəsirov Cebhe.info-ya açıqlamasında bildirib ki, yenə də izlər İrana çıxır: 

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun yaydığı birgə bəyanatda qondarma “Kərimə” dövləti yaratmaq istəyənlərin həbs edildiyi ilə bağlı məlumat yer alıb. O da qeyd olunub ki, terror yolu seçmiş bu şəxslər Azərbaycandakı ictimai-siyasi xadimlərin məlumatlarını, yaşayış yerlərini və fəaliyyətlərini araşdıraraq, gələcəkdə onlara qarşı terror əməli həyata keçirmək niyyətində olublar. 

Bu, hər üç qurumun öz missiyasını yüksək səviyyədə yerinə yetirməsinin nəticəsi kimi qiymətləndirilməlidir. Bu nöqteyi-nəzərdən həm Daxili İşlər Nazirliyi, həm Dövlət Təhlükəsizliyi Xidməti, həm də Baş Prokurorluq ən yüksək tərifə layiqdir. Onlar həqiqətən də öz vəzifələrini icra edərək, Azərbaycan vətəndaşlarını və ictimai-siyasi xadimlərimizi qoruyurlar. Amma burada bizi narahat edən məqam odur ki, yenə də izlər gedib İrana çıxır.

Yenə də onların İran tərəfindən maliyyələşdirildiyi və hazırlandığı faktları var. Bu, o deməkdir ki, rəsmi Tehran hələ də Azərbaycana münasibətdə özünün məlum mövqeyini davam etdirməkdədir. İran Azərbaycana qarşı təxribatçı davranışına son qoymaq əvəzinə, bunu daha da genişləndirmək niyyətini ortaya qoyur. 

Yeri gəlmişkən, ölkə Prezidenti cənab İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransda İranla bağlı məsələyə toxunanda qeyd etdi ki, münasibətlərimiz heç zaman olmadığı səviyyədə aşağı enib, amma biz münasibətlərin bərpasında maraqlıyıq. Prezident diqqətə çatdırıb ki, biz qonşuluq siyasətinə sadiq olmuşuq, münasibətləri pozan İrandır.

Cənab Prezident konkret misallarla onu göstərdi ki, İranın atdığı addımlar rəsmi Bakı və Tehran münasibətlərindəki indiki aşağı səviyyəni və mövcud gərgin vəziyyəti şərtləndirib. Bunlar aradan qaldırılacağı təqdirdə isə münasibətlərimizə yenidən bərpası mümkündür”. 

Millət vəkili əlavə edib ki, son hadisələr və həbslər onu göstərir ki, İran yenə də öz siyasətinə sadiqdir: 

“Rəsmi Tehran Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün pozitiv addımlar atmaq yerinə, yenə də ölkəmizdəki siyasi sabitliyin pozulması əleyhinə addımlar atır. Təbii ki, bu da Azərbaycan ictimaiyyətində də haqlı narahatlığa və narazılığa səbəb olur. Son hadisə də onu göstərdi ki, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, xalq-iqtidar həmrəyliyini dağıtmaq xülyadır. Ümumiyyətlə, belə bir şey mümkün deyil və illuziyadır. 

İran ünvanı səhv salıb. Onlar İran İslam İnqilabı ideologiyasını və bu siyasətini başqa ünvanlarda həyata keçirə bilər. Azərbaycan bunun üçün münbit olmayan bir yerdir. Azərbaycanda xalq-hakimiyyət birliyi və səfərbər olunmuş cəmiyyət var. Azərbaycan cəmiyyəti vətəndaş müharibəsindən vətəndaş həmrəyliyinə qədər tarixi yol keçib. Ona görə də bizimlə bu cür davranış İran üçün bumeranq effekti yaradır. Hesab edirəm ki, İranın ali siyasi rəhbərliyi papağını qarşısına qoyaraq bu məsələləri bir daha analiz etməli və düzgün nəticələr çıxarmalıdır”. 

Elmir Mustafa
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.