Qarabağın və Şərqi Zəngəzurun “Ağ fil layihələri": Füzuli, Zəngilan, Laçın hava limanları

18-05-2023, 12:37   


İlham Əliyev və Recep Tayyip Erdoğan

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan (solda) və Azərbaycan Prezidenti İlham Əliyev (sağda) və aeroportun tikintisində iştirak edən türk və azərbaycanlı şirkət rəhbərləri 20 oktyabr 2022-ci il tarixində Zəngilan hava limanının açılışını edirlər

Məqalə barədə məlumat
  • Müəllif,

Aprel ayının sonu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Boeing” şirkətinin baş icraçı direktoru Stanley Deal-la görüşündə Azərbaycanın “Boeing”-dən 8 təyyarə almasından da danışıb.

President.az yazıb ki, görüşdə tərəflər Qarabağda və Şərqi Zəngəzurda yeni hava istiqamətlərinin açılmasının önəmini vurğulayıblar.

Azərbaycan təkcə “Boeing”dən yox, “Airbus”dan da 12 təyyarə alacaq.

Anqarını yeni təyyarələrlə zənginləşdirən Azərbaycan bir yandan da Laçında yeni aeroport tikintisinə davam edir və bununla işğaldan azad olunan ərazilərdə hava limanlarının sayı üçə çatacaq.

Azərbaycanın digər bölgələrində də hava limanları var, Gəncə və Naxçıvan istisna olmaqla, digərləri, yəni Zaqatala, Lənkəran və Qəbələ hava limanları müasir tələblərə cavab verməsinə rəğmən, demək olar ki, illərdir fəaliyyətsiz qalıb, nə yerli, nə beynəlxalq uçuşlarda müntəzəm reyslərə cəlb olunub. Amma onların saxlanması üçün hər il dövlət büdcəsindən müəyyən vəsait ayrılır.

BBC Azərbaycancaya danışan iqtisadçı Qubad İbadoğlu hesab edir ki, həm əvvəlki, həm də yeni aeroportlar gəlir gətirməyən, amma tikintisi büdcəyə baha başa gələn "ağ fil" layihələridir.

Hakim Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü, Milli Məclisin komitə sədri Tahir Mirkişilinin fikrincə isə, bəzən faydasız görünən, dərhal gəlir gətirməyən layihə bir müddət sonra faydalılığını göstərir və onun sözlərinə görə, ölkədə tikilmiş və tikilməkdə olan aeroportlar da öz iqtisadi səmərəsini ortaya qoyacaq.

Azərbaycan “Boeing” şirkətindən 8 təyyarə alır

ŞƏKLİN MƏNBƏYİ,PRESIDENT.AZ, AZAL

Şəklin alt yazısı,

“Boeing” şirkətinin rəhbəri AZAL ilə 8 təyyarənin satışı barədə müqavilə imzalayandan sonra Prezidenti İlham Əliyevlə görüşüb

Azərbaycanın hava yolları şirkəti olan AZAL aprelin 28-də “Boeing” şirkətindən 8 ədəd “787-8 Dreamliner”, aprelin 6-da isə “Airbus” şirkətindən 12 ədəd "A320neo" ailəsinə aid yeni təyyarə sifariş edib.

AZAL və digər aidiyyəti dövlət orqanları BBC Azərbaycancanın hər iki müqavilə ilə nəzərdə tutulan 20 təyyarənin neçəyə başa gəlməsi ilə bağlı sorğusunu cavablandırmayıb.

BBC News Azərbaycancaya danışan bəzi müstəqil iqtisadçılar hesab edirlər ki, bu iki müqavilənin qiyməti dünya bazarında təqribən 3,5 milyard dollar (6 milyard manata yaxın) vəsait edir.

Bu rəqəm Azərbaycanın 2023-cü ildə dövlət büdcəsində müdafiə və təhlükəsizlik üçün nəzərdə tutulan xərclərindən təqribən 1 milyard manat çoxdur.

Yeni müqavilələr Azərbaycanın işğaldan azad edilmiş ərazilərində artıq iki hava limanının tikilib başa çatması, birinin isə tikintisi dövrünə təsadüf edir. Gələn il Azərbaycan işğaldan azad edilmiş ərazilərdə üçüncü - Laçın beynəlxalq hava limanını açmağı planlaşdırır.

2021-ci ildə Füzuli, 2022-ci ildə Zəngilan hava limanları açılsa da, hələ ki, heç biri yerli və ya beynəlxalq müntəzəm sərnişin və yük daşımalarında istifadə olunmur.

AZAL bu hava limanlarında müntəzəm sərnişin və yük daşımaları reyslərinin nə zaman açılacağı ilə bağlı BBC-nin suallarını cavablandırmayıb.

Azərbaycanda hava limanlarının tikilib istifadə edilməməsi təcrübəsi yeni deyil və indiyə kimi yeni tikilmiş və təmir edilmiş bəzi bölgə aeroportları da uzun illərdir ki, istifadəsiz qalıb.

Bakıdakı Heydər Əliyev beynəlxalq hava limanı ölkənin aviasiya nəqliyyatında ən çox paya malikdir və ondan başqa digər yerli aeroportların payı cüzidir.

FlightRadar24 platformasının məlumatına görə, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala, Füzuli, Zəngilan bölgələrində beynəlxalq aeroportlar olsa da, onların cəmi fəaliyyəti Bakı aeroportunun uçuşlarının yarısını belə təşkil etmir.


İşğaldan azad olunan ərazilərdə tikilən hava limanları

Zaqatala, Qəbələ və Lənkəran hava limanlarının tikintisinə 180 milyon manat xərc

"Zaqatala hava limanının istismara verilməsi regionda turizmin və yük dövriyyəsinin inkişafına böyük stimul ola bilər", - AZAL 2017-ci ildə Zaqatala hava limanının yenidənqurulmasından sonra açıqlamışdı.

Elə Qəbələ, Lənkəran aeroportlarının da bölgədə turizmi dirçəldəcəyi güman edilirdi.

Zaqatala aeroportu 2017-ci ildə yenidən qurulub və buna 27,8 milyon manat sərf edilib.

2008-ci ildə tikilən aeroporta o vaxtdan heç bir beynəlxalq uçuş olmayıb, daxili uçuşlar da 2010-cu ildən dayandırılıb.


2011-ci ildə açılmış Qəbələ beynəlxalq aeroportu büdcəyə 89 milyon 788 min manata başa gəlib. Devalvasiyadan əvvəl həmin aeroportun dollarla dəyəri 115 milyon dollar olub.

2008-ci ildə yenidən qurulan Lənkəran hava limanı dövlətə həmin ilin dollar məzənnəsi ilə hesablananda, 51,1 milyon dollara başa gəlib. O vaxt bu məbləğ manat ifadəsində 65 milyon manatdan çox vəsait edib.

Beləliklə, İkinci Qarabağ müharibəsindən xeyli əvvəl tikilmiş son üç beynəlxalq hava limanına birgə 180 milyon manatdan çox vəsait sərf edilib.

Onların indi istifadəsiz qalmasına baxmayaraq, saxlanılması üçün hər il dövlət büdcəsindən vəsait ayrılır.

BBC bu günə kimi bu hava limanlarının saxlanması üçün dövlət büdcəsindən xərclənən vəsaitin həcmi ilə bağlı suallarına cavab ala bilməyib.

Dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzura ayrılan pullar

"Zəngilan, Laçın, Füzuli hava limanları... bölgəni canlandıracaq"

Prezident İlham Əliyev Laçın beynəlxalq hava limanının təməli qoyularkən, 2021-ci ildə deyib ki, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.

Prezident deyib ki, sovet dövründə bu bölgədə hava limanı olmayıb və olsa bahalı ola bilərdi, amma bu gün Azərbaycan dövlətinin buna maliyyə imkanları var.

Prezidentin sözlərinə görə, Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq.

“Bu hava limanlarının həm yüklər, həm sərnişinlər, eyni zamanda hərbi təyinatı da, təbii ki, göz önündədir. Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq, o cümlədən hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək”, - İlham Əliyev bildirib.

Azərbaycan hökuməti indiyə kimi Zəngilan, Füzuli, Laçındakı hava limanlarının tikintisi ilə bağlı da nə qədər vəsait sərf olunduğu, hansı şirkətlər tərəfindən tikildiyi və onların hansı tenderlərin qalibi olması ilə bağlı rəsmi məlumat verməyib.

Azərbaycan Hava Yolları Şirkəti, Maliyyə və İqtisadiyyat nazirlikləri BBC Azərbaycancanın yeni tikilən hava limanlarının xərcləri, tender məlumatları və iş icraçıları ilə bağlı suallarını cavablandırmayıb.

Dövlət satınalmalarının vahid internet portalında da adı çəkilən hava limanlarının tikintisi, onlarla bağlı görülən işlər, çəkilən xərclər və işlərin hansı təşkilatların görməsi barədə məlumat verilməyib.

Qubad İbadoğlu BBC Azərbaycancaya müsahibəsi

"Qərbdə belə işləri “Ağ fil" layihələri adlandırırlar"

İqtisadçı Qubad İbadoğlu BBC-yə müsahibəsində deyir ki, xərci gəlirindən və səmərəliliyindən çox olan iri büdcəli layihələri Qərbdə, adətən, “Ağ fil" layihələri adlandırırlar.

Onun sözlərinə görə, kapital xərcləri yüksək, icrası baha başa gələn və az istifadə edilən və ya praktiki dəyəri aşağı olan və cüzi gəlirli layihə "elmi cəhətdən “Ağ fil layihəsinə” çevrilir".

"Qərb institutları belə izah edirlər ki, bu layihələr çox vaxt hökumət və ya özəl qurumların maraqlarını yerinə yetirmək üçün həyata keçirilir və adətən, layihələrin təsdiqi mexanizmlərində şəffaflıq olmur", - Qubad İbadoğlu izah edir.

Hökumətin yeni aeroportların tikintisinə nə qədər pul xəclədiyi barədə açıqlama verməməsi "şəffaflıqla bağlı şübhələr" yaradır, Qubad İbadoğlu hesab edir.

İkinci Qarabağ müharibəsindən xeyli əvvəl inşa edilən Zaqatala, Lənkəran və Qəbələ hava limanlarının tikintisi barədə xərclər büdcə sənədlərində göstərilsə də, işğaldan azad olunmuş ərazilərdə tikilən aeroportlar barədə belə məlumatlar yoxdur.

İqtisadçının sözlərinə görə, bu tip əvvəlki layihələrin məlum büdcəsi nəzərə alınsa, onda yeni hava limanlarının tikintisinin də milyonlarla manata başa gəldiyini güman etmək olar.

Cənab İbadoğlu hesab edir ki, azad olunmuş ərazilərdə ilk tikilən Füzuli hava limanına təqribən 100 milyon manatdan çox pul xərclənib.

Onun sözlərinə görə, bu məbləğ əvvəlki illərdə inşa olunan hava limanlarından həm də ona görə çoxdur ki, bu işlər tikinti materiallarının bahalaşdığı dövrə düşür.

Türkiyənin Anadolu Agentliyinin Zəngilan beynəlxalq hava limanı haqqında hazırladığı infoqrafika

ŞƏKLİN MƏNBƏYİ,ANADOLU AGENTLIYI

Şəklin alt yazısı,

Türkiyənin Anadolu Agentliyinin Zəngilan beynəlxalq hava limanı haqqında hazırladığı infoqrafika

İqtisadçı Qubad İbadoğlunun iddiasına görə, yeni hava limanlarının tikintisində əsas işləri görmək üçün cəlb edilən Azərbaycan və Türkiyə şirkətləri üçün tender keçirilməyib.

Yerli mətbuatın yazdığına görə, Füzuli beynəlxalq hava limanını Azərbaycan və Türkiyə şirkətləri birgə 8 aya inşa edib.

Azad olunmuş ərazilərdə tikilən Füzuli və Zəngilan hava limanlarının inşasında yüksək vəzifədə çalışmış səlahiyyətli şəxslərdən biri BBC Azərbaycancaya deyib ki, hər iki tikintidə işlər müxtəlif Türkiyə və Azərbaycan şirkətlərinin podratçılığı ilə keçirilib. Amma o, tenderlər və layihənin büdcəsi ilə bağlı suallarımızı cavablandırmaqdan imtina edib.

“Füzuli hava limanı səkkiz ayda tikilib. AZAL məsul olub bu tikintiyə və sifarişlər satış metodu ilə keçirilib. Araşdırmalarımız göstərdi ki, hava limanının tikintisində AZAL rəhbərliyinə yaxın şirkətlər iştirak ediblər və təsadüfi şirkətlər ora buraxılmayıb”, - Qubad İbadoğlu bildirib.

BBC Azərbaycanca səslənən iddialarla bağlı AZAL-dan şərh ala bilməyib.

Füzuli hava limanı 2021-ci ildə inşa olunsa da həmin ilin dövlət büdcəsinin icrası, Maliyyə Nazirliyinin hesabatında və həmin hesabata dair Hesablama Palatasının rəyində aeroportun xərcləri ilə bağlı məlumat verilməyib, BBC araşdırıb.

Cənad İbadoğlu deyir ki, belə meqa layihələrdə şəffaflıq yoxdur və məlumatları sorğularla da əldə etmək olmur.

“Füzulidəki hava limanı bir ildən çoxdur ki, açılıb, amma biz ondan hələ də istifadə edə bilmirik. Qarşı tərəf nə qədər desə də ki, bu aeroportlar həm də hərbi məqsədlə inşa olunur, amma mənim düşüncəmə görə, belə yaxın ərazilərdə hərbi məqsədlə də olsa, hava limanlarının tikintisi heç hərbi strategiya ilə də uzlaşmır”, - Qubad İbadoğlu BBC Azərbaycancaya müsahibəsində deyib.

BBC Azərbaycanca səslənən iddialarla bağlı Nazirlər Kabineti, İqtisadiyyat və Maliyyə nazirliklərindən cavab ala bilməyib.


“Turizm və məskunlaşma ilə əlaqə inandırıcı deyil”

Hakimiyyət rəsmiləri işğaldan azad edilmiş ərazilərdəki yeni hava limanları tikintisinin yerli iqtisadiyyatı dirçəldəcəyi və regionda turizmi inkişaf etdirəcəyi qənaətini bölüşüblər.

Qubad İbadoğunun fikrincə, turizm və iqtisadi aktivlik üçün əvvəlcə bölgədə məskunlaşma, minalardan təmizləmə sürətli olmalıdır və bərpa prosesində də əsas üstünlük yaşayış yerlərinin salınmasına verilməlidir. Ancaq təhlilçi deyir ki, hökumətin azad edilən ərazilərə qayıdışla bağlı birinci dövlət planına nəzər salanda heç də prioritetin məskunlaşma olmadığı görünür.

“2026-cı il də daxil olmaqla həmin birinci dövlət proqramına müvafiq şəkildə 34 500 ailənin köçürülməsi hədəf kimi qoyulub. Hər ailəni təqribən 4 nəfərdən hesab etsək, bu, 130 min adam deməkdir. Bu da Qarabağa qayıdacaq əhalinin 20 faizini təşkil edir. Əgər əhalinin 20 faizini yerləşdiririksə, bu, tam məskunlaşma deyil. Əhali köçməmiş turistin ora getməsi inandırıcı gəlmir. Turist görməlidir ki, orada yaşayış var, ondan sonra getməlidir. Əks halda turist ora niyə getsin?”, - Qubad İbadoğlu deyib.

“Minalardan təmizləmənin sürəti də göstərir ki, hələ yaxın dövr üçün əhalinin məskunlaşması nəzərdə tutulmayıb. Minadan təmizlənmədə prioritet olaraq əkin sahələrinə, suvarma qurğularına üstünlük verilir. Bunlar da turist üçün maraqlı deyil. Nə vacibdir turistik fəaliyyəti olmayan yerlərdə ardıcıl üç aeroport tikmək? Məhdud maliyyə imkanlarına rəğmən bunu edirlər, Qarabağın bərpasına milyardlarla vəsait tələb olunur. İlə 2 milyarddan bir az çox vəsait xərcləməklə bu işlər 50 ilə kimi vaxt aparacaq”, - Qubad İbadoğlu bildirib.

Qubad İbadoğlu: “Ardıcıl 3 hava limanı inşasında korrupsiya marağı”

Qubad İbadoğlunun fikrincə, istifadəsiz olan hava limanlarının ardıcıl tikintisi korrupsiya maraqları ilə əlaqəlidir.

“Qısa müddətdə böyük pulları aeroportlar vasitəsiylə silmək mümkündür. Bir aeroportla digəri arasındakı yolu qaydaya salmırlar, amma üç aeroporta böyük pullar xərclənir. Bu bəsit yanaşmanın arasında korrupsiya dayana bilər”, - Qubad İbadoğlu deyib.

BBC Azərbaycanca korrupsiya ittihamları ilə bağlı rəsmi qurumlardan cavab ala bilməyib.

Tahir Mirkişili: “İndi lazımsız görünən aeroportlar uzun illərə hesablanıb”

Milli Məclisin deputatı Tahir Mirkişili

Hakim Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyir ki, bölgələrdə hava limanlarının tikintisi regionun iqtisadiyyatını gücləndirəcək və gələcəkdə ölkənin böyük layihələri üçün əlverişli məkana çevirəcək.

O, yeni hava limanları ilə bağlı iddialarla razı deyil.

"İqtisadiyyatda belə yanaşma mövcuddur ki, gələcəkdə baş verə biləcək hadisələri indidən görə bilirsinizsə, buna nə qədər tez hazırlaşsanız, siz o qədər uduşlu olursuz", - deputat deyib.

Onun sözlərinə görə, azad olunmuş ərazilərdəki hava limanlarının tikintisini də məhz bu prizmadan qiymətləndirmək lazımdır.

“Bəzi insanlara Füzuli, Zəngilan və Laçın aeroportları lazımsız kimi görünsə də sizi inandırım ki, iqtisadiyyat daha çox uzaqgörənlik tələb edir. Nə qədər çox infrastruktura sahib olursunuzsa o dərəcədə sizin üzərinizdən iş görmək planları quran qüvvələrin, mərkəzlərin sayı artır, investisiya gəlir, çünki sizdə artıq hazır infrastruktur mövcuddur”, - Tahir Mirkişili deyib.

“Nəqliyyat layihələri on illiklərə hesablanır”

Millət vəkili bildirib ki, nəqliyyat layihələri on illiklərə hesablanır deyə yaxın zamanda ola bilsin ki, onların faydaları görünməsin.

Onun sözlərinə görə, elə strateji layihələr var ki, onlar beş il ərzində əhəmiyyətsiz kimi görünə bilər, amma altı, yeddinci ilində ölkəyə əhəmiyyətli xeyir verə bilir və ona ödənilmiş xərcləri tamamilə çıxara bilər.

Tahir Mirkişili bildirib ki, bu gün baş verən Rusiya-Ukrayna müharibəsi nəticəsində Azərbaycan ərazisindən tranzit keçid il ərzində 75 faiz artıb və hava limanı tikintiləri gələcəkdə baş verə biləcək böyük işlər üçün indidən hazır olmaq anlamına gəlməkdədir.

“Azərbaycan Cənub Qaz Dəhlizi xəttini çəkəndə bir çox iddia edənlər vardı ki, bu, Azərbaycana sərf etməyəcək, heç buna ehtiyac yox idi, Azərbaycanın bu qədər qazı yoxdur, amma bütün bunlara baxmayaraq, Azərbaycan bunu icra etdi. Kim gözləyərdi ki, birdən-birə Avropa İttifaqı Azərbaycandan iki dəfə artıq qaz istəyəcək. Heç çəkilən bu xətt də yetmir. Kim gözləyərdi ki, Rusiya-Ukrayana müharibəsi başlayacaq və Azərbaycanın çəkdiyi, beynəlxalq təşkilatların kredit verməkdən imtina etdiyi Bakı-Tbilisi-Qars dəmiryoluna olan tələbat iki dəfədən çox artacaq”, - Tahir Mirkişili deyib.

“Korrupsiya iddiaları ilə razılaşmıram”

Milli Məclisin üzvü layihələrin xərcləri ilə iddialarla bağlı deyib ki, təmsil etdiyi orqan büdcə xərclərinə istiqamətlər üzrə nəzər yetirir və konkret layihələrin xərcləri barədə onun məlumatı yoxdur.

Tahir Mirkişili yeni tikilən aeroportların inşasında şəffaflıq olmaması iddiaları ilə razılaşmır və zaman keçdikcə bütün informasiyanın məlum olacağını deyir.

“Mən bu layihələrdə şəffaflıq olmaması və korrupsiya iddiaları ilə razılaşmıram. Bu gün görülən işlərin bir çoxunda xarici şirkətlər iştirak edir, bəzi informasiyalar mətbuatda var və Dövlət Statistika Komitəsi bu məlumatları dərc edir”, - Tahir Mirkişili bildirib.

Millət vəkili deyib ki, korrupsiya bir cinayətdir, iddiadır və təbii ki, dövlətin müvafiq orqanları belə hallar olduqda araşdırmalar aparırlar.

O hesab edir ki, “Azərbaycanda korrupsiya ilə bağlı gedən mübarizəyə hər kəs şahiddir”.

Azərbaycan aeroportlarının sayına görə, Cənubi Qafqazda liderdir, amma indi sual yeni hava limanlarının da üstünü Lənkəran, Qəbələ, Zaqatala aeropotları kimi toz örtəcəkmi?

  • İlkin Həsənov
  • Vəzifə,BBC News Azərbaycanca
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.