MOSKVA GÖRÜŞÜ: RUSİYA TƏKLİF VERƏCƏK, YOXSA TƏHDİD EDƏCƏK? – İrəvan boyun əysə, Azərbaycan zərbə endirəcək!

18-05-2023, 19:46   



Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan Rusiya rəhbərliyinin dəvəti ilə Moskvaya yola düşüb. Sabaha planlaşdırılan görüşdə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun iştirakı ilə iki ölkə arasında sülh müqaviləsinin bağlanması ilə bağlı müzakirələr olacaq.


Qeyd edək ki, 1-5 may tarixlərində nazirlər Vaşinqtonda ABŞ Dövlət katibi Entoni Blinken və Dövlət Departamentinin yüksək vəzifəli diplomatları ilə sülh müqaviləsi ətrafında geniş müzakirə aparıblar. Daha sonra onları ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Salivan qəbul etmişdi.

Mayın 14-də isə Brüsseldə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında pozitiv bəyanatla yekunlaşan görüş oldu. Tərəflərin ilk dəfə beynəlxalq hüquqda təsbit edildiyi formada bir-birinin ərazi bütövlüyünü tanıdıqları bildirildi.



Paşinyan dünən Reykyavikdə keçirilən Avropa Şurasının siyasi sammitində bəyan etdi ki, Azərbaycanın 86.6 min kvadrat kilometr ərazisini tanıyır, Bakı da 29.8 min kvadrat kilometr ərazinin sərhədləri daxilində Ermənistan dövlətinin mövcudluğunu qəbul edir.

Tərəflər qarşısında duran əsas məsələ sərhədlərin dəqiqləşdirilməsi, anklavlar məsləsinin bu kontekstdə həlli, erməni silahlı qüvvələrinin Qarabağda azsaylı erməni əhalisinin yaşadığı ərazilərdən çıxarılması, nəqliyyat yollarının açılmasıdır. Bu istiqamətlərdə addımların atılacağı razılaşdırılıb. Rəsmi Bakı Qarabağdakı erməni əhalinin təhlükəsizliyi və hüquqaları ilə bağlı da hər hansı problem olmadığını ifadə edib.

Beləliklə, Qərbin moderatorluğu ilə, amma ikitərəfli qaydada Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamaq istiqamətində yol xəritəsini razılaşdıra biliblər.

O zaman Moskva görüşünün gündəmi nədən ibarət olacaq? Vaşinqton və Brüssel danışıqlarında əldə olunan razılaşma yenidən müzakirə olunacaq, yoxsa, Lavrovun ayrıca gündəliyi var?

Xatırladaq ki, aprelin sonunda Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin Bakıda və İrəvanda səfərdə olaraq Xarici İşlər nazirləri ilə görüş keçirib. Nazir müavini müharibədən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatların icra vəziyyətini müzakirə edib. Bu görüşlər haqda ictimaiyyətə geniş məlumat verilməyib. Ehtimal var ki, Qaluzin Moskva görüşünün gündəliyini formalaşdırmaq üçün tərəflərlə müzakirə aparıb. Onun sülh müqaviləsi, kommunikasiyaların açılması barədə yeni təkiflər təqdim etməsi də istisna deyil.



Mayın 19-da Moskvada keçiriləcək üçtərəfli görüşdə Lavrov ehtimal olunan yeni təşəbbüsləri Azərbaycan və Ermənistanlı həmklarları ilə müzakirə edə bilər. Əsas məsələ odur ki, Rusiya XİN rəhbəri tərəfləri maraqlandıracaq hansı yeni ideyalar irəli sürəcək?

Rusiyanın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə yanaşmasını ötən ilin noyabrında Valdayda Prezident Vladimir Putin açıqlayıb. O, Vaşinqton planını sərt tənqid edərək bildirmişdi ki, bu problemin “ədalətli həllini” (?) istisna edir.

Putinin planı belədir: Qarabağın kiçik bir hissəsində qalan azsaylı erməni əhalisinin “statusu” ilə bğlı məsələ ikitərəfli sülh müqaviləsi çərçivəsində həll edilmir və gələcək nəsillərə saxlanır. Qalan məsələlər – sərhədlərin dəqiqləşdirilməsi, kommunikasiyaların açılması Rusiyanın iştirakı ilə mərhələli şəkildə həll olunur. Baş nazir Nikol Paşinyan bu təklifi ikiəlli dəstəkləsə də, Azərbaycan Prezidenti İlham Əliyev qəti şəkildə onun əleyhinə çıxmışdı.

Noyabrdan keçən təxminən 6 aylıq zaman kəsiyində Azərbaycan beynəlxalq hüquqa əsaslanan iradəsini Ermənistana qəbul etdirə bilib. Qarabağdan Ermənistana gedən gizli yolların bağlanması, Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsinin qurulması, şərti sərhəddə ermənilərin təxribatlarının qarşısını almaq üçün keçirilən əməliyyatlar İrəvanı reallıqla barışmağa məcbur edib. Rusiya da Azərbaycanın iradəsi və haqlı mövqeyi qarşısında dirəniş nümayiş etdirə bilmədi. Təbii ki, bunda Türkiyənin qətiyyətli və birmənlı mövqeyi də ciddi rol oyndı.


Ərdoğan hökumətinin Azərbaycana verdiyi hərtərfli dəstək ABŞ-ın və Avropa İttifaqının da mövqeyinə böyük təsir etdi. Onlar da artıq hansısa təzyiqlərlə Bakını öz suveren əraziləri ilə bağlı güzəştə getməyə məcbur edə bilməyəcəklərini anladılar. Məhz bundan sonra Vaşinqtonda və Brüsseldə Paşinyana açıq mətnlə çatdırıldı ki, Qərb Ermənistana dəstək məsələsində vaxtilə Rusiyanın oynadığı rolu oynamaqda maraqlı deyil. Yəni, Paşinyan hökuməti bundan sonra əsassız, destruktiv, sülhü əngəlləyən mövqeyinə Qərbdən dəstək axtarmasın.

İndi Vaşinqton və Brüssel də İrəvandan beynəlxalq hüquqa və real vəziyyətə uyğun addımların atılmasını gözləyir. Mayın 14-də Brüsseldə əldə olunan razılaşma, iki gün sonra Paşinyanın Azərbaycanın 86.6 min kvadrat kilometr ərazisini tanıdığı barədə bəyanatı prosesdə əldə olunan tərəqqidir. Moskva görüşündə nə Azərbaycanın, nə də Ermənistanın bu nöqtədən geri çəkilərək Putinin artıq reallıqla səsləşməyən “sülh planını” qəbul edəcəyi inandırıcı görünmür.



Düzdür, Paşinyan dəfələrlə mövqeyində “U” dönüşü edib. Ancaq bu dəfə də eyni qələti edərsə, şərti sərhəddə, bəlkə də anklavlar olan ərazidə onu nə gözlədiyini yaxşı bilir.

Ermənistanın sürətlə oyundan çıxarılması isə Moskvanı olduqca qıcıqlandırır. Çünki Rusiyanın regionda, o cümlədən Qarabağda qalması üçün İrəvanın dəstəyi lazımdır. Moskva onda maraqlıdır ki, müharibədən sonra Kremlin bölgədə müəyyənləşdirdiyi status-kvo qalmalı, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan yayınmalıdır. Bunun əksi Rusiyanın Qarabağdakı sülhməramlı kimi mövcudluğunu təhlükə altına atır.

Məlumdur ki, Brüssel görüşündə əsas razılaşmalardan biri erməni silahlı qüvvələrinin Xankəndindən çıxarılmasıdır. Ermənistan artıq bu öhdəliyi yerinə yetirmək məcburiyyətindədir. Əgər ləngidərsə, Azərbaycan Xankəndi ətrafında qalan erməni silahlı qruplaşmaların mövqelərini bombalayacaq. Bu da Ermənistan vətəndaşı olan müqaviləli hərbçilərin sürətlə bölgədən çıxmasına gətirib çıxaracaq. Yaxın dövrün təcrübəsi göstərir ki, Rusiya hərbçilərinin mövcudluğu Azərbaycan üçün çəkindirici faktor deyil, Bakı güc tətbiqində tərəddüd etməyəcək.

Mümkündür ki, Rusiya məhz bu prosesi dayandırmaq üçün hərəkətə keçib. Sergey Lavrovun dünən verdiyi bəyanatlar Ermənistandakı tərəfdarlarını hərəkətə gətirmək, Paşinyan hökuməti qarşısında yeni baryerlər yaratmaq məqsədi daşıyır.



"ABŞ Ermənistana Rusiya bazasından və sərhədçilərindən imtina etməyi tövsiyə edir, bunun müqabilində təhlükəsizliyi təmin edəcəyinə vəd verir. Bizdə olan məlumata görə, ABŞ və müttəfiqləri ermənilərə deyirlər ki, rusları öz ərazinizdən qovun, sərhədçiləri də, hərbi bazanı da çıxarın, amerikalılar təhlükəsizliyi təmin etməkdə sizə kömək edəcək. Bu, açıq-aşkar təxribatdır. Bu, diplomatiya deyil. Bu, rüşvətlə ələ almadır. Biz Qərbin keçmişdə dəstək olduğu şəxslərlə sonralar necə davrandığını görürük. Onlar "Ərəb baharı"nın əvvəlində ləyaqətlə istefa vermiş, qaçmamış Misir Prezidenti Hüsnü Mübarəki yarı yolda tərk etdilər... ABŞ 20 illik işğalı zamanı güvəndikləri Əfqanıstan hökumətini də tərk etdi”, - Lavrov xatırladıb.

Bu bəyanatlar daha zəif bənd olan İrəvanı Qərbin apardığı sülh prosesindən çıxarmaq məqsədi daşıyır. Nazir ona açıq şəkildə deyir ki, Qərbə güvənib oyunu davam etdirmə, biz hərəkətə keçsək, müdafiəsiz qalacaqsan. Qarşıdakı günlərdə Rusiya daha böyük imkanlarının mövcud olduğu Ermənistanda və Xankəndində yeni təxribatlara əl ata bilər.

Beləliklə, Moskva görüşündə tərəflərin Qərbin moderatorluğu ilə qət etdikləri məsafəni önləyəcək yeni ideyaların təklif olunacağı real görünmür. Amma təzyiqlər, hətta təhdidlər ola bilər, çünki Rusiya rəhbərliyinin əlində başqa alətlər qalmayıb.

Xatırladaq ki, Xarici İşlər nazirlərinin görüşündən sonra mayın 25-də Moskvada liderlərin bir araya gələcəklərinə dair xəbərlər yayılıb. Amma çox güman, bu görüşün olub-olmayacağı XİN başçılarının 19 may müzakirələrinin nəticələrindən asılı olacaq. Nazirlər dövlət başçıları üçün müzakirə gündəliyi hazırlaya bilsələr, liderlərin sammiti olacaq. Əks halda İlham Əliyev və Nikol Paşinyanın Rusiya paytaxtına getməsinə ehtiyac qalmayacaq.

E.Rüstəmli

“AzPolitika.info” 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.