Rusiya xarici işlər naziri Sergey Lavrov görüşün konstruktiv atmosferdə keçdiyini bildirib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə qeyd edib ki, may ayından danışıqların dinamikası ardıcıl və müsbət xarakter daşıyır.
Ermənistan XİN rəhbəri Ararat Mirzoyana gəlincə, bildirib ki, bəzi məqamlarda, xüsusən də nəqliyyat və logistika kommunikasiyalarının açılması kimi aspektlərdə, eləcə də Ermənistanla Azərbaycan arasında 1991-ci ildə imzalanmış Almatı Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində artıq anlayış yaranır.
Digər tərəfdən, Kreml Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Moskvada görüşəcəyini təsdiqləyib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, görüş gələn həftə keçirilə bilər.
Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov Musavat.com-a açıqlamasında deyib ki, bugünkü görüş onu göstərdi ki, Rusiya platformasında Azərbaycan və Ermənistan arasında delimitasiya, demarkasiya və kommunikasiyaların açılması məsələsinə vurğu ediləcək.
Politoloq əlavə edib ki, daha sonra sülh müqaviləsinin imzalanması və mətnin tam olaraq hazır olması məsələsinə baxılacaq:
“Bundan əvvəl Ermənistan və Azərbaycan tərəfi Qərbdə sülh müqaviləsinin mətnini əsas məsələ kimi müzakirə etmişdi. Üçtərəfli bəyanatın imzalanmasından sonra ilkin mərhələdə kommunikasiya ilə, nəqliyyatla bağlı, ümumiyyətlə, yeni münasibətlərin başlanmasıyla bağlı müzakirələr gedirdi. Düşünülürdü ki, humanitar, iqtisadi məsələlərin, kommunikasiya məsələlərinin həlli, daha sonra sülh müqaviləsinin imzalanması tezləşdiriləcək. Lakin sonradan məlum oldu ki, Ermənistan tərəfi vaxtı uzatmağa çalışır. Belə olan təqdirdə sülh müqaviləsinin mətni ilkin plana keçdi. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın bu gün kommunikasiyalarla bağlı, eyni zamanda delimitasiya və demarkasiya ilə bağlı açıqlaması (yaxın vaxtlarda bununla bağlı işçi qrupları yenidən fəaliyyətə başlayacaq), amma əvəzində ərazi bütövlüyündən və Qarabağdan danışmaması onu göstərir ki, əsas vurğu kommunikasiya, delimitasiya və demarkasiya məsələlərinə edilir”.
Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında keçiriləcək görüşə gəlincə, politoloq vurğulayıb ki, bu görüşdə Rusiya prezidenti də iştirak edəcək:
“Məlum məsələdir ki, bu görüş Rusiya üçün çox vacibdir. Çünki Rusiya sülh prosesini əlindən çıxarmaq istəmir. Belə olan təqdirdə biz görürük ki, Azərbaycan və Ermənistan gündəliyi ABŞ və Rusiya arasında ciddi geosiyasi, kəskin yanaşmalara gətirib çıxara bilər. Ələlxüsus, Rusiya bu məsələlərə daha həssas qarışacaq və sona qədər prosesdə olması üçün əlindən gələni edəcək. Həm Ermənistan tərəfi, həm də sülh prosesində iştirak edən digər tərəflər bilməli və başa düşməlidirlər ki, vaxtı uzatmaq olmaz, Qarabağ məsələsində status-kvonu uzatmaq yolverilməzdir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü konkret rəqəmlərlə tanımalıdır. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü konkret rəqəmlərlə tanımayacaqsa, Qarabağda separatçılar öz fəaliyyətlərini davam etdirəcəksə, Qarabağda hələ də erməni hərbi birləşmələri qalacaqsa, bizim üçün digər məsələlərin həlli, amma bu məsələlərin daha bir neçə il qalması yolverilməzdir. Azərbaycan qəti addımlarını atacaq. Ona görə də Rusiya tərəfi, digər ölkələr, o cümlədən ABŞ və Avropa İttifaqı başa düşməlidir ki, Azərbaycanın əsas tələbi konkret nəticələrin əldə edilməsidir. Kommunikasiya, delimitasiya və demarkasiya məsələsinə gəlincə, kommunikasiya məsələsinə yanaşmada Qərblə Rusiya arasında fikir ayrılığı var. Azərbaycan üçün fərqi yoxdur, əsas odur ki, kommunikasiya açılsın. Burada Qərbi Zəngəzurla bağlı qərar verən əsas tərəf Ermənistan olacaq”.
Aytən Novruz
Musavat.com