Azərbaycan-Ermənistan sülh sazişi: Kişinyov görüşündən nə gözlənilir?

1-06-2023, 12:43   



Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel, Almaniya Kansleri Olaf Scholz və Fransa Prezidenti Emmanuel Macronun iştirakı ilə beştərəfli görüş

ŞƏKLİN MƏNBƏYİ,PRESIDENT.AZ/PRIMEMINISTER.AM/GETTY IMAGES

Cümə axşamı günü Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel, Almaniya Kansleri Olaf Scholz və Fransa Prezidenti Emmanuel Macronun iştirakı ilə beştərəfli görüşü gözlənilir.

Bu görüş ərəfəsində İlham Əliyev Qarabağ separatçılarının istefa verdiyi və Azərbaycan qanunlarını tanıdığı təqdirdə onların amnistiyasına baxıla biləcəyini açıqlayıb. Onun bu bəyanatından əvvəl isə Nikol Paşinyan "Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi" tanıya biləcəyini açıqlamışdı.

Mayın 30-da ABŞ Dövlət Departamenti Əliyev və Paşinyanın son açıqlamalarını təqdir edib.

ABŞ-ın bu mövqeyi Ermənistanda bəzi siyasi tənqidçilərin narazılığına səbəb olub.

Tərəflər Kişinyovdan bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinin iştirakı Moskvada ilə bir araya gəlsələr də, hər hansı saziş imzalamamışdılar.

Amma Rusiya Baş nazirinin müavini Aleksey Overçuk dünən bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan "çox yaxın gələcəkdə" regional nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupunun görüşünün keçirilməsi barədə razılığa gəliblər.

Onun sözlərinə görə, tərəflər Azərbaycanla onun Naxçıvan anklavı arasında Ermənistanın cənubundan keçməklə dəmir yolu əlaqəsinin bərpasına "çox yaxındır". Overçuk bildirib ki, gözlənilən görüşdə "Azərbaycan və Ermənistan arasında sərhəd keçidinin modallığı ilə bağlı texniki detallar" müzakirə olunacaq. O bildirib ki, beynəlxalq sərhədlərdə mövcud olan pasport, gömrük nəzarəti və bütün digər prosedurlar olacaq.

Kişinyovda görüş

"Azərtac"ın məlumatına görə, Azərbaycan, Ermənistan, Fransa, Almaniya və Avropa İttifaqı Şurası rəhbərlərinin görüşü Avropa Siyasi İcması Moldovada keçirilən Zirvə toplantısı çərçivəsində baş tutacaq.

Ötən gün İlham Əliyevlə görüşən Moldova Prezidenti Maia Sandu da Avropa Siyasi İcmasının Moldovada keçirilən Zirvə toplantısı çərçivəsində planlaşdırılan beştərəfli görüşü müsbət addım kimi qiymətləndirib.

Bu görüşdən əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel Ermənistan və Azərbaycan arasında müzakirələrin davam etdirilməsini "səbirsizliklə gözlədiyini" deyib və tərəflər arasında dioloqun vacibliyini vurğulayıb.

ABŞ Əliyev və Paşinyanın son açıqlamalarını təqdir edir

İlham Əliyev, Antony Blinken, Nikol Paşinyan

ŞƏKLİN MƏNBƏYİ,PRESIDENT.AZ,GETTY IMAGES,PRIMEMINISTER.AM

ABŞ Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya ilə bağlı son açıqlamalarını alqışlayıb və Ermənistan Baş naziri Nikol Paşinyana "sülhə sadiqliyinə görə" minnətdarlıq edib, ABŞ Dövlət Departamentinin yaydığı məlumatda bildirilib.

Ötən cümə İlham Əliyev Qarabağ separatçılarının istefa verdiyi və Azərbaycan qanunlarını tanıdığı təqdirdə onların amnistiyasına baxıla biləcəyini açıqlayıb.

Dövlət Departamentinin sözçüsü Matthew Millerin bildirdiyinə görə, ölkəsi Ermənistanla Azərbaycan arasında danışıqların davam etdiyini görməkdən məmnundur.

"Dövlət katibi Blinken-in dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq olar. Biz bu yaxınlarda Baş nazir Paşinyanın sülhə sadiqliyinə görə minnətdarlığımızı bildirdik", - Millerin açıqlamasında deyilir.

Departamentin yaydığı məlumatda Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşlarla görüşəcəyinə diqqət çəkilib.

"Ümid edirik ki, bu, zorakılıq yolu ilə deyil, danışıqlar masası arxasında bu məsələlərin həlli üçün məhsuldar addım olacaq. Aqressiv ritorika keçmişdə qaldı. Konstruktiv dialoq - həm ictimai, həm də özəl - sülhə imkan və ümid yarada bilər. Birləşmiş Ştatlar davamlı və layiqli sülh sazişi bağlamaq üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır", - Matthew Miller deyib.

ABŞ-ın bu açıqlaması Ermənistanda bəzi siyasi təhlilçiləri arasında narazılıq doğurub.

Ermənistanın Demokratiya və Təhlükəsizlik üzrə Regional Mərkəzinin rəhbəri Tigran Grigoryan Twitter-də ABŞ Dövlət Departamentinin bu bəyanatını "dəhşətli və məyusedici" adlandırıb.

"ABŞ Əliyevdən açıqlama tələb etmək əvəzinə, onu sülh danışıqları zamanı müharibə qızışdıran çıxışına görə tərifləyir. Bu, Bakını yerlərdə vəziyyəti gərginləşdirmək üçün daha da cəsarətləndirəcək", ermənistanlı politoloq tvitində vurğulayıb.

Paylaşımını ötürün Twitter, 1

Paylaşımın sonu Twitter, 1

Charles Michel: Bakı ilə Qarabağ erməniləri arasında dialoq "indi həlledici əhəmiyyət kəsb edir"

Əliyev-Michel-Paşinyan görüşü (Brüssel, may 2022)

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Əliyev-Michel-Paşinyan görüşü (Brüssel, may 2022)

Avropa İttifaqı Şurasının Prezidenti Ermənistan və Azərbaycan arasında müzakirələrin davam etdirilməsini "səbirsizliklə gözlədiyini" deyib.

Kişinyovda İlham Əliyev və Nikol Paşinyan arasında görüşdən əvvəl səslənən Charles Michel-in bəyanatı tərəflər arasında ittihamlar mübadiləsinə təsadüf edir.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan XİN-in İlham Əliyevin mayın 28-də Laçında çıxışına verdiyi cavab bəyanatını "əsassız" adlandırıb və rədd edib.

Bundan əvvəl rəsmi Yerevan Azərbaycan Prezidentinin Laçındakı çıxışını "sülh səylərinin pozulmasına yönəlmiş bəyanat" adlandırıb.

Mayın 28-də Laçında ora yaşamaq üçün qayıdan ailələrlə görüşü vaxtı İlham Əliyev deyib ki, "Dağlıq Qarabağ"dakı "rəhbər" postlar, o cümlədən "parlament" buraxılmalıdır, "bundan sonra amnistiya barədə danışmaq mümkündür".


Mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra Ermənistan və Azərbaycan Kişinyovda görüşmək barədə razılığa gəliblər. İndi bu görüş ərəfəsində Avropa İttifaqı Şurasının Prezidenti "cəsarətli qərarlar"ın lazım olduğunu deyir.

"Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı müzakirələrin davam etdirilməsini səbirsizliklə gözləyirəm", - görüş ərəfəsində Avropa İttifaqı Şurasının Prezidenti yazıb.

Charles Michel-in açıqlamasına əsasən, hazırda bir-birinin suverenliyinə və ərazi bütövlüyünə "hörməti yenidən təsdiqləmək" və sərhədlərin delimitasiyası üzrə irəliləmək, həmçinin sərhəd bölgələrində riskləri "azaltmaq vacibdir".

Avropalı siyasətçinin açıqlamasında, həmçinin Qarabağdakı ermənilərlə Bakı arasında dialoqun əhəmiyyəti vurğulanılır.

"Bakı ilə keçmiş DQMV-də yaşayan ermənilər arasında onların hüquqları və təhlükəsizliyi ilə bağlı dialoq indi həlledici əhəmiyyət kəsb edir. Maksimalist mövqelərdən çəkinmək, dialoqu hədəfləmək vacibdir. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalmasına vaxt tələb olunur. Cəsarətli qərarlar lazımdır".

Bakı və Yerevan onun son açıqlamanı şərh etməyiblər.

Paylaşımını ötürün Twitter, 2


Paylaşımın sonu Twitter, 2

Azərbaycan-Ermənistan XİN-ləri bir-birini ittiham edir

İlham Əliyev Laçına qayıdan bəzi sakinlərə evlərinin açarlarını verib.

ŞƏKLİN MƏNBƏYİ,PRESIDENT.AZ

Şəklin alt yazısı,

İlham Əliyev Laçına qayıdan bəzi sakinlərə evlərinin açarlarını verib

Çərşənbə axşamı günü Azərbaycan XİN bildirib ki, Ermənistan Qarabağ bölgəsi daxil ölkənin ərazi bütövlüyünə və suverenliyinə "sözdə deyil, əməldə riayət etsin".

"Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı səslənən fikirlərin və cəhdlərin qarşısının alınması Azərbaycanın suveren hüququdur və bu, beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur. Ermənistanın buna zidd fəaliyyətləri və Azərbaycanın erməni sakinlərlə dialoq səylərinə müdaxiləsi ölkəmizin daxili işlərinə qarışmaqdır və Ermənistan tərəfindən səslənən "ərazi bütövlüyü və suverenliyə dəstək" barədə pafoslu bəyanatlarla ziddiyyət təşkil edir", - Azərbaycan XİN elan edib.

Ötən gün Ermənistan XİN bəyanat yayaraq Prezident İlham Əliyevin mayın 28-də Laçında çıxış edərkən səsləndirdiyi fikirləri "sülh səylərini puça çıxarmağa yönəlmiş, növbəti müharibəni qızışdıran bəyanat" adlandırıb.

Ermənisistan tərəfi iddia edib ki, Azərbaycan əvvəllər əldə edilmiş razılaşmaları pozur.

"Təəssüf ki, müqavilə və öhdəliklərin pozulması bununla məhdudlaşmır. Azərbaycan prezidenti Dağlıq Qarabağın nümayəndələri ilə beynəlxalq mexanizm çərçivəsində dialoqa başlamaq əvəzinə onları qisas və cinayət təqibi ilə hədələyir. Eyni zamanda, görünən odur ki, Azərbaycan mövcud problemləri həll etmək deyil, "Dağlıq Qarabağda erməni yoxdur, Dağlıq Qarabağ problemi yoxdur" prinsipi ilə irəliləmək istəyir. Bu cür hərəkətlər davam edən danışıqların məntiqinə, o cümlədən nizamlanma üçün vasitəçilik missiyası daşıyan aktyorların yanaşmalarına da ziddir", - Ermənistan XİN bildirib.

İlham Əliyev Laçında nə deyib?

Bazar günü mayın 28-də Respublika günü Prezident İlham Əliyev Laçında öz evlərinə qayıdan bəzi sakinlərlə görüşündə Azərbaycan-Ermənistan sülh danışıqlarına, Qarabağdakı etnik ermənilərin qurumlarının gələcək taleyinə və sərhədlərin təyin edilməsinə yönəlmiş çıxışlar edib.

"İndi artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq, sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Əminəm ki, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər. İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz", - İlham Əliyev Laçında deyib.

O bildirib ki, Azərbaycan danışıqlar masasında və sərhəddə güclü mövqeyə sahibdir, buna görə də sülh müqaviləsi imzalanmasa da, ölkə təhlükəsiz şəraitdə yaşayacaq.


İlham Əliyev Qarabağdakı etnik ermənilərin tanınmamış dövlət qurumları haqqında deyib ki, "Miatsum" kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi".

"Yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, "parlament"i buraxmaq. Guya orada "parlament" fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə "parlament" buraxılmalıdır, özünü "prezident" adlandıran ünsür təslim olmalıdır, bütün "nazirlər", "deputatlar" və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər", - İlham Əliyev deyib.

Azərbaycan Prezidenti bildirib ki, beynəlxalq təşkilatlar ilə görüşlərində müşahidə edib ki, "nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır". Onun sözlərinə görə, ondan Qarabağdakı erməni icmasının rəhbərliyinin aqibəti, onlara amnistiya düşüb-düşmədiyi soruşulur.

"Mən isə deyirəm ki, buna baxmaq lazımdır. Birincisi, biz oraya heyət göndərmişdik. Mənim nümayəndəm gedib onlarla birinci görüş keçirib və ondan sonra onları dəvət etmişik Bakıya ki, gəlin danışaq. Onlar bundan imtina etdilər. Bundan sonra ikinci dəfə biz onları dəvət etmişik Bakıya. Yəni, Qarabağda yaşayan erməni azlığının nümayəndələrini. Ondan da imtina etdilər. Daha üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək. Ona görə onlara ancaq o halda amnistiya düşə bilər ki, özləri könüllü olaraq bütün saxta vəzifələrini kənara qoyub Azərbaycan vətəndaşlığı üçün müraciət etsinlər. Ona da biz hələ baxacağıq", - İlham Əliyev deyib.

O, Ermənistanı iki azərbaycanlı hərbçini məhkum etməkdə qınayıb və deyib ki, son razılaşmalara görə tərəflər bir-birinin hərbçilərini təhvil verməliymiş, amma Ermənistan bu şərti pozub.

"Əgər siz bu razılaşmanı pozursunuzsa, bunun acısını siz özünüz çəkəcəksiniz".


"Delimitasiya bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bu, bizim şərtlərimizdir. Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni, onu da unutmasınlar", - İlham Əliyev bildirib.

İlham Əliyev ilk dəfədir ki, separatçı Dağlıq Qarabağ rəhbərliyinin gələcək taleyi ilə bağlı rəsmi Bakının baxışı və onlarla bağlı Qərbin sualları barədə danışır.

Onun bu çıxışı Azərbaycan və Ermənistan liderlərinin Brüssel və Moskva, o cümlədən xarici işlər nazirlərinin 4 günlük ABŞ görüşlərindən sonraya təsadüf edir.

Moksva görüşündən əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının qorunması çərçivəsində Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıya biləcəyini bildirmişdi.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.