Bakıda Hollivud senarisi: qəzəbli sürücülər yol boyu bir-birini əzdi

26-09-2014, 10:35   
Taksi sürücüsü Bakının mərkəzində içi sərnişinlərlə dolu marşrut avtobusunun şüşələrini sındırıb.
Bu barədə Axar.az-a sözügedən marşrut avtobusunda olan şərnişinlər məlumat veriblər. Hadisə dünən axşam saat 11-12 radələrində Təbriz küçəsində baş verib. 90 VS 380 (və ya 480) dövlət nömrə nişanlı “Lada Priora” markalı avtomobilin sürücüsü avtobus sürücüsünə hücum edib.
Hadisə şahidlərinin sözlərinə görə, 24 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusu Təbriz küçəsində Təfəkkür Universitetinin qarşısındakı dayanacaqda dayanan zaman orada olan taksi sürücülərindən biri marşrut sürücüsünə onun yerində dayandığını bildirərək avtobusu kənara çəkməsini tələb edib. Daha sonra taksi sürücüsü marşrut sürücüsünə dayanacaqda çox dayandığı üçün hirslənərək hücum çəkib. Şərnişinlər bildirir ki, marşrut sürücüsü davadan qaçmaq istəsə də, taksi sürücüsü imkan verməyib:
“Yol boş idi, ancaq taksi sürücüsü qışqıra-qışqıra marşrut sürücüsünə deyir ki, niyə dayanacaqda bu qədər çox dayanırsan. Sürücü əhəmiyyət vermək istəmirdi, amma taksiçi əlinə dəmir götürüb marşruta hücum elədi. Avtobusun qabaq şüşələrini sındırdı. Əlindəki dəmirlə sürücüyə də hücum etmək istəyəndə, sürücü qapıları bağlayıb avtobusu sürdü”.
Hadisə şahidi olan sərnişin deyir ki, taksi sürücüsü bundan sonra da marşrutdan əl çəkməyib. Bütün Təbriz küçəsi boyu marşrutu təqib edib:
“Taksi sürücüsü içkili idi. Əl çəkmirdi avtobusdan. Öz taksisi ilə düşmüşdü avtobusun dalınca. Avtobus dayanacaqda saxlayan kimi dəmiri götürüb avtobusun şüşələrinə, qapısına vurdu. Marşrutda qadınlar, uşaqlar daha çox idi. Qorxudan hamı polisə zəng etməyə çalışırdı. Bilmirdik nə edək ki, bu adam əl çəksin avtobusdan. Yol boyu taksi sürücüsü neçə dəfə avtobusu arxadan, yandan vurdu. Marşrut sürücüsü bacarmayacağını görüb, o da taksinin kənarından vurdu. Taksi səkiyə çıxıb dirəyə çırpıldı. Ancaq hələ də dalımızca gəlməyə davam edirdi. Taksinin bir qapısı düşmüşdü, ön hissəsi yerə sürtülürdü. Ancaq o vəziyyətdə də gəlirdi. Sonra yol kənarında dayanan avtomobillərə sürtülüb dayandı. Nərimanovda Uşaq Poliklinikasının qarşısına qədər bizi təqib edib”.
Sərnişinlər deyir ki, marşrut sürücüsü qorxudan sərnişinləri də düşürə bilmirdi. Yol kənarındakı maşınlara dəydikdən sonra dayanan taksi gözdən itəndən sonra marşrut sürücüsü sərnişinləri düşürə bilib.
Sərnişinlər qeyd edir ki, yol boyu bir dənə də polis maşını gözə dəyməyib. Ancaq taksi sürücüsünün marşrutu təqib etdiyi ərazilərdə müşahidə kameraları olub.
Hadisə ilə əlaqədar münasibətini öyrəndiyimiz Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Axar.az-a açıqlamasında bundan məlumatsız olduğunu bildirdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.