Sentyabrın 24-də günorta təxminən saat 12-13 radələrində tanınmış dissident Nadir Ağayev Binəqədi rayonunda yaşadığı evin blokunda naməlum şəxslərin hücumuna məruz qalıb.
Bu barədə “Azadlıq”a danışan Nadir Ağayev bildirib ki, evinin yaxınlığındakı mağazadan çörək alıb qayıdarkən blokda hücuma məruz qalıb: “Bizim binanın bloklarına yeni qapılar qoyulub. Dəmir darvazanı açıb içəri bir addım atmışdım ki, bir nəfər tanımadığım şəxs sağ gicgahımdan vuraraq qaçdı. Özümü itirdim, gözümü açanda gördüm ki, evdəyəm, qonşular yanımdadır. Sonra qonşulardan öyrəndim ki, bir neçə gün imiş həyətdə skamyada üç nəfər yad adam otururmuş. Qonşular onlardan şübhələnib. Bir nəfər onlara yaxınlaşaraq, bura hansı səbəbdən gəldiklərini soruşmaq istəyəndə onlar gediblər. Axşam yenə həmin şəxslər bizim həyətdə görünüblər. Bu dəfə də onlara yaxınlaşmaq istəyəndə aradan çıxıblar”.
Nadir Ağayev deyir ki, döyülən gün o, öncə izlənilib: “4 nəfər olublar. Üçü məni izləyib, biri isə blokda onlardan xəbər gözləyib. Mən də içəri daxil olanda hücuma məruz qalmışam. Həyətdə oturan qadın görüb ki, bir nəfər başında papaq, gözündə eynək, bizim binada yaşamayan şəxs blokdan çıxdı. Əvvəlcə yavaş addımlarla gedib, sonra sürətlə addımlayıb. Həmin qonşu mənim zarıltı səsimi eşidərək bloka gəlib”.
Nadir Ağayev hücumlara məruz qalmasını Ilham Əliyev və Heydər Əliyevlə bağlı hazırladığı sonuncu broşurla əlaqələndirir: “Sentyabrın 23-də Ilham və Heydər Əliyevlərlə bağlı hazırladığım broşurları redaksiyalara verdim. Həm müxalifyönlü, həm də iqtidar qəzetlərinə göndərdim. Məni buna görə vurublar”.
Dissidentin sözlərinə görə, o broşurlarda ata və oğul Əliyevləri kəskin tənqid edib: “Bu broşurları ”Azadlıq", “Azərbaycan”, “Yeni Azərbaycan”, “Səs”, “Cümhuriyyət” qəzetlərinin redaksiyasına vermişəm".
Nadir Ağayev onu da qeyd edib ki, başında sağ tərəfə 9, sol tərəfə isə 7 tikiş vurulub: “Binəqədi rayon 7-ci polis bölməsinin əməkdaşları məndən ifadə alıblar. Sonra rəis mənimlə görüşdü. Kameralara baxdıqlarını dedi və az vaxtda cinayətkarları tapacaqlarına söz verdi”.
Ramin DEKO