Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Naxçıvanın “boz kardinalı”nın gözlənilən istefasının SƏBƏBLƏRİ

6-10-2023, 13:00   


Vasif Talıbovun işdən çıxarılmasından sonra Azər Zeynalovun Bakıya gətirildiyi və iki gün sorğu-sual edilməsi barədə mediada xəbərlər yayılmışdı; Naxçıvanda idarəetmə xaosu aradan qaldırılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov oktyabrın 5-də  vəzifəsindən istefa verib.

Ötən il Vasif Talıbovun istefasından sonra yeni sədr seçilənədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri vəzifəsinin icrası müvəqqəti olaraq sədrin birinci müavini Azər Zeynalova həvalə edilib.

Azər Zeynalov kimdir?

Azər Zeynalov 1970-ci ildə Naxçıvan MSSR-in Şərur şəhərində doğulub. 1977-1987-ci illərdə Şərur şəhəri Nəriman Nərimanov adına 1 nömrəli orta məktəbdə, 1987-1992-ci illərdə isə Lipetsk Politexnik İnstitutunda sənaye nəqliyyatı ixtisası üzrə təhsil alıb, 1992-1993-cü illərdə ordu sıralarında xidmət edib.

Azər Zeynalov 1993-cü ildə Şərur Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin Təsərrüfat hesablı sahibkarlığa yardım kommersiya şöbəsində mütəxəssis vəzifəsində, 1994-cü ildə Şərur Rayon İcra Hakimiyyəti aparatının humanitar məsələlər üzrə şöbəsində məsləhətçi, 1995-ci ildə həmin şöbədə baş məsləhətçi, 1996-cı ildən Ərazi hakimiyyəti və idarəetmə orqanları ilə iş üzrə şöbədə məsləhətçi, 1999-cu ildən isə həmin şöbədə böyük referent olaraq çalışıb.

Azər Zeynalov 2000-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş üzrə şöbəsində baş referent, 2001-ci ilin yanvar ayından isə iqtisadiyyat şöbəsinin müdiri olub. O, 2003-cü ilin dekabr ayından 2005-ci ilin noyabr ayınadək Azərbaycan Dövlət Dəmir Yolları Naxçıvan Hissəsinin rəisi vəzifəsini tutub.

Azər Zeynalov 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 10 saylı Şərur şəhər seçki dairəsindən deputat mandatı qazanıb, Ali Məclis sədrinin birinci müavini və İqtisadi siyasət komissiyasının sədri seçilib.

2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

Azər Zeynalov 2003-cü ilin sentyabr ayında dövlət qulluğunun baş müşaviri dərəcəsini alıb. O, 22 iyun 2010-cu il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 974 nömrəli sərəncamla 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Necə oldu ki, Talıbov onu vəzifəyə gətirib-maraqlı tarix 

A.Zeynalov uzun illərdir ki, V.Talıbovun ən yaxın adamı olaraq muxtar respublikada əsas söz sahiblərindən biri kimi tanınırdı. Onu media hətta Naxçıvanın “boz kardinal”ı kimi də tanıdırdı.

Şərur rayonunda müəllim ailəsində anadan olan Azər Zeynalov 25 yaşından Vasif Talıbovun yanında çalışırdı. O, əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsində məsləhətçi, sonra həmin şöbənin müdiri olub. Bir müddət Naxçıvan Dəmir Yollarının rəhbəri vəzifəsində çalışan Azər Zeynalov 2005-ci ildən Ali Məclisin deputatı, Vasif Talıbovun birinci müavini idi.

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Ovqat.com saytı bu yaxınlığı tarixi haqda vaxtilə maraqlı bir məlumat yaymışdı. Bildirilirdi ki, Azər Zeynalovun atası Yadulla Zeynalov sovet dövründə Şərur rayon Təhsil Şöbəsində çalışıb. Ötən əsrin 80-ci illərində ali məktəbi bitirən Vasif Talıbovu Şərur rayonunun Təhsil Şöbəsinin müdiri ucqar dağ kəndinə müəllim göndərmək istəyib. Vasif Talıbovun bibisi, Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovanın xahişi ilə Yadulla Zeynalov Vasif Talıbovun ucqar kəndə müəllim göndərilməsinin qarşısını alır və onun təyinatı Şərur şəhərinə yaxın kəndlərdən birinə dəyişdirilir. Vasif Talıbov da bu yaxşılığı heç vaxt unutmur, Naxçıvanın rəhbəri seçiləndən dərhal sonra ona kömək edən müəllimin oğlunu Ali Məclisdə işə gətirir. Beləcə, Azər Zeynalovun “ulduzu parlayır” və o, Naxçıvanın sözükeçən məmurlarından birinə çevrilir.

O da iddia olunurdu ki, Naxçıvanın əksər nazir, komitə sədri, xidmət rəisi və baş idarə rəhbərləri Vasif Talıbovla məhz Azər Zeynalovun vasitəsilə ünsiyyət qura biliblər. Sədr müavini bir növ Vasif Talıbovun “qara kassası” rolunu oynayıb. Təsadüfi deyil ki, V.Talıbovun işdən çıxarılmasından sonra A.Zeynalovun Bakıya gətirildiyi və onun iki gün sorğu-sual edilməsi barədə mediada xəbərlər yayılmışdı.

Vasif Talıbovun tam etibarını qazandığından A.Zeynalova muxtar respublikada “gözün üstə qaşın var” deyən olmadığı üçün fantastik sərvətə sahib olub: “Azər Zeynalovun mülklərinin, obyektlərinin say-hesabı yoxdur. Təkcə Naxçıvan Üzgüçülük Mərkəzinin arxasındakı ərazidə Azər Zeynalova məxsus 3 malikanə var, bir villa isə yeni tikilir. Həmin villalardan biri Naxçıvanın sabiq gənclər və idman naziri Azad Cabbarovun villasıdır ki, Zeynalov onu Cabbarov işdən çıxarılandan sonra sabiq nazirin əlindən alıb”, - deyə Ovqat.com o zaman yazırdı. Bundan başqa, Naxçıvanın Gənclər və İdman Nazirliyinin yaxınlığındakı ərazidə Zeynalova məxsus 4 mərtəbəli bina, elə həmin məhəllədə böyük bir villa olduğu da deyilirdi.

Naxçıvanın məşhur “Dörd fəsil” restoranı, “Dəyirmançı” restoranlar şəbəkəsinin də Azər Zeynalova məxsus olduğu gələn iddialar arasındadır.  Azər Zeynalovun “Topaz” mərc oyunlarına da nəzarət etdiyi deyilirdi. 

Naxçıvanda hakimiyyət xaosuna son

 Prezident İlham Əliyev ötən ilin dekabr ayının 22-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında fərman imzalayıb. Fərmanla Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib. Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. Son aylar Naxçıvanda xüsusilə  idarəetmə ilə bağlı  konkretləşməyə ehtiyac olduğu haqda çox danışılırdı. Məsələn, deputat Fazil Mustafa “Yeni Müsavat”a müsahibəsində bu barədə belə demişdi: “Naxçıvanda faktiki olaraq hansı vəzifəli şəxsin hansı səlahiyyətə malik olması müəmmaya çevrilib. Bunu sürətlə həll etmək lazımdır ki, əhalinin problemləri ilə konkret səlahiyyətə və imkana malik olan qurumlar məşğul ola bilsinlər. Burada, birinci növbədə, idarəetmənin sadələşdirilməsi variantına getməliyik və konkret məsuliyyət daşıyan idarəetmə mexanizmini qurmalıyıq. Çünki həm Ali Məclis, həm Nazirlər Kabineti, həm Prezidentin səlahiyyətli nümayəndəsi, həm nazirliklər var. Baş açmaq olmur, kim hara tabedir, kim haradan idarə olunur? Bu idarəetmə xaosunu mütləq aradan götürmək lazımdır”.

Orxan ƏLİYEV,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar