İsmayıllıda sərxoş ərin qısqanclığı həyat yoldaşının ölümü ilə nəticələnib.
ANS-in İsmayıllı Rayon Polis Şöbəsindən aldığı məlumata görə, hadisə sentyabrın 24-ü rayonun Girki kəndində baş verib. Kənd sakini Şöhrət Qarayev Qarayeviç dostlarından birinin məclisində qonaq olub və orada spirtli içki qəbul edib. Axşam saatlarında evinə qayıdan ərin həyat yoldaşı ilə mübahisəsi düşüb. Mübahisənin qızışması tərəfləri, xüsusən də Şöhrəti özündən çıxarıb.
Belə ki, sərxoş və qəzəbli ər həyat yoldaşını qonşuluqdakı kişiyə baxıb güldüyü səbəbilə döyməyə başlayıb. Nəticədə Şöhrət Qarayev həyat yoldaşı Vəliyeva Hilalxan Elçin qızına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Daha sonra zərərçəkən xəstəxanaya çatdırılıb. Lakin xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb. Baş nayihəsindən aldığı güclü zərbələr onun ölümünə gətirib çıxarıb.
İsmayıllı Rayon Polis Şöbəsindən bildirildi ki, faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, dünyasını dəyişən qadın 5 uşaq anası idi və ən kiçik övladı 3 həftə əvvəl dünyaya gəlib.